HALİ (әsl adı vә soyadı Fәtәli bәy Ziyad oğlu Gәncәvi) (?–?) – 18 әsr Azәrb. şairi. Hәyatı vә yaradıcılığı haqqında mәlumat azdır. Azәrb. vә fars dillәrindә yazmışdır. 18 әsrdә Gәncәdә yaşamış qacarlar tayfasına mәnsub Ziyadoğlular nәslindәndir. Atası Şahverdi xan Ziyadoğlu 18 әsrin ikinci yarısında, qardaşı Cavad xan isә 18 әsrin sonu 19 әsrin әvvәllәrindә Gәncәnin hakimi olmuşlar. Hәyatının son illәrini İranda yaşamışdır. Əbülfәt xan Tuti (Cavanşir) vә Abbas Mirzә ilә dost olmuşdur. A.Bakıxanov “Gülüstani-irәm” әsәrindә dövrünün görkәmli şairlәri sırasında H.-nin adını çәkmiş, müfti H.Qayıbov isә öz tәzkirәsindә onun bir qәzәlini misal göstәrmişdir. AMEA Əlyazmalar İn-tunda saxlanılan cünglәrdәn birindә H.-nin divanından nümunәlәr vә şairin qısa şәcәrәsi verilmişdir. H. divanının iki nüsxәsi günümüzәdәk gәlib çatmışdır. Onlardan biri Ermәnistanın Əlyazmalar İn-tunda, digәri isә AMEA Əlyazmalar İn-tunda saxlanılır. Bakı nüsxәsindә (әvvәli naqisdir) 4 qәsidә, 49 qәzәl, 12 mәsnәvi, 23 qitә, 5 rübai toplanmışdır. Divanda bәdii ifadә vasitәlәri ilә zәngin olan lirik qәzәllәr vә didaktik qitәlәrlә yanaşı, cәmiyyәtin qüsurlarını tәnqid edәn satirik şeirlәr vә kәskin hәcvlәr dә vardır.
Əd.: Keçmişimizdәn gәlәn sәslәr. 2-ci buraxılış. B., 1982; Каталог тюркских рукописей. T. 2, Б., 2009.










