HACIBƏYLİ Ceyhun Əbdülhüseyn oğlu (3.2.1891, Şuşa – 22.10.1962, Paris; Sen-Klu qәbiristanlığında dәfn olunmuşdur) – ictimai-siyasi xadim, jurnalist, publisist, naşir, tәrcümәçi. Ü.Hacıbәylinin kiçik qardaşıdır. İbtidai tәhsilini Şuşada rus-tatar mәktәbindә, orta tәhsilini Bakıda realni mәktәbdә almışdır. “Leyli vә Mәcnun” operasının yaradılmasında yaxından iştirak etmiş, ilk tamaşada (12.1.1908) İbn Sәlam vә Nofәl rollarında çıxış etmişdir. Bir müddәt Ə.Hüseynzadәnin müdir olduğu “Sәadәt” mәktәbindә müәllim işlәmiş, “Proqress”, “Kaspi”, “İrşad”, “Tәrәqqi” vә s. qәzetlәr üçün mәqalә, felyeton vә hekayәlәr yazmışdır. Peterburq Un-tinin hüquq fakültәsinә (1908) daxil olmuş, bir il sonra Parisә gedәrәk Sorbonna Un-tindә tәhsil almışdır. Xaricdә oxuduğu müddәt әrzindә Parisdәn göndәrdiyi mәqalәlәr “Baku” vә “Kaspi” qәzetlәrindә dәrc olunmuşdur. H. “Leyli vә Mәcnun” operasının yaranması vә ilk tamaşası haqqında Fransa mәtbuatında çıxış etmiş, opera haqqında geniş mәlumat vermişdir. Tәhsilini başa vurduqdan sonra 1916 ildә Bakıya qayıdan H. jurnalistika ilә mәşğul olmuş, mәqalәlәrini “D.”, “Dj.”, “D-ni”, “C. Dağıstani”, “Ceyhun Dağıstani” imzaları ilә yazmışdır. O, rus dilindә çıxan “Bakı müsәlman ictimai tәşkilatları komitәsinin xәbәrlәri”, “Müsәlmanlıq”, “İttihad”, “İzvestiya” (“Kaspi”nin әlavәsi), Azәrb. Xalq Cümhuriyyәti dövründә hökumәtin rәsmi orqanı olan “Azәrbaycan” (Azәrb. dilindә) qәzetlәrinin redaktoru olmuşdur. Azәrb. Xalq Cümhuriyyәti nümayәndә heyәtinin tәrkibindә müşavir kimi Paris sülh konfransında (1919–20) iştirak etmişdir. Aprel işğalından (1920) sonra Fransada mühacirәtdә yaşamağa mәcbur olmuşdur. H.-nin fәaliyyәtinin Bakı dövrü (1905–19) daha çox mühәrrirlik, maarifçilik vә müәllimliklә bağlıdır. O, Azәrb.-da әdәbiyyat, mәdәniyyәt, maarifçilik vә xeyriyyәçilik tarixinә dair çoxsaylı mәqalәlәr yazmışdır. H. Bakıda müәllimlәrin 1-ci qurultayının keçirilmәsindә, Birinci dünya müharibәsi әrәfәsindә Bakıya gәlәn Qars qaçqınlarına yardım mәqsәdilә keçirilәn xeyriyyәçilik tәdbirlәrindә vә s. fәal iştirak etmişdir. H.-nin fәaliyyәtinin 2-ci dövrü (1919–62) Azәrb.-ın istiqlalı uğrunda ideoloji mübarizәyә hәsr olunmuşdur. O, Fransanın nüfuzlu “La Revue du monde musulman”, “La Revue de deux Mondes”, “Le Bulletindü Comite France-Orient”, “La Revue Con temporaine”, “Le Journal Asiatque”, “La Revue Politique et Parlamentarie”, “La Re vue des Jeunes”, “Le Fiqaro” vә s. mәtbu orqanlarında mәqalәlәr dәrc etdirәrәk Azәrb.