HAİTİ (Haïti) , H a i t i R e s p u b l i k a s ı (République d’Haïti).
Ümumi mәlumat Vest-Hinddә dövlәt. Haiti a.-nın q. hissәsindә vә yaxınlıqdakı Qonav, Tortü, Vaş vә s. adalarda yerlәşir. Şm.-da Atlantika okeanı, c.-da Karib dәnizi ilә әhatәlәnir; şm.-q.-dә Külәktutan boğaz vasitәsilә Kuba a.-ndan ayrılır; ş.-dә Dominikan Resp. İlә hәmsәrhәddir. Sah. 27,7 min km2. Əh. 10 mln. (2015). Paytaxtı Port-o-Prens ş.-dir. Rәsmi dil fransız vә Haiti (kreol) dillәri, pul vahidi qurddur. İnzibati cәhәtdәn 10 dep-tә bölünür. H. BMT-nin (1945), ADT-nin (1948), BVF-nin (1953), BYİB-in (1953), ÜTT-nin (1996), KARİKOM-un (2002) üzvüdür.

Dövlәt quruluşu H. unitar dövlәtdir. Konstitusiyası 29.3.1987 ildәn fәaliyyәt göstәrir (8.8.1996 il referendumunda dәyişikliklәr edilmişdir). İdarәetmә forması qarışıq respublikadır. Dövlәt başçısı birbaşa gizli sәsvermә yolu ilә 5 il müddәtinә seçilәn (әn azı 5 ildәn sonra bir dәfә yenidәn seçilmә hüququ ilә) prezidentdir. Ali qanunverici orqan ikipalatalı parlamentdir (Milli assambleya). Deputatlar palatası 4 il müddәtinә seçilir. Ölkәnin hәr dep-tindәn 3 deputatla tәmsil olunan Senat 6 il müddәtinә seçilir vә hәr iki ildәn bir 1/3-i qәdәr yenilәnir. İcraedici hakimiyyәti prezidentin başçılıq etdiyi nazirlәr kabineti hәyata keçirir. Prezident parlament seçkilәrindә qalib gәlmiş partiyanın liderini parlamentin razılığı ilә baş nazir tәyin edir. H.-dә çoxpartiyalı sistem mövcuddur. Əsas partiyalar: Haiti Xristian-Demokrat Partiyası, Haiti Sosial-Xristian Partiyası.

Tәbiәt
Relyef. H.-nin әrazisi Haiti a.-nın әn çox parçalanmış, Qonav körfәzi ilә ayrılan iki böyük yarımadadan ibarәt q. hissәsini vә yaxınlıqda yerlәşәn Qonav, Tortü, Vaş vә s. adaları tutur. Sahillәri kәskin parçalanmış, qayalı, bәzi yerlәrdә mәrcan riflәri ilә haşiyәlәnmişdir. Relyefi, әsasәn, dağlıqdır. Ölkәnin şm.-ında Şimal, mәrkәzi hissәsindә Montan-Nuar vә Mato, c. hissәsindә Ot vә La-Sel (La-Sel zirvәsi H.-nin әn yüksәk nöqtәsidir – 2674 m) silsilәlәri yerlәşir. Silsilәlәr dağarası dәrәlәr vә çökәkliklәrlә ayrılır. Geoloji quruluş vә faydalı qazıntıları haqqında bax Haiti (ada) mәqalәsinә.
İqlimi tropik, passatdır. Orta temp-r yanvarda 23–25°C, iyulda 25–29°C, illik yağıntı külәktutmayan yamaclarda 500–800 mm, külәktutan yamacların dağarası çökәkliklәrindә 2000 mm-әdәkdir. Maks.yağıntı may vә avqust – oktyabr aylarında düşür. Payızda tez-tez qasırğalar olur.
Daxili sular. Yağışlar mövsümündә dağların yamaclarından çoxsaylı xırda çaylar axır. Ən iri çayları Artibonit (H.-dә gәmiçiliyә yararlı yeganә çay) vә onun qolu Quayamukdur. H.-nin әn iri (113 km2) gölü Kül-de-Sak çökәkliyindәki Somatr gölüdür. Ölkәnin illik daxili su ehtiyatı 14 km3-dir. Tәsәrrüfatda su ehtiyatının 8%-indәn istifadә olunur (bunun 94%-i k.t.-nın, 5%-i kommunal-mәişәt tәsәrrüfatının, 1%-i sәnaye müәssisәlәrinin tәlәbatına sәrf olunur). Adambaşına illik su tәminatı 1670 m3-dir.
