HACIQABUL RAYONU (1939–59 illәrdә Qazımәmmәd r-nu) – Azәrb. Resp.-nda inz. r-n. 1939 ildә tәşkil olunmuş, 1959 ildә lәğv edilmiş vә 1990 ildә yenidәn bәrpa olunmuşdur. Şirvan düzündә, Kür çayının sol sahilindә yerlәşir. Sah. 1641 km2. Əh. 75,6 min (2019). R-n şm.-dan Ağsu, Şamaxı, Qobustan, şm vә şm.-ş.-dәn Abşeron, c.-dan Salyan, c. vә c.-q.-dәn Sabirabad, q.-dәn Kürdәmir r-nları, c.-dan Şirvan ş., ş.-dәn Bakının Qaradağ r-nu ilә hәmsәrhәddir. R-nda 1 şәhәr, 5 qәsәbә, 25 kәnd var. Mәrkәzi Hacıqabul ş.-dir.
Tәbiәt. R-n Böyük Hәrәmi silsilәsinin c.-ş.-hissәsindә, Kür-Araz ovalığında, Şirvan düzündәdir. Ərazinin ovalıq hissәsi dәniz sәviyyәsindәn aşağıda yerlәşir. Neogen, Antropogen çöküntülәri yayılmışdır. Palçıq vulkanları (Axtarma Paşalı, Ayrantökәn vә s.) var. Faydalı qazıntıları: neft, qaz, gil, gәc, әhәngdaşı. Yayı quraq keçәn mülayim isti yarımsәhra vә quru çöl iqlimi hakimdir. Orta temp-r yanvarda 2°C, iyulda 26°C-dir. İllik yağıntı 250–370 mm-dir. Ərazidәn Kür vә Pirsaat çayları axır. Hacıqabul gölünün böyük hissәsi r-n әrazisindәdir.

Əhali. Orta sıxlıq 1 km2-dә 46,1 nәfәrdir. Əhalinin 65,8%-i kәndlәrdә yaşayır. Hacıqabul ş., Muğan qәs., Navahı, Abdulabad, Qubalıbalaoğlan, Qarasu k.-lәri әn iri yaşayış mәntәqәlәridir.


Güngörmәz qalası. Udulu kәndi.

Pir Hüseyn xanәgahı. Qubalıbalaoğlan kәndi.
Tәsәrrüfat. H.r.-nu Aran iqtisadicoğrafi r-nuna daxildir, Bakı–Tbilisi d.y. xәtti vә Böyük İpәk Yolunun üzәrindә yerlәşir. ÜDM-in hәcmi 132,8 min manatdır, onun 46,6%-i k.t., 20,1 %-i tikinti, 27,3%-i ticarәt vә xidmәt, 4,6%-i sәnaye, 1,2%-i nәql., 0,2%-i rabitә sahәlәrindә yaranır. Sәnaye sahәsindә istehsal olunan mәhsulun (işlәrin vә xidmәtlәrin) ümumi dәyәri 6146,6 min manat tәşkil edir. Əsasәn, tәbii qaz, elektrik enerjisi, buxar tәchizatı, keramika, tikinti materialları, plastik qapıpәncәrә, hәmçinin un mәmulatları, meyvә şirәsi vә içmәli su istehsalı sahәlәri inkişaf etmişdir. Rayon әrazisindә 11 ticarәt, 2 quşçuluq, 5 tikinti müәssisәsi fәaliyyәt göstәrir (2017). Heyvandarlıq, taxılçılıq, tәrәvәzçilik, bostançılıq, meyvәçilik vә üzümçülük, pambıqçılıq inkişaf etmişdir. K.t.-na yararlı torpaqların ümumi sahәsi 21527 ha, o cümlәdәn dәnli-paxlalı bitkilәr – 14409 ha, pambıq – 1203,9 ha, bostan bitkilәri – 828 ha, qarğıdalı – 607 ha, şәkәr çuğunduru – 556 ha, soya bitkilәri – 156 ha, kartof – 42 ha sahәdә becәrilir (2017). Əkilәn torpaqların orta mәhsuldarlıq göstәricilәri (hәr ha-dan, 2017): taxıl – 50329 t, tәrәvәz – 7295 t, bostan bitkilәri – 1440 t, kartof – 461 t, meyvә vә gilәmeyvә – 2185 t. Heyvandarlıqda (min baş, 2017) qaramalın ümumi sayı 38,6, davar – 136,4, ev quşları – 3,4. Rayon üzrә 5360 t әt, 17253 t süd, 350497 әdәd yumurta, 456 t yun istehsal edilmişdir (2017).

Şәkәr çuğunduru plantasiyası.
Mәdәni quruculuq vә sәhiyyә. R-nda 4 mәktәbәqәdәr tәhsil müәssisәsi (265 uşaq), 33 ümumtәhsil mәktәbi (11415 şagird), uşaq-gәnclәr şahmat idman mәktәbi, uşaq-gәnclәr inkişaf mәrkәzi (ümumilikdә 632 şagird), uşaq musiqi mәktәbi (179 şagird) fәaliyyәt göstәrir (2018/19). Mәrkәzlәşdirilmiş kitabxana sisteminә 5 şәhәr, 4 qәsәbә vә 14 kәnd kitabxana filialı daxildir. Heydәr Əliyev mәrkәzi, tarix-diyarşünaslıq muzeyi, mәdәniyyәt mәrkәzi, 9 klub vә 6 mәdәniyyәt evi var. Rayonda bir çox tarixi-arxeoloji vә memarlıq abidәlәri, o cümlәdәn qәdim dövrә aid siklopik tikili qalıqları, erkәn orta әsrlәrә aid yaşayış mәskәnlәri vә qәbiristanlıqlar, Udulu k.-ndә Güngörmәz qalası, Uçuq vә Sınıq pirlәr, kurqan qәbirlәri, Qubalıbalaoğlan k. yaxınlığında Pir Hüseyn xanәgahı tarixi memarlıq kompleksi (11–15 әsrlәr), H. gölünün ş. sahilindә karvansara (15 әsr), H. şәhәri әrazisindә ovdanlar (19–20 әsrlәr) var. R-nda 106 çarpayılıq 2 xәstәxana, 10 kәnd hәkim mәntәqәsi, 12 kәnd tibb mәntәqәsi, gigiyena vә epidemiologiya mәrkәzi, 54 hәkim (o cümlәdәn 7 stomatoloq), 176 orta tibb işçisi (o cümlәdәn 27 mama) var (2017).










