HÁMBURQ – AFR-in şm.-ında şәhәr-federal әrazi. Əhalisinin sayına görә (1,8 mln., 2019) ölkәnin ikinci (Berlindәn sonra) böyük şәhәri. H. şәhәr aqlomerasiyasına (Böyük Hamburq; әh. 2,8 mln., 2018) Aşağı Saksoniya vә Şlezviq-Holşteyn federal әrazilәri (buradan H.-a işә gәlәnlәr tәqr. 340 min nәfәrdir, 2015) hüdüdlarında yerlәşәn şәhәrәtrafılar daxildir. H. әhalisinin tәqr. 11%-i әcnәbilәrdir (әsasәn, әcnәbi fәhlәlәr vә onların ailә üzvlәri, hәmçinin işsiz miqrantlar); şәhәr mәrkәzinә yaxın bir sıra mәhәllәdә әcnәbilәr 50%-әdәkdir. H. Elba çayının hәr iki sahilindә vә onun adalarında salınmışdır; Şimal dәnizinin 80 km-liyindәdir.

Hamburq şәhәrinin panoramı.
H. Almaniyanın başlıca nәql. qovşaqlarından biridir. Şәhәrin formalaşması vә inkişafı onun dәniz portu olması ilә sıx bağlıdır. 19 әsrin sonu – 20 әsrin 1-ci yarısında H. dünyanın әn iri portlarından idi (yük dövriyyәsi 25 mln. t, 1939). İkinci dünya müharibәsi әrәfәsindә ölkәnin ticarәt donanması tonnajının 1/2-dәn çoxu H.-un payına düşürdü. Müasir dәniz portu sahәsinә görә (75 km2, H. әrazisinin 1/10-i) dünyada әn iri portlardan biridir; AFR-in dәniz donanması gәmilәrinin tәqr. 1/2-i burada qeydiyyatdadır. Yük dövriyyәsinә görә (136,6 mln. t, 2019) H. portu Almaniyada 1-ci, Avropada isә 3-cü (Rotterdam vә Antverpendәn sonra) yerdәdir. H. hәmçinin iri çay portudur (Şimal-Cәnub kanalı ilә Orta Almaniya kanalı vә Hannover rayonu ilә әlaqәlidir). Berlin, Braunşvayq, Hannover, Bremen, Düsseldorf, Kopenhagen, Stokholm vә Avropanın bir çox digәr şәhәrlәrinә aparan avtomobil vә d.y. magistralları H.-da birlәşir. AFR-in şm.-ında әn iri Helmut Şmidt ad. beynәlxalq aeroport (1911 ildәn;b 17,3 mln. sәrnişin, 2019). Metropoliten. Əsası 810 ildә franklar tәrәfindәn saksların Ham adlı mәskәninin yerindә möhkәmlәndirilmiş mәntәqә kimi qoyulmuş, tezliklә onun әtrafında “Hammaburq” adını almış yaşayış mәskәni yaranmışdı. 831 ildә burada tәsis olunmuş yepiskopluq 848 ildә arxiyepiskopluğa çevrilmişdi. 9–11 әsrlәrdә saksların vә slavyanların aramsız basqınlarına mәruz qalmışdır. 1189 ildә imperator I Fridrix Barbarossa tәrәfindәn verilmiş iqtisadi vә hәrbi imtiyazları 1265 ilәdәk saxlamışdır. 1215 ildә şәhәrin “köhnә” vә “ yeni” hissәlәri vahid şuraya, ratuşa vә mәhkәmәyә malik idi. 1410 ildә H.-da birinci şәhәr statutu qәbul edilmişdir. H. Hanza ittifaqının tәsisçilәrindәn vә nüfuzlu üzvlәrindәn biri olmuşdur.

