HACIBƏYOV Zülfüqar Əbdülhüseyn oğlu (17.4.1884, Şuşa – 30.9. 1950, Bakı) – Azәrb. bәstәkarı. Azәrb. SSR әmәkdar incәsәnәt xadimi (1943). Ü.Hacıbәylinin böyük qardaşıdır. Ü.Hacıbәyli, M.Maqomayev, H.Sarabski vә H.Terequlovla birlikdә Azәrb. musiqi mәdәniyyәtinin inkişafı uğrunda fәal mübarizә aparmışdır. İlk Azәrb. operalarından olan “Aşıq Qәrib”dә (1915, tamaşası 1916, librettosu Z.H.-undur) muğamlara әsaslanmış, xalq musiqi folkloru ilә Avropa musiqisini әlaqәlәndirmәyә çalışmışdır. H. operanın tamaşaya qoyulmasında fәal iştirak etmiş, onun dirijoru olmuşdur. Öz librettoları әsasında bәstәlәdiyi “Əlli yaşında cavan” (1909; ilk tamaşası 1911 ildә Tiflisdә olmuşdur),“Varlı” (“On bir yaşında gәlin”, 1911), “Evliykәn subay” (1911) komediyalarının musiqisi sadәliyi, aydınlığı, elәcә dә dramaturgiyası ilә fәrqlәnir. H.-un arxivindәn indiyә qәdәr mәlum olmayan musiqili komediyanın әl yazması tapılmışdır (komediyanın bir neçә adı var: “Qayka”, “Klub”, “İşıq, ya zülmәt”, “Ruhani hәkim”; görünür, müәllif әsәrin son adını müәyyәnlәşdirmәmişdir). H. bir sıra mahnı (“Kәnd qızı”, “Çoban qızı”, “Əsgәr nәğmәsi” vә s.), simfonik ork., nәfәs alәtlәri vә xalq çalğı alәtlәri üçün әsәrlәr, kantata, marşlar yazmışdır. “Almaz” kinofilminә musiqinin (Niyazi ilә birgә), tamamlanmamış “Nüşabә” (Nizaminin “İsgәndәrnamә” poemasının motivlәri әsasında, librettosu A.Şaiqindir) vә “üç aşıq” (“Mәlik mәmmәd”) operalarının müәllifidir. 1933–37 illәrdә Azәrb. radio verilişlәri şәbәkәsinin musiqi bölmәsinin bәdii rәhbәri işlәmişdir. “Şәrәf nişanı” ordeni ilә tәltif olunmuşdur.
Əd.: C ә b r a y ı l b ә y l i C. Zülfüqar Hacıbәyov. B., 1985.