Torpaqlar, bitki örtüyü vә heyvanlar alәmi. Torpaq örtüyündә dәmirli torpaqlar üstünlük tәşkil edir; külәktutan yamaclarda dağ qırmızı ferrallitli torpaqlar yayılmışdır. Tәbii bitki örtüyündә ölkә әrazisinin böyük hissәsini hәmişәyaşıl vә yarpağınıtökәn tropik meşәlәr tuturdu; onlar, demәk olar ki, tamamilә qırılmış vә H. әrazisinin tәqr. 3%-ini tәşkil edir. Əsasәn, ölkәnin c. hissәsindә, dağların külәk tutan yamaclarında qiymәtli ağac cinslәrindәn (kampeş ağacı, maxaqonı, kral palması vә s.) ibarәt hәmişә yaşıl meşә sahәlәri, yamacların yuxarı hissәlәrindә şamağacı meşәlәri qalmışdır. H.-dә meşәsizlәşmә tempi Latın Amerikası ölkәlәri arasinda әn yüksәkdir; hәr il ölkәnin meşә örtüyü 5,7% azalır. Meşәlәrin qırılması dağ yamaclarında eroziya proseslәrinin fәallaşmasına vә torpaq örtüyünün genişmiqyaslı deqradasiyasına sәbәb olmuşdur. Dağarası dәrәlәrdә otlaq kimi istifadә edilәn akasiya vә palma qrupları ilә birlikdә taxılotulu savannalar sahәsinә, tikanlı kolluq cәngәlliklәrinә rast gәlinir. Mәmәlilәr faunası, әsasәn, yarasalardan vә gәmiricilәrdәn ibarәtdir; müxtәlif amfibiyalar vә sürünәnlәr (kaymanlar, iquanlar), çoxlu quş, o cümlәdәn endemik quşlar (qırmızıquyruq sar, çәhrayıqarın troqon, zümrüdü kolibr) yaşayır. H.-dә ümumi sah. 7,45 min ha olan 8 tәbii әrazi, o cümlәdәn La-Vizit vә Makaya milli parkları mühafizә edilir.
Əhali Əhalinin 95%-i müstәmlәkә dövründә Qәrbi Afrikadan gәtirilәn zәncilәrin nәsillәridir. Mulatlar vә Fransa, Almaniya, Polşa, İspaniya, elәcә dә İtaliyadan gәlmәlәrin nәsillәri 5% tәşkil edir. Avropalıların çoxu İspaniya mәnşәli ağdәrililәrdir, bunların әksәriyyәti Kuba vә Dominikan Respublikasından gәlmәlәrdir. Dindarların 80% formal olaraq xristian hesab edilsә dә, әhali arasında vudu kultu geniş yayılmışdır. Əhalinin illik artımı 2,5%-dir (2008). Ölüm sәviyyәsi 1000 nәfәrә 10,4 nәfәr, doğum sәviyyәsi 35,9 nәfәrdir. Əhalinin tәrkibindә 15 yaşadәk uşaqlar 42,1%, әmәk qabiliyyәtli (15–65 yaşında) insanlar 54,4%, 65 yaşdan yuxarı olanlar 3,5%-dir.
Tarixi oçerk Haitinin mәskunlaşması e.ә. 6–5-ci minilliklәrә aiddir. Mordan-Barrera zonasında iri heyvanları ovlayan ovçular yaşayırdılar. Mordan insan düşәrgәsinin (tәqr. e.ә. 2600) alәtlәri ibtidai çaxmaqdaşı lövhәlәrlә, Kasimira (tәqr. e.ә. 3000) isә çopperlәrlә tәmsil olunur. Kabare (tәqr. e.ә. 2250), Kuri (tәqr. e.ә. 500) vә s. sahilyanı düşәrgәlәrdә balıqqulağı yığınları, çaxmaq daşıdan bıçaqvarı lövhәlәr, sürtgәclәr vә s. aşkar edilmişdir. Böyük Antilarındakı әkinçilik mәdәniyyәtlәrini tәqr. eramızın 100 ilindә kanoelәr vasitәsilә Kiçik Antil a-rından keçәrәk Orinoko deltasından Puerto-Rikoya vә 6 әsrdә H.-yә gәlәn taino aravaklarla bağlayırlar. Onların yaşayış mәskәnlәri mәrkәzdә meydanı olan dairәvi formalı idi. H.-dә erkәn әkinçilik mәdәniyyәtlәrinin çiçәklәnmәsi Taino mәrhәlәsinә (9 әsrdәn avropalıların işğalınadәk) aiddir. H.-dә sәciyyәvi keramika üslublarından biri zoomorf tәsvirlәrdәn ibarәt relyefli dekoru olan Meya üslubudur. Mәrhәlәnin sonuna aid tapıntılar arasında fәrqlәndirmә nişanı kimi qulağa taxılan, yaxud sinәdәn asılan qızıldan vә ya quani әrintisindәn (18 hissә qızıl, 6 hissә gümüş vә 8 hissә mis) hazırlanan yerli döymә, yaxud gәtirilmә tökmә aypara formasında lövhәlәr (karakoli, kullukuli) var. Əfsanәvi başçı Kaonabonun yaşadığı San-Xuan-de-la-Maquana r-nunda ortasında dikinә daş blok qoyulmuş daşla döşәnmiş meydança tәdqiq edilmişdir. Tәyinatı mәlum olmayan özünәmәxsus üçguşәli daş fiqurlar yalnız H.-dә mәlumdur.
