HAQVERDİYEV Əyyub Mәmmәdәli oğlu (15.3.1911, Naxçıvan – 12.6.1996, Naxçıvan) – Azәrb. aktyoru. Azәrb. SSR xalq artisti (1964). Nax. Pedaqoji Texnikumunu (1929) bitirmişdir. 1930 ildәn C.Mәmmәdquluzadә ad. Nax. Dövlәt Musiqili Dram Teatrında çıxış etmişdir. Əsasәn, komik rolların ifaçısı kimi tanınmış H. dramatik, faciәvi obrazlar da yaratmışdır. Əsas rolları: Mәşәdi İbad, Vәli (“O olmasın, bu olsun”, “Arşın mal alan”, Ü. Hacıbәyli), Dursun (“Durna”, S.Rüstәmov), Mirzә Sәmәndәr, Aqşin (“Almaz”, “Od gәlini”, C.Cabbarlı), İlqar (“Qayınana”, M.Şamxalov), Surxay (“Toy”, S.Rәhman), Kürd Musa, Xosrov (“Vaqif”, “Fәrhad vә Şirin”, S.Vurğun), Laert (“Hamlet”, U.Şekspir) vә s.











