HALLUAZİT – tәbәqәli silikatlar qrupuna aid mineral – Al4[(OH)8│Si4O10] ∙ 4H2O. Tәrkibcә kaolinitә yaxındır, suyun yüksәk miqdarı ilә fәrqlәnir. Monoklinik sinqoniyada kristallaşır. Gilәbәnzәr gizli kristallik aqreqatlarda rast gәlinir. Rәngi adәtәn ağdır; sarımtıl, bozumtul, yaşılımtıl ağ, qonur, bәzәn qırmızı çalarları olur. Sәrtliyi 1–2, sıxlığı 2000–2600 kq/m3-dir. Kövrәkdir. Sәciyyәvi ekzogen mineraldır, әn çox qabbro vә diabazların vә bәzi Ni, Cu vә Zn yataqlarının aşınma qabıqlarında inkişaf edir. Yataqları: Anqlyer (Belçika), Altenberq (Almaniya), Juravlinski, Aydırlinski (Rusiya), Karpatarxası (Ukrayna) vә b. Azәrb.-da Kiçik vә Böyük Qafqazın bir sıra mәntәqәlәrindә – Tutğunçay hövzәsinin qızıl filizi zolağında, Çıraqdәrә-Toğanalı filiz sahәsindә, Bittibulaq, İtqırılan, Nәsivaz, Filizçay yataqlarında vә başqa yerlәrdә qeyd edilmişdir.

Halluazit..










