HAMAN (Hamann) Iohann Georq (27.8.1730, Köniqsberq – 21.6.1788, Münster) – alman filosofu. Köniqsberq un-tindә tәhsil almışdır. Aksiz idarәsindә vә gömrükdә işlәmәklә hәyatını tәmin edәn H. qeyripeşәkar sokratsayağı filosof kimi yaşamışdır; Prussiya qaydalarının, II Fridrix siyasәtinin qatı düşmәni vә satirik tәnqidçisi olmuşdur. Qәsdәn mәnaca dolaşıq yazdığı qısa vә fraqmentar әsәrlәrindә alman maarifçi rasionalizminin böhranı özünü göstәrir. H.-da İ.Kantın vә İ.Q.Herderin ideyaları “özün dәnrazı” insan ağlının mәhdudluğunu, sәthiliyini vә “günahkar”lığını aşkarlamaq mәqsәdilә aparılan dialoq-mübahisә üçün mәnbә kimi çıxış edirdi. İnsan ağlı fәrdidir, tarixidir, situasiyaya uyğundur: maarifçi fәlsәfәnin ümumi “sağlam düşüncә”si (common sense) vә Kantın “xalis zәka”sı mövcud deyil [“Zәka purizminin metatәnqidi” (“Metakritik überden Purismum der Vernunft”, 1800); H.-dan tәsirlәnmiş Herderin son dövr yaradıcılığındakı antikantçı mövqeyi onun empirik vә sensualist mövqeyinә yaxındır]. Dünya tarixi Mәsihin әtrafında cәrәyan edir, yәni Mәsihin insanilәşmәsi vә bәşәri günahlara görә özünü qurban vermәsi dünyada baş vermiş vә hazırda baş vermәkdә olan bütün hadisәlәrin mәrkәzindә yerlәşir. Dünya, varlıq – tәbiәt vә tarix “canlıya yönәlmiş” ilahi “nitq”, Allah sözüdür. Dil “ağlın ilk vә son orqanı vә meyarıdır”, ağlın dillә bağlılığı ağlın sәrhәdlәrini müәyyәnlәşdirir, odur ki, dilin ilahi, yaxud tәbii mәnşәyi haqqında müzakirә aparmağın mәnası yoxdur. H. idrakda (“bilavasitә bilik” konsepsiyası) vә yaradıcılıqda intuitiv mәqamı vurğulayırdı. Allahın insandakı vәhyi kimi başa düşülәn poeziya peyğәmbәrlikdir [“Filoloqun xaç yürüşlәri” (Kreuzzüge des Philologen”, 1762) tәrkibindәki “Aesthe tica in nuce”], bütbәpәrs filosoflar da “Allahın elçilәri vә tәfsirçilәri”dir. H.-ın ideyaları 18 әsrin 2-ci yarısı – 19 әsrin әvvәllәrindә alman mәdәniyyәtinin ayrılmaz tәrkib hissәsinә çevrildi: bu ideyalar “Fırtına vә tәzyiq” cәrәyanına, İ.Q.Herderә, İ.V.Göteyә tәsir göstәrmiş, Yena romantiklәri, Jan Pol tәrәfindәn әxz olunmuşdur. H.-ın әsәrlәrindәki mәdәniyyәtin din müstәvisindәn tәnqidi S.Kyerkeqor tәrәfindәn davam etdirilmişdir.