Müstәmlәkә dövrü. H. adası X. Kolumb tәrәfindәn 1492 il dekabrın 6-da kәşf edilmiş vә Espanyola adlandırılmışdır (dekabrın 24-dә burada La-Navidad adı ilә ispanların Yeni Dünyada ilk mәskәni salınmışdır). Yerli aravak vә karib tayfaları (müxtәlif mәlumatlara görә, 100 mindәn 1 mln. nәfәrәdәk) arasındakı düşmәnçilik onların konkistadorlar tәrәfindәn tabe edilmәsini asanlaşdırdı. 1530-cu illәrәdәk Espanyola faktiki olaraq Yeni Dünyadakı ispan mülklәrinin mәrkәzi idi. Adada şәkәr qamışı plantasiyaları salınmış, qızıl hasil olunurdu. Plantasiyalarda vә mәdәnlәrdә ispanlar tәrәfindәn qullara çevrilmiş hindilәrin әmәyindәn istifadә olunurdu. Sonralar enkomyenda sistemi tәtbiq olundu. Konkistan, epidemiyalar vә amansız istismar nәticәsindә yerli әhalinin sayının kәskin azalması ispanları artıq 16 әsrdә Espanyola ya Afrikadan qaradәrili qullar gәtirmәyә vadar etdi. 17 әsrdә Espanyola İngiltәrә vә Fransanın iddia obyekti oldu. Risvik müqavilәsinә (1697) görә, ispanlar adanın q. hissәsini [San-Dominqo (Sen-Domenq)] fransızlara güzәştә getdi, ş. hissәsi isә Santo-Dominqo adı ilә İspaniyanın hakimiyyәtindә qaldı. 18 әsrin ortalarında fransız müstәmlәkәsi әn iri şәkәr qamışı vә qәhvә, sonra isә hәm dә pambıq istehsalçılarından birinә çevrildi. San-Dominqoda plantasiya tәsәrrüfatını inkişaf etdirmәk mәqsәdilә buraya böyük partiyalarla qullar gәtirilirdi. Zәncilәr vә mulatlar 18 әsrin sonlarında müstәmlәkә әhalisinin 90 %-ini tәşkil edirdilәr. Ağ plantatorlar-quldarlar, iri ticarәt burjuaziyası, yüksәk rütbәli mәmurlar, zabitlәr San-Dominqo cәmiyyәtindә hakim mövqe tuturdular. Ağ әhalinin böyük hissәsini xırda burjuaziya tәşkil edirdi. Mulatlar vә zәncilәr faktiki siyasi hüquqlardan mәhrum olsalar da, bәzi mulatlar plantasiya sahiblәri vә quldarlar idilәr. Vәziyyәti xüsusilә ağır olan zәnci qullar 17–18 әsrlәrdә dәfәlәrlә üsyan qaldırdılar. Böyük Fransa inqilabının (18 әsr) tәsirilә San-Dominqoda azadlıq hәrәkatı vüsәt aldı. 1790 il martın 3-dә Fransa Resp.-nın Müәssislәr mәclisi San-Domin qoda müstәmlәkә әyalәt yüğıncağlarının yaradılması haqqında dekret verdi. Fransa San-Dominqonun özünüidarә hüququnu tanıdı. Lakin nәmulatlar, nәdәki illah zәncilәr müstәmlәkә hakimiyyәti orqanlarına buraxılmadılar. Hakimiyyәti cәmiyyәt hәyatının bütün sahәlәrinә nәzarәt edәn 4 min “böyük ağdәrili” öz әlindә cәmlәşdirmişdi. 1790 ilin oktyabrında San-Dominqonun şm.-ında V.Oje vә J.P.Şavannın başçılığı ilә mulatların üsyanı baş verdi. Üsyançıların kiçik dәstәsi darmadağın edildi, başçıları isә edam olundu. Fransa hökumәtinin 1791 il mayın 15-dә qәbul etdiyi yeni qәrarına görә, valideynlәri azad vә mülkiyyәt sahibi olan “rәngli” sakinlәr bütün seçkili orqanlara seçilә bilәrdilәr, lakin bu qәrarda kağız üzәrindә qaldı. 1791 ilin ikinci yarısından azadlıq mübarizәsindә aparıcı rol zәncilәrә keçdi. 1791 ilin avqustunda F.D.Tussen-Luvertürun [bax Haiti qullarının inqilabı (1791–1803)] rәhbәrliyi ilә baş vermiş üsyan istiqlaliyyәt uğrunda müharibәyә çevrildi. 1793 ildә birinci antifransa koalisiyasına qarşı başlanan müharibә gedişindә Britaniya qoşunları San-Dominqoya soxuldular. Fransanın Avropada vә Tussen-Luvertür qoşunlarının adada B.Britaniya vә İspaniyaya qarşı uğurlu әmәliyyatları sonuncunu 1795 ildә adanın ş. hissәsinin Fransaya keçmәsi haqqında Bazel müqavilәsini imzalamağa mәcbur etdi. 1798 ildә Britaniya qoşunları qovuldu vә adanın böyük hissәsi, 1800 ildәn isә bütün ada üsyançı ordunun nәzarәtinә keçdi. 1801 ildә adada kölәlik lәğv olundu, konstitutsiyanı qәbul edәn vә Tussen-Luvertüru ömürlük hakim elan edәn assambleya çağırıldı. 1801 ilin dekabrında Napoleon Bonapart adaya ekspedisiya korpusu göndәrdi, Tussen-Luvertür әsir alınaraq Fransaya göndәrildi vә az sonra orada öldü. İstiqlaliyyәt uğrunda mübarizәyә zәncigen. J.J. Dessalin başçılıq etmişdi. 1803 ilin noyabrında fransız ordusunun qalıqları San-Dominqodan sıxışdırılıb çıxarıldı. 1804 il yanvarın 1-dә Dessalin adanın İstiqlal bәyannamәsini elan edәrәk onun әvvәlki hindi adını (Haiti) bәrpa etdi.
