HAQQİNS (Huggins) Çarlz Brenton (22.9.1901, Halifaks, Kanada – 12.1.1997, Çikaqo, İllinoys, ABŞ) – Amerika fizioloqu, cәrrah vә onkoloq. ABŞ Milli EA üzvü (1949). Nobel mükafatı laureatı (1966, Peyt Rous ilә birgә). Vulfәildә Akadiya Un-tini bitirmişdir (1920). Sonra tәhsilini Harvard Un-tindә (Boston) davam etdirmişdir. 1924 ildә tibb doktoru dәrәcәsi almışdır. 1924–26 illәrdә Miçiqan Un-tinin hospitalında hәkim-intern işlәyәrәk cәrrahiyyә üzrә ixtisaslaşmışdır. 1926 ildә Miçiqan Un-tindә, 1927 ildә isә Çikaqo Un-tinin tibb fakültәsindә müәllim işlәmişdir. Çikaqo Un-tindә cәrrahiyyә prof. (1933–36 illәrdәn); 1936–69 illәrdә Ben–Mey klinikasında xәrçәngin müayinәsi üzrә laboratoriyanın direktoru olmuşdur. 1969 ildәn tәqaüdә çıxmış, lakin, elmi fәaliyyәtini davam etdirmişdir. Qadın cinsiyyәt hormonunu prostat vәzinin xәrçәnginin müalicәsindә istifadә etmişdir ki, bununla da hormonoterapiyanın başlanğıcını qoymuş vә xәrçәngdә kimyaterapiyanın inkişaf etmәsinә imkan yaratmışdır. Çox saylı medallarla tәltif olunmuşdur.











