HAİTİLİLƏR (özlәrini a y i s y e n, h a i t i e n s adlandırırlar) – Haiti Resp.-nın әsas әhalisi. Sayları 8,3 mln. nәfәrdir (2006). Hәmçinin Kanadada (84 min nәfәr), Yamaykada (52 min nәfәr), Kubada (40 min nәfәr), Baham a-rında (25 min nәfәr) vә digәr Vest-Hind adalarında yaşayırlar. Ümumi sayları 8,7 mln. nәfәrdir (2006). Haiti kreol dilindә (fransız dili әsasında) vә fransız dilindә danışırlar. Dindarların әksәriyyәti rәsmәn xristian olsa da, vudu kultlarını saxlayır. Haitinin yerli әhalisi olan taino aravaklar 16 әsrin sonlarında mәhv edilmişlәr. 17 әsrin birinci yarısında Haitinin q.-indә fransız müstәmlәkәçilәri, әvvәlcә avantüristlәr vә piratlar, 18 әsrdә isә iri torpaq sahiblәrinә çevrilәn zadәganlar (“böyük ağlar”) mәskunlaşmışlar. 1697 ildә San-Dominqo fransız müstәmlәkәsi yaradıldı. 18 әsrdә buraya qәhvә plantasiyalarının sahiblәri olan tәqr. 2,5 min alman gәldi. Hәlә 16 әsrin ikinci yarısından etibarәn Haitiyә kütlәvi surәtdә gәtirilәn afrikalı qullar adanın әsas әhalisinә çevrildilәr. Qullar, әsasәn, Qәrbi vә Ekvatorial Afrikadan (volof, bambara, mandinqo, akan, eve, ibo, konqo vә s. tayfalar) gәtirilirdi. Haitidә qulların vәziyyәti bütün Vest-Hinddә әn ağır sәviyyәdә idi. 17 әsrdә maronaj adi hadisә hesab edilirdi; sahiblәrindәn qaçmış qullar – maronlar meşәlәrdә Afrika adәt-әnәnәlәrinә uyğun yaşayırdılar. XIV Lüdovikin “Qara mәcәllә” si (1685) qullar arasında xristianlığın yayılmasını nәzәrdә tutsa da, quldarlar mis sionerlәrin fәaliyyәtini mәhdudlaşdırmağa çalışırdılar; 18 әsrin sonlarında H.-in xristianlaşdırılması dayandırıldı. Bir qayda olaraq, sahiblәri tәrәfindәn azadlığa buraxılan mulatlar tәbәqәsi (dәrilәri müxtәlif rәnglәrdә olan mulatları sәciyyәlәndirәn çox saylı terminlәr mövcud idi: sakatralar, qrifonlar, qrimolar, marabular, metiflәr, mәmlüklәr vә s.) formalaşdı; sosial vәziyyәtlәrindәn asılı olmayaraq mulatlar özlәrini zәncilәrdәn üstün hesab edirdilәr. Azad olunmuşlar formal surәtdә Fransa vәtәndaşları ilә bәrabәr hüquqa malik idilәr, lakin onlar açıq şәkildә ayrı-seçkiliyә mәruz qalırdılar (mәs., onlara prestijli peşәlәrә yiyәlәnmәk, qruplar halında toplaşmaq, ağların geyindiyi paltarı geyinmәk vә s. qadağan olunurdu).

Haitililәr. Port-o-prensdә gül karnavalı.
18 әsrin sonlarında San-Dominqonun ağ әhalisi 5,9%, “rәnglilәr” 5,3%, qullar 88,8% tәşkil edirdi. “Rәnglilәr”in ağlarla bәrabәr hüquqlar uğrundakı çıxışı (1789) Haiti qullarının inqilabı (1791–1803) üçün bәhanәlәrdәn biri oldu. İlk siyahıyaalmaya (1805) görә, ölkә әhalisinin sayı 380 min nәfәr (1789 ildә 524 min nәfәr) idi, onların 2/3-ni qadınlar tәşkil edirdi. İnqilabdan sonra da әvvәlki tәk daha yüksәk sosial mövqe tutan mulatlarla zәncilәr arasında gәrginlik qalırdı. Avropa liberal dәyәrlәri ruhunda formalaşmış mulat ziyalılarına qarşı avtoritar idarәçilik uğrunda mübarizә aparan, orduda aparıcı rol oynayan, fransız tәsirini yayan katolik kilsәsi әleyhinә olan zәncilәrin “nuarist” (fransızca noir – qara) ideologiyası çıxırdı. Haitidә amerikan işğalı dövründә (1915–34) “La Revue indigene” jurnalı әtrafında birlәşmiş ziyalılar içәrisindә “Geriyә, Afrikaya” şüarını elan etmiş encijenist hәrәkatı dayaranmışdı. Kreol әdәbiyyatında vudu idealları tәbliğ edilirdi. F.Düvalyenin hakimiyyәti dövründә zәnci ideologiyası dövlәt siyasәtinin özәyinә çevrildi. H.-in irqi qrupları arasındakı gәrginlik hәlә dә qalmaqdadır. Hazırda H.-in tәrkibindә zәncilәr 95%, mulatlar 5 % tәşkil edir; sonuncuların arasında fransız dilindәn istifadәyә üstünlük verilir, ali tәhsilli olanların sayı daha çoxdur. Afrika әnәnәlәri Haiti mәtbәxindә, ailә (mәs., çoxarvadlılıq – plasaj, geniş ailәlәr – laku) vә icma (mәs., qarşılıqlı yardım – kombit) adәtlәrindә, әcdadlara sitayiş vә vudu kultlarında, folklorda (nağıllar, atalar sözlәri, zәrbi-mәsәllәr vә tapmacalar), musiqi vә rәqslәrdә saxlanılır. Oyunlar içәrisindә xoruz döyüşdürmәk geniş yayılmışdır.

Haitililәrin müasir yaşayış evlәri.