Haiti 19 әsr – 20 әsrin birinci yarısında. 1804 ilin oktyabrında J.J.Dessalin özünü imperator (I Jak adı ilә taxta çıxmışdı) vә kölәliyin lәğvini tәsdiq, ağların isә H. әrazisindә daşınmaz әmlaka sahib olmasa yol vermәyәn konstitusiyanı elan etdi. Dessalinin qurduğu rejim mulatların kәskin narazılığına sәbәb oldu. Dessalin 1806 ildә keçmiş silahdaşları A.Kristof vә A.Petion tәrәfindәn hazırlanmış sui-qәsd nәticәsindә öldürüldü. 1807 ildә Kristofun başçılığı ilә zәnci Haiti dövlәti (adanın şm. hissәsindә) vә Petionun başçılığı ilә mulat Haiti respublikası yaradıldı. 1808 ildә İspaniya adanın ş. hissәsi üzәrindә nәzarәtini bәrpa etdi. Haiti dövlәtindә Kristof әvvәlcә ömürlük prezident oldu, 1811 ildә isә özünü kral elan etdi. Haiti respublikasında Petion iqtisdiyyatın inkişafını şәrtlәndirәn bir sıra tәdbirlәr (dövlәt vergisinin lәğvi, torpaq mülklәrinin qeydiyyata alınması, kәndlilәrә dövlәt torpaqlarının bir hissәsinin paylanması vә s.) hәyata keçirdi. 1818 ildә Haiti respublikasının başçısı olan gen. J.P.Buaye H.-nin vahidliyini bәrpa etdi: 1820 ildә Kristofun intiharından sonra Haiti dövlәtini, 1822 ildә isә, bundan bir il әvvәl özünü müstәqil Santo-Dominqo respublikası elan etmiş adanın ş. hissәsini birlәşdirdi. 1825 ildә Fransa fransız plantatorlarının müsadirә edilmiş torpaqların müqabilindә iri mәblәğdә pul alaraq H.-nin müstәqilliyini tanıdı. Buaye torpaq sahibliyi sistemindә köklü islahat keçirmәyә, dövlәt torpaqları vә xırda torpaq sahibliyi hesabına latifun diyaların daha da irilәşdirmәyә cәhd göstәrdi. Torpaqların müsadirәsi H. әhalisinin ümumi üsyanına gәtirib çıxardı, nәticәdә 1843 ildә Buaye devrildi. Daxili hәrc-mәrclik şәraitindә 1844 ildә sabiq Santo-Dominqo H.-dәn ayrıldı vә müstәqil Dominikan Respublikası oldu. 19 әsrin ikinci yarısı – 20 әsrin әvvәllәrindә H.-dә daxili siyasi vәziyyәt qeyrisabit idi. Hәmin illәrdә tәqr. 20 prezident dәyişdi. Hakimiyyәt uğrunda mulatlar vә zәncilәr arasında mübarizә, habelә H.-dә öz nüfuzunu möhkәmlәndirmәk uğrunda xarici dövlәtlәr arasında güclәnәn rәqabәt gedişindә sui-qәsdlәr vә hәrbi çevirilişlәr baş verdi. 19 әsrdә amerikan kapitalının H.-yә ekspansiyası başladı. 1890 ildә H.-nin bütün idxalının 65 %-i ABŞ-ın payına düşürdü. 1905 ildә ABŞ d.y. tikintisi üçün konsessiya aldı. 1910 ildә ABŞ bankları H.-nin Milli Bankının payçıları oldular. Amerika hәrbi gәmilәri “nizam-intizamın qorunması” vә “xarici vәtәndaşların mәnafeyinin müdafiәsi” bәhanәsilә dәfәlәrlә adanın buxtalarına daxil oldular. 1915 ilin iyulunda ABŞ H.-nin istiqlaliyyәtini tәmin etmәk vә “hәr hansı qeyrikontinental dövlәtin müdaxilәsinin” qarşısını almaq bәhanәsilә ölkәni işğal etdi. 1915 ilin sentyabrında H.-nin maliyyәsinә nәzarәtin ABŞ-a keçmәsi haqqında bağlanmış müqavilә ölkәni Amerikanın protektoratına çevirdi. 1918 ildә ABŞ H. hökumәtinin xaricilәrin H.-dә torpaq mülkiyyәtinә sahib olması qadağalarına dair qanunları lәğv etmәsinә nail oldu. H. ordusu da buraxıldı. 1918 ildә Ş.Peraltın rәhbәrliyi ilә vәtәnpәrvәrlәrin üsyanı baş verdi. 1919 ildә Peralt amerikan dәniz piyadaları tәrәfindәn güllәlәndi. H.-nin ABŞ qoşunları tәrәfindәn işğalı 1934 ilәdәk davam etdi. 1941 ilә qәdәr H.-dә ABŞ-ın borcunun ödәnilmәsini tәmin etmәk mәqsәdilә dövlәt gәlirlәrinә nәzarәt edәn amerikan müşaviri qalırdı. İkinci dünya müharibәsi illәrindә H. ABŞ-ın hәrbi vә xammal bazasına çevrildi. 1941 ilin dekabrında H. ABŞ-ın xarici siyasәt kursuna sadiq olaraq Yaponiya, Almaniya vә İtaliyaya müharibә elan etdi. İkinci dünya müharibәsinin sonunda H.-dә kütlәvi demokratik hәrәkat vә 1941 ildәn hakimiyyәtdә olan prezident E. Leskonun amerikanpәrәst siyasәtinә qarşı mübarizә genişlәndi. 1946 ilin yanvarında dövlәt çevirilişi nәticәsindә hakimiyyәtә hәrbi xunta gәldi. Prezident seçilәn D. Estime amerikanlara torpaqlara sahib olmaq qeyri-mәhdud hüquqlar verdi, tәzә yaradılmış demokratik vә sol partiyaları qadağan etdi. 1950 ildә Estime devrildi. Hakimiyyәtә gen. P.E.Maqluar gәldi. O, xarici investisiyanı dәstәklәyәn yeni konstitusiya işlәyib hazırladı, ABŞ-la bir sıra hәrbi sazişlәr bağladı. 1956 ildә hökumәt әleyhinә kütlәvi nümayişlәr davam etdi. Hәmin ilin dekabrında ümümi siyasi tәtil keçirildi, Maqluar ölkәdәn qaçmağa mәcbur oldu. H.-dә kәskin siyasi mübarizә genişlәndi.
