HADİQAİB – Azәrb. Resp. Şәrur r-nu (Nax. MR) әrazisindә, Axura çayının sol sahilindә hündür dağlarla әhatәlәnmiş dәrәdә orta әsrlәrә (10–18 әsrlәr) aid yaşayış yeri. Sah. 150×60 m-dir. Əksәriyyәti dördbucaqlı planda olan evlәrin qalıqları (hünd. 50–80 sm) dövrümüzәdәk saxlanılmışdır. Yaşayış yerindәn orta әsrlәr üçün sәciyyәvi olan bir neçә tәndir qalığı, bәzilәri isә dulus çarxında sәliqә ilә hazırlanmış saxsı mәmulatı (küp, qazan, küpә vә s.) aşkar olunmuşdur. Qabların bәzilәri (kasa vә boşqab tipli qablar) ağ anqob üzәrindәn yaşıl, digәrlәri mavi, hәmçinin göyümtül rәngli şirlә örtülmüşdür.










