HACINSKİ Mehdi bәy Süleyman oğlu (24.5.1879, Quba – 18.7.1941, Bakı) – Azәrb.-ın maarif, teatr vә ictimai-siyasi xadimi, aktyor, publisist. 1906 ildәn "Nicat" mәdәni-maarif cәmiyyәtinin teatr bölmәsinә rәhbәrlik etmiş, 1914 ildә "Sәfa" cәmiyyәti teatr bölmәsinin sәdr müavini seçilmişdi. H. "Tәrcüman", "Kaspi", "Hәyat", "İqbal", "İrşad" vә s. qәzetlәrdә, "Molla Nәsrәddin", "Zәnbur" jurnallarında "Ürfüzadә", "Dәmdәmәki", "Avara", "Estet" vә s. imzalarla Azәrb. teatrına, aktyor sәnәtinә dair mәqalәlәr, oçerk, hekayә vә felyetonlar dәrc etdirmişdir. 1906–07 illәr dә bir müddәt "Hümmәt" tәşkilatının orqanı "Tәkamül" qәzetinin naşiri olmuşdur. 1906 ildәn aktyor kimi dә fәaliyyәt göstәrmiş, Bakı teatrlarında müxtәlif xarakterli obrazlar – Karl Moor (“Qaçaqlar”, F.Şiller), Nadir şah (“Nadir şah”, N.Nәrimanov) vә s. yaratmışdır. "Sultan Əbdülәzizin xәli" dramının müәllifidir. Bir sıra pyesi ("Əl mәnsur", H.Heyne; "Qaçaqlar", F.Şiller; "Nadan ovlad", D.İ.Fonvizin vә s.) Azәrb. dilinә tәrcümә etmişdir. Azәrb. xalq yaradıcılığı nümunәlәrinin toplanıb Azәrb. vә rus dillәrindә nәşr edilmәsindә xidmәti olmuşdur. M.Ə.Sabirlә yaxın dost olmuş, onun ölümündәn sonra әsәrlәrinin nәşrindә fәal iştirak etmişdir. H. “Müsavat” partiyasının üzvü olmuş, partiyanın Bakı bürosunun tәrkibinә seçilmiş (1917), Zaqafqaziya seyminin, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan (1918, 26 may) sonra Azәrbaycan Milli Şurasının (1918, 27 may) üzvü olmuşdur. O, Milli Şuranın Azәrb.-ın İstiqlal bәyannamәsini qәbul edәn 26 üzvündәn biri idi. Milli Şuradan Azәrb. Xalq Cümhuriyyәti parlamentinә daxil edilmiş, rәyasәt heyәtinin katibi (1918–20) olmuşdur. Sovet hakimiyyәti illәrindә Tiflisdә çıxan "Yeni fikir", "Yeni kәnd" qәzetlәri, "Dan ulduzu" jurnalı ilә әmәkdaşlıq etmişdir. Azәrb. Xalq Tәsәrrüfatı Şurası Baş idarәsi rәisinin Gürcüstanda müavini işlәmişdir. Azәrb.-ın dövlәt qulluqçuları üçün türk dili kurslarına rәhbәrlik etmişdir.
Əd.: M ә m m ә d l i Q. Mehdibәy Hacınski. "Jurnalist" jurnalı, 1969, "№1; Unudulmaz sәhnә ustaları. B., 1981.