Haiti 20 әsrin ikinci yarısı – 21 әsrin әvvәllәrindә. 1957 ilin oktyabrında hakimiyyәtә amerikanlarla sıx әmәkdaşlıq edәn F.Düvalye gәldi. Prezident Düvalye qeyrimәhdud şәxsi hakimiyyәt rejimini qurdu. “Hakimiyyәt qaralara!” şüarı altında o, repressiya vә terror siyasәti hәyata keçirdi, siyasi partiyaların vә ictimai tәşkilatlarının fәaliyyәtini qadağan etdi, bütün müxalifәt nәşrlәrini bağladı. 1961 ildә Düvalye daha 6 il müddәtinә prezident seçildi, 1964 ildә isә özünü “ömürlük prezident” vә “Haiti millәtinin atası” elan etdi. ABŞ Düvalye hökumәtinә geniş yardım göstәrdi: 1957–63 illәr әrzindә ona 43,5 mln. dollar mәblәğindә borc verdi, onu silahla tәchiz etdi. Düvalye güruhu öz rәqiblәrinә kütlәvi edam vә işgәncәlәr vasitәsilә divan tutdu. Ölkәdә real siyasi qüvvә diktatorun şәxsi milisi olan hәrbilәşdirilmiş “tonton-makut” dәstәlәri idi. 1971 ildә diktatorun ölümündәn sonra hakimiyyәtә gәlәn onun oğlu J.K. Düvalye dә 1985 ildә özünü “ömürlük prezident” elan etdi. Düvalye klanının hakimiyyәtә gәlmәsi ilә H. iqtisadiyatı dağıldı. 1986 ildә ölkәni bürümüş kütlәvi aksiyalar nәticәsindә J.K.Düvalye prezident postunu tәrk edәrәk H.-dәn qaçdı. 1990 ilin dekabrında J.B. Aristid prezident seçil, lakin artıq 1991 ilin sentyabrında hәrbi çeviriliş nәticәsindә devrildi. 1993 ilin oktyabrında H.-dәki siyasi mübarizәyә özünün donanma qüvvәlәri ilә respublikanın sahilyanı әrazilәrini blokadaya almış ABŞ qarışdı. 1994 ilin sentyabrında BMT Tәhlükәsizlik Şurasının qәrarı ilә H. әrazisindә ABŞ-ın himayәsi altında çoxmillәtli qüvvәlәr yerlәşdirildi. Bu, hәrbi xuntanı hakimiyyәtdәn әlçәkmәyә vadar etdi. 1994 ilin oktyabrında Aristid yenidәn H. prezidenti oldu. 1995 il prezident seçkilәrindә o, öz namizәdliyini irәli sürmәdi vә Mübarizә Aparan Xalqın Tәşkilatının namizәdi R.Preval qalib gәldi. 1996 ilin fevralında H.-dә çoxmilәtli qüvvәlәr BMT-nin sülhmәramlı qüvvәlәri ilә әvәz edildi. 2000 il prezident seçkilәrindә namizәdliyi bu dәfә yeni yaranmış “Fanmi Lavalas” partiyasından irәli sürülmüş Aristid qәlәbә qazandı. 2004 il fevralın 5-dә müxalifәt Aristidә qarşı üsyan qaldırdı, fevralın 22-dә o, paytaxtdan qaçdı. 2004 il fevralın 29-da B. Aleksandr müvәqqәti prezident tәyin olundu. 2006 il mayın 14-dә onu R.Preval әvәz etdi. Diktaturanın süqutu H.-dә siyasi hәyatın canlanmasına gәtirib çıxardı, aparıcı rolu islahatçı Haiti Xristian-Demokrat Partiyası vә Haiti Sosial-Xristian Partiyası, hәmçinin hәmkarlar ittifaqları – Haiti Zәhmәtkeşlәrinin Muxtar Mәrkәzi vә Haiti Fәhlәlәrinin Milli İttifaqı oynamağa başladılar. Lakin ölkәdә daxili vәziyyәt hәlә dә qeyri-sabit qalırdı. 2010 il yanvarın 12-dә H.-dә güclü zәlzәlә baş verdi. Ölkәnin paytaxtı Port-o-Prens, demәk olar ki, tamamilә dağıldı, tәqr. 300 min nәfәr hәlak oldu. Oktyabr ayında isә vәba epidemiyası yayıldı, onun nәticәsindә 8 min nәfәr öldü. 2011 ildә M.Martelli H. prezidenti seçildi.

Artibonit çayı.
