HACIYEV Ehram Arif oğlu (d. 3.4.1963, Qax r-nu) – Azәrb.-ın hәrbi xadimi, gen.-m. (2005). Bakı Ali Ümumqoşun Komandirlәri Mәktәbini bitirmişdir (1985). Zaqafqaziya vә Türküstan Hәrbi dairәlәrindә leytenant, baş leytenant, kapitan, mayor rütbәlәrindә hәqiqi hәrbi xidmәtdә olmuşdur (1985–92). Azәrb. Resp. Dövlәt Sәrhәdinin Mühafizәsi Komitәsinin Göytәpә sәrhәd dәstәsindә qәrargah rәisinin müavini (1992–94), Milli Tәhlükәsizlik Nazirliyinin Sәrhәd Qoşunlarında mәntәqә rәisi, hәrbi hissә komandiri, şöbә rәisi (1994–2003), Dövlәt Sәrhәd Xidmәti (DSX) aparatında idarә rәisinin müavini, idarә rәisi vә Baş qәrargah rәisinin birinci müavini (2003–17) olmuşdur. 2017 ildәn DSX Çevik Hәrәkәt Qüvvәlәrinin komandanıdır. 2 Qırmızı Ulduz ordeni (1988; 1989), Azәrb. Resp.-nın 3-cü dәrәcәli “Vәtәnә xidmәtә görә” (2008), “Azәrbaycan Bayrağı” (2010) ordenlәri ilә tәltif olunmuşdur.











