HALL (Hull) Robert (Bobbi) Marvin (d.3.1.1939, Ontario әyalәti, Belvill yaxınlığında Poynt-Ann) – Kanada idmançısı (şaybalı hokkey). Dünya hokkey tarixindә әn güclü hücumçulardan biridir. 15 mövsüm әrzindә Milli hokkey liqasının (MHL) “Çikaqo Blekxoks” (1957–72) komandasında çıxış etmiş, hәmin heyәtdә Stenli kubokunun sahibi olmuş (1961) vә üç dәfә finala (1962, 1965, 1971) çıxmışdır; MHL müntәzәm çempionatlarında 1036 matç keçirmiş, 604 qol vurmuş, 549 uğurlu ötürmә etmişdir. 1966 ildә MHL tarixindә mövsüm әrzindә 50-dәn artıq qol vurmuş ilk oyunçu olmuşdur. Stenli kubokunda 119 matç keçirmiş, 62 qol vurmuş vә 67 uğurlu ötürmә etmişdir. MHL-in bir neçә nüfuzlu mükafatının sahibidir: “Hart Trofi” – mövsümün әn yaxşı oyunçusu (1965, 1966), “Art Ross Trofi” – çempionatın әn mәhsuldar oyunçusu (1960, 1962, 1966). 10 dәfә MHL-in “Bütün ulduzlar” (1960–72) simvolik yığmasının birinci heyәtinә daxil edilmişdir. 1972–79 illәrdә “Vinnipeq Cets” klubunun heyәtindә WHA (Ümumdünya Hokkey Assosiasiyası) çempionatında oynamışdır; 411 oyun, 303 qol, 335 ötürmә; 1979–80 illәrdә MHL-dә daha 27 oyun keçirmiş (“Vinnipeq Cets” vә “Hartford Ueylers”); 6 qol, 11 ötürmә. Kanada yığmasının heyәtindә SSRİ yığma komandasına qarşı seriya matçlarda çıxış etmişdir (1974; 8 matç, 7 qol, 2 ötürmә), Kanada kubokunun sahibi olmuşdur (1976; 7 matç, 5 qol). Onun adı 1983 ildәn MHL-ın Hokkey Şöhrәt zalındadır (Toronto). Onun 4 oğlundan biri – Brett Endrü Hall (d. 9.8.1964, Ontario әyalәti, Belvill) – ABŞ idmançısı (şaybalı hokkey). MHL tarixindә әn yaxşı bombardirlәrdәn biridir (741 qol – 1.1.2017 ilin mәlumatına görә 4-cü yer). 22 yaşında MHL-in “Kalqari Fleyms” klubunda debüt etmiş, 41 yaşında “Finiks Koyotis” klubunda karyerasını başa vurmuşdur. Oyunlarını әn çox “Sent-Luis Blüz” klubunda keçirmiş (1987–98; 744 oyun, 527 qol, 409 ötürmә), әn böyük uğurlarını “Dallas Stars” (1998–2001; 218 oyun, 95 qol, 101 ötürmә) vә “Detroyt Red Uinqs” (2001–04; 245 oyun, 92 qol, 115 ötürmә) klublarının heyәtindә qazanmış, 2 dәfә Stenli kubokunun sahibi (1999, 2002) olmuşdur. Stenli kubokunda 202 matç keçirmiş, 103 qol vurmuş vә 87 uğurlu ötürmә etmişdir. “Hart Trofi” (1991) vә bir sıra digәr mükafatların sahibidir. Üç dәfә MHL-in “Bütün ulduzlar” simvolik yığmasının (1990–92) birinci heyәtinә daxil edilmişdir. ABŞ yığma komandasının heyәtindә (37 oyun, 21 qol, 21 ötürmә) Dünya kubokunun qalibi (1996), Qış Olimpiya Oyunlarının (2002, Solt-Leyk-Siti) vә Kanada kubokunun gümüş (1991) mükafatçısı olmuşdur. 1998 ildә Naqano Olimpiadasında iştirak etmişdir. Onun adı 2009 ildәn MHL-ın Hokkey Şöhrәti zalındadır (Toronto).