Tәsәrrüfat H. Qәrb yarımkürәsinin әn kasıb ölkәsidir vә dünyanın iqtisadi cәhәtdәn әn geridә qalan dövlәtlәri onluğuna daxildir. Əhalinin tәqr. 80%-i yoxsulluq hәddindәn aşağı sәviyyәdә yaşayır; әhalinin 2/3-si natural tәsәrrüfat hesabına yaşayır. Bir çox ailәnin gәlirinin böyük hissәsini xaricdәn pul köçürmәlәri tәşkil edir. ÜDM-in 30%-i plantasiya әsaslı k.t.-nda, 20%-i – sәnayedә, 50%-i –xidmәt sferasında yaranır (2001). ÜDM-in hәcmi 12,94 mlrd. dollar (alıcılıq qabiliyyәti pariteti üzrә), adambaşına – 1600 dollar (2005) tәşkil edir. Real ÜDM artımı 3,5%-dir (2005). İnsan inkişafı indeksi 0,475 (2003, dünyanın 177 ölkәsi arasında 153-cü yer). Ərzaq idxalından asılığın azalmasına, k.t. istehsalının, balıqçılıq sahәsinin vә infrastrukturun tәkmillәşdirilmәsinә, hәmçinin sosial problemlәrin hәllinә yönәldilmiş iqtisadi siyasәt iqtisadiyyatın dövlәt vә özәl sektorlarının әmәkdaşlığını, özәl (milli vә xarici) investisiyaların cәlb edilmәsini nәzәr dә tutur. Birbaşa özәl investisiyaların hәcmi Latın Amerikası ölkәlәri arasında әn aşağı göstәricilәrdәn (2003 ildә 11 mln. dollar; 2004 ildә 6 mln. dollar) biridir. Ölkә iqtisadiyyatında xarici turizm mühüm yer tuturdu, lakin 1980-ci illәrin ortalarından siyasi vәziyyәtin qeyri-stabilliyi vә cinayәtkarlığın artması sәbәbindәn turist axını kәskin azalmışdır (2002 ildә 140 min nәfәr; 2/3-dәn çoxu ABŞ-dan). Turistlәri iri şәhәrlәrdәki (Port-o-Prens, Kan-Aityen, Jakmel vә s.) müstәmlәkә memarlığı abidәlәri, tәbiәt milli parkları (ölkәnin c.-ş.-indә For-de-Pin, Port-o-Prensdәn c.-q.-dә La-Vizit, H.-nin q.-indә Makaya), sahil boyu qumlu çimәrliklәr (әsasәn, Port-o-Prensdәn şm.-da vә Kap-Aityendәn şm.-q-dә) cәlb edir.

San-susi qalası. Port-o-prens.

Laferyer qalası. 1804–17 illәr.
Sәnaye. Cüzi hәcmdә mәrmәr, dәniz duzu, gil, qum vә әhәngdaşı hasil olunur. 21 әsrin әvvәllәrindәn ölkәnin şm.-ında qızıl yataqlarının işlәnilmәsinә başlanılmışdır. Elektrik st.-larının müәyyәn edilmiş gücü 223 MVt-dır (2000). Elektrik enerjisi istehsalı 546 mln. kVt/saat (2003) tәşkil edir. Elektrik enerjisinin tәqr. 30%-i SES-lәrdә istehsal olunur (әn irisi Artibonit çayı üzәrindәki “Peligre”dir); İES-lәr, әsasәn, idxal yanacaqla işlәyir. Emal sәnayesi sahәlәri başlıca olaraq k.t. xammalının emalına әsaslanır. Yeyinti, o cümlәdәn şәkәr (Port-o-Prensdә, Le-Ke r-nunda z-dlar) vә unüyütmә, hәmçinin tütün, yüngül (ayaqqabı, tikiş mәmulatı), sement sәnayesi müәssisәlәri, hәmçinin xırda çәltiktәmizlәmә, sizal (aqava ağacının yarpaqlarından alınan lif) emalı, plastik kütlә vә tәsәrrüfat malları, alkoqolsuz içkilәr istehsalı vә s. üzrә f-k lәr fәaliyyәt göstәrir. İndustrias makiladoras adlanan ixracat emalı zonalarında Amerika şirkәtlәrinә mәxsus müәssisәlәrdә sonradan yenidәn ABŞ-a reeksport üçün elektron avadınlığı hissәlәrinin sadә әmәktutumlu yığılması (idxal detallar vә komponentlәr әsasında), idman lәvazimatı vә hәrbi geyimlәrin istehsalı hәyata keçirilir. Sizaldan, qırmızı vә Kampeş ağacından suvenirlәrin kustar istehsalı saxlanılmışdır.
Kәnd tәsәrrüfatı. Aqrar sahә daxili әrzaq tәlәbatını ödәmәdiyindәn yeyinti mәhsullarının böyük hissәsi idxal (әsasәn, ABŞ-dan) olunur. İri torpaq sahibkarlığı (latifundiyalar, plantasiya tәsәrrüfatları) vә xırda (sah. 2 ha-yadәk) natural kәndli tәsәrrüfatları sәciyyәvidir. Becәrilәn torpaqların strukturunda şumluq torpaqlar 49%, çoxillik bitkilәr 20%, tәbii otlaqlar 30,8%, digәr tәsәrrüfat yerlәri 0,2% tәşkil edir (2003). Əsas ixracat bitkilәri: qәhvә (2005 ildә 28 min t yaşıl dәnә; әsasәn, ölkәnin cәnub vә mәrkәzi hissәsindә becәrilir), şәkәr qamışı (1080 min t; demәk olar, hәr yerdә), sizal (5,5 min t; şimalda vә paytaxta yaxın rayonlarda), manqo (260 min t, dünya üzrә 12-ci yerdәdir), kakao paxlaları (4,4 min t), hәmçinin banan (280 min t), sitrus meyvәlәri, müxtәlif tәrәvәzlәr yetişdirilir. Daxili tәlәbat üçün maniok (330 min t), qarğıdalı (198 min t), yams (199 min t), batat (170 min t), çәltik (102 min t, Artibonit çayı dәrәsindә), kalış (85 min t), lobya vә s. becәrilir. Heyvandarlıq (әsasәn, platolarda vә dağlıq r-nlarda) zәif inkişaf etmişdir. Qaramalın ümumi sayı 1,46 mln. baş, donuz – 1,0 mln., keçi – 1,9 mln., ev quşları – tәqr. 7 mln. tәşkil edir (2005). Sahil boyu rayonlarda dәniz ovçuluğu (o cümlәdәn, әsasәn, ixracyönümlü yengәc, krevet, lanqust, omar, istridyә ovu) yayılmışdır. Dağlıq r-nlarda yerli әhali meşә tәdakürü ilә mәşğul olur.
