HACILAR – Türkiyәnin Burdur ilindә, Burdur gölü yaxınlığında dağlıq vadidә (dәniz sәviyyәsindәn tәqr. 945 m yüksәklikdә) tәll. 1957–60 illәrdә C.Mellart, 1985–86 illәrdә şurf üsulu ilә R.Duru tәrәfindәn tәdqiq olunmuşdur. Qәrbi Anadolunun Neolit vә Eneolit dövrlәrini öyrәnmәk baxımından nümunәvi abidәdir. Şimali Mesopotamiyanın (Xәlәf mәdәniyyәti vә s.) vә Cәnub-Şәrqi Avropanın (Nea-Nikomediya, Sesklo, Karanovo I vә s.) erkәn әkinçi mәdәniyyәtlәri ilә sinxronlaşdırılır. Keramikayaqәdәrki mәrhәlәdәn keramikalı Neolitә keçid dövrünә aid tәbәqәlәrdә (radiokarbon analizlәrinin nәticәlәrinә әsasәn e.ә. 9-cu minilliyin sonu – e.ә. 8-ci minilliyin birinci yarısına aid edilir) döşәmәsi vә divarları suvanmış, bәzәn oxra ilә rәnglәnmiş düzbucaqlı planlı möhrә evlәr tәdqiq olunmuşdur. H.-ın 9–6-cı tәbәqәlәri Son Neolit dövrünә (e.ә. 8-ci minilliyin sonu – e.ә. 7-ci min illik) aiddir. H.-ın 6-cı tәbәqәsindә yanğın izlәri müşahidә olunmuşdur; daş bünövrә üzәrindә tikilmiş, ehtimal ki, ikinci mәrtәbәsi taxtadan olan, hәyәtin iki tәrәfindәn bir-birinә bitişik, divarları (qalınlığı tәqr. 1 m) vә döşәmәsi әhәnglә suvanmış düzbucaqlı planlı 9 möhrә ev aşkar edilmişdir; düz bucaqlı hündür ocaqlara, sobalara, skam yalara, taxçalara rast gәlinmişdir. Tәsәrrüfat tikililәrindәn sobalar, ocaqlar, dәnәzәnlәr, gillә suvanmış saxlanc quyuları aşkar olunmuşdur. H.-ın 9–8-ci tәbәqәlәrindә keramika, әsasәn, şüyrәlәnmiş, açıqboz rәngli, 7–6-cı tәbәqәlәrinin keramikası isә qırmızı, tünd-sarı vә qәhvәyi rәnglidir. Üzәrindә qabarıq öküz, ayı başı tәsvirlәri olan heyvan vә insan başı formalı qablar, nadir hallarda naxışlı qablar var. Keramik iylәr, hünd. 7–24 sm olan, qucağında bәzәn “bәbir” balası, yaxud uşaq tutan, әsasәn, qadın heykәlciklәri (nadir hallarda daşdan) tapılmışdır. Müxtәlif növ daşlardan düzәldilmiş tiyәlәr, әrsinlәr, ucluqlar, cilalanmış baltalar, kәrkilәr, asmalar, muncuqlar, fişkalar vә s. aşkarlanmışdır. Bıçaqların, oraqların sapı sümükdәn, yaxud buynuzdan düzәldilmişdir. H.-ın 7–6-cı tәbәqәlәrindәn tapılmış keramika üzәrindә mis izlәri qeydә alınmışdır. Tәsәrrüfatın әsasını әkinçilik [emmer (cütdәnli buğda), tәkdәnli buğda, arpa, noxud, mәrci vә s.], ovçuluq (qırmızı maral, cüyür, zubr, vәhşi qoyun, keçi, bәbir), balıqçılıq tәşkil etmişdir; itlәr, ehtimal ki, qaramal әhlilәşdirilmişdir. H. 1–6-cı tәbәqәlәrindә mәrmәrdәn düzәldilmiş cilalı qablar, 6–4-cü tәbәqәlәrinin hәyәt sәviyyәsindәn aşağı hissәsindә bükülü vәziyyәtdә dәfn edilmiş skeletlәr tapılmışdır. H.-ın 5–2-ci tәbәqәlәri erkәn Eneolit dövrünә (e.ә. 7-ci minilliyin sonu – e.ә. 6-cı minilliyin әvvәllәri) aiddir. Divarla möhkәmlәndirilmiş, hәyәt әtrafında yerlәşәn evlәrdәn ibarәt H.-ın 2-ci tәbәqәsi yanğın nәticәsindә mәhv olmuşdur. II A mәrhәlәsinә aid “mәbәd”, döşәmәnin altında bükülü vәziyyәtdә dәfn olunmuş 5 skelet (o cümlәdәn 2 qoşa qәbir: qadın vә uşaq), hәyәtdә quyu aşkar edilmişdir. Bu mәrhәlәyә aid keramika nümunәsi müxtәlifliyi ilә seçilir: әsasәn, üzәri qırmızı rәngdә hәndәsi, әyri xәtli vә s. ornamentlәrlә bәzәdilmiş açıq-sarı rәngli keramika üstünlük tәşkil edir. H.-ın 2-ci tәbәqәsinin heykәlciklәri daha iri, nisbәtәn az naturalistik tәk qadın heykәlciklәri ilә tәmsil olunur. Möhür-damğaların üzәrindә hәndәsi tәsvirlәr var. Tәsәrrüfat әnәnәlәri saxlanılmışdır. H.- ın 2–1-ci tәbәqәlәrindә mis muncuqlar, sancaqlar vә s. tapılmışdır. H.-ın 1-ci tәbәqәsi (e.ә. 6-ci minilliyin birinci yarısı) ehtimal ki, yeni әhali ilә bağlıdır; mәskәn divarla әhatәlәnmişdir; köhnә tәpә hәyәtә çevrilmişdir, әtrafında hәyәtlәrlә ayrılan möhrә tikili komplekslәri yerlәşir. Keramikaların forma vә ornamentlәrindә dәyişikliklәr baş vermiş, ağ fon üzәrindә qırmızı rәngli naxışlar üstünlük tәşkil etmişdir. Bu mәrhәlәyә aid iri, sxematik heykәlciklәr oyma ornamentlә bәzәdilmişdir; bәzilәri zoomorfdur.

Hacılar tәlli. Arxeoloji qazıntılar sahәsi.










