HAQVERDİYEV Xanlar Mәmmәd oğlu (25.9.1906, Ağdam r-nunun Seyidli k. – 5.12.1980, Bakı) – Azәrb. müğәnnisi (lirikdramatik tenor). Azәrb. SSR (1956) vә Tür. SSR (1939) әmәkdar artisti. Azәrb. Dövlәt Konservatoriyasının vokal şöbәsindә (1928–31) oxumuşdur. 1931–62 illәrdә (fasilәlәrlә) Azәrb. Opera vә Balet Teatrının solisti olmuşdur. Partiyaları: Mәcnun vә İbn Salam, Kәrәm (“Leyli vә Mәcnun”, “Əsli vә Kәrәm”, Ü.Hacıbәyli), Şah İsmayıl, Əlyar (“Şah İsmayıl”, “Nәrgiz”, M.Maqomayev), Qәrib (“Aşıq Qәrib”, Z.Hacıbәyov), aşıq (“Şahsәnәm”, R.Qlier), Babakişi (“Sevil”, F.Əmirov) vә s. 1938–42 illәrdә Türkmәnistan Opera vә Balet Teatrında çıxış etmiş, burada Koroğlu (“Koroğlu”, Ü.Hacıbәyli), Tahir (“Tahir vә Zöhrә”, A.Şapoşnikov) vә s. partiyaları oxumuşdur. Opera müğәnnilәrinin hazırlanmasında xidmәti olmuşdur.