Nәqliyyat. Ərazinin nәql. sistemi olduqca zәifdir. H.-dә avtomobil yolları şәbәkәsi 1920–30-cu illәrdә yaradılmışdır vә demәk olar ki, tәzәlәnmәmişdir. Avtomobil yollarının ümumi uz. 4160 km-dir, onun tәqr. 1/4-i bәrk ortüklüdür. Ən iri dәniz portu Port-o-Prensdir (ixracatın tәqr. 90%-i vә idxalatın tәqr. 80%-i). İnfrastrukturun vә avadanlıqların köhnәlmәsi sәbәbindәn Karib regionunda әn yüksәk port rüsumları H.-dәdir. H.-dә 14 aeroport (dördünün uçuş-enmә zolağı bәrk örtüklüdür) var. Beynәlxalq aeroportlar Port-o-Prens vә Kap-Aityendә yerlәşir.
Xarici ticarәtdә sabit mәnfi saldo mövcuddur: idxalatın dәyәri (1509 mln. dollar, 2004) ixracatın dәyәrini (506 mln. dollar) xeyli üstәlәyir. H. qәhvә (ixracatın 60%-i), manqo, şәkәr, sizal, kakao vә s., әsasәn, ABŞ (dәyәrin 81,2%; 2005), Dominikan Resp. (7,3%) vә Kanadaya (4,1%) ixrac edir. İdxalatın strukturunda, әsasәn, ABŞ-dan (dәyәrin 34,8%-i; 2005), Niderlandın Antil a-rından (18%), Malayziyadan (5,1%), Kolumbiyadan (4,7%) idxal olunan maşın vә nәql. vasitәlәri, yanacaq, әrzaq mәhsulları üstünlük tәşkil edir.
Silahlı qüvvәlәr. Sәhiyyә. İdman H.-nin silahlı qüvvәlәri 1994 ildә ABŞ-ın silahlı müdaxilәsi vә ölkәnin işğalından sonra buraxılmışdır. BMT adada sülh mәramlı qoşunlar kontingentini yerlәşdirilmiş, polis funksiyalarının yerinә yetirilmәsi üçün Milli polis (2 min nәfәr) vә Sahil mühafizә xidmәti (30 nәfәr; 5 keşikçi kater) yaradılmışdır. H.-dә әhalinin hәr 100 min nәfәrinә 25 hәkim, 10,7 orta tibb işçisi, 1,2 stomatoloq düşür (2004). Sәhiyyәyә qoyulan xәrc ÜDM-in 7,6%-ni tәşkil edir: büdcәdәn maliyyәlәşmә 39,4%, özәl sektordan – 60,6% (2003). Sәhiyyә sistemi ilk tibbi-sanitariya yardımı (dövlәt sektoru, özәl sektor, xalq tәbabәti) әsasında qurulur. Tibbi yardımın göstәrilmәsi mәrkәzlәşdirilmәmişdir. Yaşlı әhali arasında ölümün әsas sәbәblәri: infeksion xәstәliklәr, ürәk-damar xәstәliklәri, travmalar, bәdxassәli şişlәr. Milli Olimpiya Komitәsi 1924 ildә yaradılmışdır. H. idmançıları Olimpiya Oyunlarında 1900 ildәn iştirak edirlәr. İlk Olimpiya mükafatını sәrbәst nümunәli tüfәngdәn atәşaçma üzrә komanda (3-cü yer, 1924), fәrdi yarışlarda uzunatullanan S. Kator (2-ci yer, 1928) qazanmışdır. Ən populyar idman növlәri: boks, yüngül vә ağır atletika, atıcılıq idmanı, qılıncoynatma, vind-sörfinq vә s.
Tәhsil. Elm vә mәdәniyyәt müәssisәlәri Ölkәdә 6–12 yaşlı uşaqlar üçün tәhsil pulsuz vә icbaridir. Bununla belә, 1990-cı illәrin әvvәlindә mәktәbyaşlı uşaqların 65%-i ibtidai tәhsildәn kәnarda qalmış vә yalnız 8%-i orta tәhsil almışdır. Tәhsil sisteminә ibtidai (6 illik), әsas (3 illik), ali orta (4 illik), texniki-peşә vә “işgüzar” mәktәblәr daxildir. Orta mәktәblәrin böyük hissәsi özәldir. 15 yaşdan yuxarı әhalinin savadlılıq sәviyyәsi 82,1% tәşkil edir (2016). Ali tәhsil sisteminә Haiti un-ti (1942; 1820 ildә açılmış tibb vә hüquq kolleclәrinin birlәşdirilmәsi әsasında yaradılmışdır), Politexnik in-tu (1962) – hәr ikisi Port-o-Prensdәdir, bir neçә özәl un-t (ilahiyyat, hüquq, iqtisadiyyat) vә ali mәktәblәr daxildir. Elmi tәdqiqatlar (hamısı Port-o-Prensdәdir) Milli etnologiya bürosunda (1941), Haiti-Amerika in-tunda (1942), H.-dәki Fransa in-tunda (1945) aparılır. Ölkәdә elmi işlәrә Elmi Tәdqiqatların Milli Şurası (1963; Port-o-Prens) rәhbәrlik edir. Paytaxtda Milli muzey (1938), Milli kitabxana (1940), H. incә sәnәt mәrkәzi (1944) var.