-ın tarixi, әdәbiyyatı vә mәdәniyyәtinin tәbliği isti qamәtindә böyük işlәr görmüşdür. 1919 ildә H.-nin fransız dilindә “İlk müsәlman respublikası Azәrbaycan” kitabı nәşr olunmuşdur. Hәmin il “La Revue du monde musulman” jurnalında 1918 ildә Bakı, Şamaxı, Kürdәmir vә Xacmazda ermәni-daşnak dәstәlәrinin azәrb. әhaliyә qarşı törәtdiklәri kütlәvi qırğınlar haqqında mәqalә ilә çıxış etmişdir. “Ümumi yenidәnqurma problemindә Azәrbaycanın iqtisadi bәrpası” (1922–23) әsәrindә tәbii sәrvәtlәrdәn sәmәrәli istifadә etmәklә Azәrb.-ın müstәqil inkişafı ideyasını әsaslandırmışdır. 1925 ildә o, Ü.Hacıbәylinin “Arşın mal alan” musiqili komediyasını fransız dilinә tәrcümә edәrәk tamaşaya qoymuş, “Azәrbaycan teatrı” (1926) mәqalәsindә fransız oxucularını H.Cavid vә C.Cabbarlının yaradıcılığı ilә tanış etmişdir. “19 әsrin әvvәllәri Azәrbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov” (1928) vә s. mәqalәlәrindә Azәrb.-ın görkәmli xadimlәri, şairlәri, naşir vә jurnalistlәri haqqında mәlumat vermişdir. H.-nin “Qafqaz Azәrbaycanının Qarabağ dialekti” [1934 ildә “Qarabağ dialekti vә folkloru (Qafqaz Azәrbaycanı)” adı ilә kitab halında nәşr edilmişdir] elmi mәqalәsi Azәrb. dilçiliyi sahәsindә әhәmiyyәtli әsәrlәrdәn biridir. H. Azәrb. mәtbuatı tarixinә dair ilk tәdqiqat әsәrini (“1905–10 illәr Azәrbaycan mәtbuatı tarixi”, 1931) yazmış, A.Beniqsen vә Ş.Lemersye Kelköjenin “Rusiyada 1920 ilә qәdәr çıxan müsәlman mәtbuatının tarixi” (1964) kitabının Azәrb. mәtbuatına dair fәslinin hazırlanmasında iştirak etmişdir. Bu dövrdә qәlәmә aldığı “Müәzzinin lәnәti”, “Baş tutmayan ziyarәt”, “Stalinin öpüşü vә ya staxanovçu Fatimә”, “Nejdanovun işi” hekayәlәrindә, hәmçinin “Rus demokratları bolşeviklәrlә harada birlәşir”, “Söz vә әmәl”, “SSRİ-dә ziyalılar”, “Azәrbaycanda islam әleyhinә tәbliğat vә onun metodları” (1959, Münxen) vә s. әsәrlәrindә H. sovet rejimini vә kommunist ideologiyasını kәskin tәnqid etmişdir. H. Azәrbaycanlı Mühacirlәr Assosiasiyasının vә “Fransa-Qafqaz” komitәsinin (1919) işindә iştirak etmiş, 1926 ildә Parisdә fransız dilindә çıxan “Azәrbaycan” vә “Qafqaz” (Azәrb. bölmәsi üzrә) jurnallarının redaktoru olmuşdur. Münxendә fәaliyyәt göstәrәn SSRİ tarixini vә mәdәniyyәtini öyrәnәn İn-tun (1950–72) müxbir üzvü, Ə.Fәtәlibәyli (Düdәnginskinin) Münxendә yaratdığı Azәrbaycan Milli Birlik Mәclisinin (1943) idarә heyәtinin üzvü vә mәclisin orqanı olan “Azәrbaycan” (1952–54, Azәrb. vә rus dillәrindә) jurnalının redaktoru, “Azadlıq” radiosunun yaradıcılarından idi.










