HALLÉY, Halli Edmund (8.11.1656, London yaxınlığında, Haqqerston – 14.1.1742, Qrinviç) – ingilis astronomu vә geofiziki, London Kral Cәmiyyәtinin üzvü (1678 ildәn). Oksford Un-tindә tәhsil almış, oranın riyaziyyat üzrә prof.-u (1704 ildәn), Qrinviç rәsәdxanasının direktoru (1720 ildәn) olmuşdur. 1676–78 illәrdә göyün Cәnub yarımkürәsindә yerlәşәn 341 ulduzun ilk teleskopik kataloqunu tәrtib etmişdir. Venera vә Merkurinin Günәş diski üzrә keçmәsini müşahidә edәrәk, Yerdәn Günәşә qәdәr mәsafәnin tәyini üçün üsul tәklif etmişdir (1677). 1680 vә 1682 kometlәrinin (Halley kometi) periodikliyini kәşf etmişdir (1687–1705). Yupiter vә Saturnun (1676), Ayın (1693) hәrәkәtindә “әsri” sarsıntıları tәyin etmiş, 1719–1737 illәrin müşahidәlәrinә әsasәn yeni Ay cәdvәllәri yaratmışdır. Bolidlәrin kosmik tәbiәtinә aid ilk realistik hipotezin müәllifidir (1714). Dumanlıqları ilk müşahidә edәnlәrdәn biridir (1715); dumanlıqlarda parallakslar olmadığı üçün H. hesab edirdi ki, onlar özüişıqsaçan iriölçülü kosmik törәmәlәrdir. Ulduzların mәxsusi hәrәkәtini kәşf etmiş (1718), onların Ptolemey kataloqunda qeyd olunmuş duruşunu müasir qiymәtlәrlә müqayisә etmişdir. Dәniz ekspedisiyalarının nәticәlәri әsasında (1698 – 1700) ilk әtraflı geomaqnit xәritә yaratmışdır (“Kompas variasiyalarının әsas xәritәsi”, 1701). İ.Nyutonun “Tәbii fәlsәfәnin riyazi әsasları” әsәrinin nәşrini tәşkil etmiş vә maliyyәlәşdirmişdir (1687); Apolloni Perqalinin riyazi әsәrlәrini әrәb dilindәn tәrcümә vә nәşr etmişdir (1710).