Haiti Milli Muzeyi. Port-o-prens.
Kütlәvi informasiya vasitәlәri H.-dә ümumi tirajı 35 min nüsxә olan 14 qәzet vә jurnal buraxılır (2003). Ən nüfuzlu hökumәt qәzetlәri – “Haїti en Marche” (fransız dilindә) vә “Haїti Progrès” (fransız, ingilis vә kreol dillәrindә); müstәqil qәzetlәr (ingilis dilindә): “Alter-Presse”, “Haiti Globe”, “Haitian Times”, “Haiti Star”. “Audience Magazine” jurnalı fransız, ingilis vә ispan dillәrindә buraxılır. 1930-cu illәrin әvvәllәrindәn radio, 1959 ildәn televiziya fәaliyyәt göstәrir; qısadalğalı diapazonda 41, UQD diapazonda 26 radiostansiya var. İki televiziya stansiyası (o cümlәdәn “Télévision Nationaled’Haїti” hökumәt televiziya stansiyası) vә bir kabel televiziya stansiyası fәaliyyәt göstәrir.
Ədәbiyyat H. әdәbiyyatı, әsasәn, fransız, hәmşinin kreol dillәrindә inkişaf edir. Folklor nümunәlәri aravak-taino hindilәrinin irsi vә zәnci-mulat әhalinin yaradıcılığı ilә tәmsil olunur. H.-nin ilk yazışısı hesab edilәn şair İ.No tәrәfindәn 1830-cu illәrdә yaradılmış “1836 il qrupu” romantizm tәmayüllü yazıçıları birlәşdirirdi. 198 әsrin 2-ci yarısında milli inkişaf mәsәlәlәrini işıqlandıran publisistika geniş inkiçaf etdi (J.Janvye, A.Firmin, F.A.Pris), “haitiçilik” mövzusuna şairlәrdәn O.Düran (kreol dilindә ilk yazan), T.Gilbo, şair, yazıçı vә dramaturq M.Kuaku müraciәt etdilәr. 19 әsrin sonlarında naturalizmә (F.Marselen vә J.Lerissonun sosial romanları) vә kostumbrizmә meyil edәn yazıçılar “La Jeune Haiti” jurnalının, fransız simvolizmi, “tәmiz incәsәnәt” ideyasının ardıcılları isә (şairlәr E.Viler, S.Menos, E.Lafore) “La Ronde” jurnalının әtrafında birlәşdilәr. 1915 ildәn sonra vәtәnpәrvәrlik mövzusu vә sosial tematika yenidәn әdәbiyyatda şn plana çıxdı. Milli folklorun süjet vә formaları şairlәrdәn J.Briyer vә E.Rumerin yaradıcılığında әksini tapdı. 1930–50-ci illәrdә kәnd hәyatından bәhs edәn tromanlar (J.Sineas, J.Rumen, F.Morisso-Lerua) meydana gәldi. J.S.Aleksisin yaradıcılığı dünya şöhrәti qazandı. 1960-cı illәrin 2-ci yarısında bir çox yazıçı müraciәt etdi. 20 әsrin sonlarında milli identiklik mәsәlәsi, müxtәlif mәdәniyyәtlәri birlәşdirәn yolların axtarışı vә s. problemlәr J.P.Kadet, M.E.Laforest, P.Benua, F.Latur, B.Veynrayt vә digәr yazıçıların yaradıcılığında әsas mövzuya çevrildi.
Tәsviri sәnәt vә memarlıq Müstәmlәkәyәqәdәrki H.-dә aravakların incәsәnәti (ornamentli keramika, qırmızı ağacdan düzәldilmiş mәrasim oturacaqları, daş heykәltәraşlıq) inkişaf etmişdir. Memarlıq abidәlәri: Port-o-Prensdә (18 әsr, divar rәsmlәri K. de Loşara mәxsusdur, 1851–53) vә Kap-Aityendә (1878, memar U.T.Sis) kilsәlәr; La Feryer istehkamı (19 әsr) vә qırmızı ağacdan mozaikalı döşәmәsi vә divarları olan San-Susi sarayı (1811–12; Kap-Aityen yaxınlığında). 1865 ildә Port-o-Prensdә yaradılmış rәssamlıq mәktәbindә fransız rәssamları (portretlәr çәkir, teatr, kilsә vә özәl evlәrdә freskalar işlәyirdirlәr) çalışırdılar. 1944 ildә xalq sәnәtkarlarını birlәşdirәn Rәssamlıq mәrkәzi yaradıldı (boyakarlar L.Puasson, R.Benua, kubizmdәn bәhrәlәnәn A.Jozef vә b.). Xalq rәssamlarından E. İppolit (folklor vә mistik süjetlәr) vә F. Obenin (mәişәt vә tarixi әsәrlәr) yaradıcılıqları Rәssamlıq mәrkәzi ilә bağlı olmuşdur. 1950-ci illәrdә avanqardizmә yaxın “İncәsәnәt ocağı” qrupu (R.Dorseli, L.Ternye, D.Verjen) meydana gәldi. Müasir memarlıqda Avropa tipli tikililәr (memarlar R.Bossan, A.Manqone, M.Evald) sıx-sıx yerlәşәn birmәrtәbәli tikililәrlә yanaşı inşa edilir.