Hamburq şәhәr bәlәdiyyәsi.
14 әsrdә şәhәr Şimal vә Baltika dәnizlәri hövzәsindә yerlәşәn ölkәlәr arasındakı ticarәtdә mühüm yük boşaltma mәntәqәsinә çevrilmişdi. 1510 ildә imperiya şәhәri hüquqlarını almışdır. 1529 ildә H.-da Reformasiya keçirilmişdir. Almaniya vә Şimali Avropada ilk birjanın (1558), Hamburq bankının (1619), ilk alman ticarәt palatasının (1665) tәsis olunması xarici ticarәtin inkişafına, xüsusәn dә H. portu vasitәsilә Vestfaliya vә Sileziya kәtanının ixracının artmasına güclü tәkan vermişdi. H. azad şәhәr hüququnda Alman İttifaqına (1815), Şimali Almaniya İttifaqına (1867), Almaniya imperiyasına (1871) daxil olmuş, “dünyaya dәniz qapısı” kimi әsas şәhәr rolunu oynamışdır. 1888 ildә Alman Gömrük İttifaqına qoşulmuşdur. 19 әsrin sonları – 20 әsrin әvvәllәrindә fәhlә vә inqilabi hәrәkatın mühüm mәrkәzi idi. 1921 ildә H.-un öz demokratik konstitusiyası qәbul olunmuşdur. İkinci dünya müharibәsi illәrindә İngiltәrә-ABŞ tәyyarәlәrinin bombardmanına (1943–45) mәruz qalmış, port tikililәrinin tәqr. 4/5 -ü, yaşayış binalarının vә sәnaye müәssisәlәrinin yarıdan çoxu dağıdılmış, 50 mindәn çox sakin hәlak olmuşdu. 1945 ildә Britaniya işğal zonasına, 1949 ildә öz konstitusiyası (1952; 1996 ildә dәyişdirilmişdir), qanunverici vә icraedici hakimiyyәt orqanları ilә federal әrazi hüququnda (tam adı Azad vә Hanza şәhәri H.) AFR-in tәrkibinә daxil olmuşdur. Alster vә Şimali Elba çaylarının qovuşmasında yarımdairәvi şәkildә yerlәşәn Köhnә şәhәr istehkam qalıqları ilә әhatәlәnmişdir. H.-da kәrpiç qotikası üslubunda Müq. Pyotr (1310–20), Müq. Yekaterina (tәqr. 1380–1426; qüllә –1658), Müq. Yakov (14 әsrin sonları – 15 әsr) kilsәlәri; barokko üslubunda Müq. Mixail kilsәsi (1751 –78; hünd 132 m olan qüllә 1777–86); Şamçılar gildiyası evi (1676); klassisizm üslubunda birja binası (1839–41) vә “Köhnә poçt” (1847); neorenessans üslubunda Ratuşa (1886–97, memar M. Haller) vә baş vağzal (1906) saxlanılmışdır. Memar F.Höger tәrәfindәn konstruktivizm üslubunda “Çilehaus” (1922–23), “Şprinkenhof” (1928) inşa edilmişdir. 20 әsrin 2-ci yarısının tikililәri: Hamburq Dövlәt Operasının binası (1954–55, memarlar G.Veber, V.Luks, V.Qastreyx, H.Ebert), Troitsa kilsәsi (1956, memar R.Rimerşmid); Peterştrase piyada küçәsi (1966–82, 17–18 әsr evlәrinin fasadı bәrpa edilmişdir), televiziya qüllәsi (1965–68, memarlar F.Trautvayn, F.Leonhardt), Hamburq ticarәt yarmarkası (1960 ildәn keçirilir) kompleksi, Konqres mәrkәzi (1973), Kölbran d brükke (1974) vә Nordelbbrükke (1915; 2002 ildә yenidәn qurulmuşdur) körpülәri vә s. Q.Lessinqә (1881, heykәltәraş F.Şaper), O. fon Bismarka (1906, heykәltәraş H.Lederer), Olsdorf qәbiristanında 2-ci dünya müharibәsi qurbanlarına (1949–52, heykәltәraş Q. Marks) abidә qoyulmuşdur. Şәhәrin işgüzar mәrkәzi Elba çayının sağ sahilindә yerlәşir.

Hamburq filarmoniyası.
Qәrbdәn ona şoubiznes, әylәncә vә istirahәt sәnayesi mәhәllәsi Sankt-Pauli birlәşir, şәrqdә, Alsterdәki süni göl әtrafında villaların, konsulluq binalarının, yaşıl bulvarların olduğu elit mәhәllәlәr salınmışdır. Əsas port qurğuları Elba çayının adaları vә onun sahillәrindә, başlıca sәnaye zonaları isә sağ sahildә yerlәşir. H.-un sağ vә sol sahilyanı hissәlәri sualtı tunellәr vasitәsilә әlaqәlidir. Köhnә tunel (1907–11 illәrdә çәkilmişdir) şәhәrin әsas (şimal) hissәsini cәnub hissәsindәki gәmi tәrsanәlәri ilә birlәşdirir, yeni tuneldәn (1975 ildә açılmışdır) Stokholm – Lissabon Avropa avtomobil yolu keçir. H. Almaniyanın әn yaşıl şәhәrlәrindәn biridir (şәhәr әrazisinin 40%-ndәn çoxunu parklar, bağlar, çәmәnliklәr, meşәlәr tutur); başlıca rekreasiya obyektlәrindәn biri şәhәrin şimal hissәsindә yerlәşәn “Planten und Blümen” parkıdır. Körpülәrin sayına (2200-dәn çox) görә H. qeyri-rәsmi olaraq dünya şәhәrlәri arasında ilk yerlәrdәn birini tutur. Balıq bazarı (port rayonunda), Hagenbek zooparkı (1907) H.-un görkәmli yerlәrindәndir. H. Almaniya vә Şimali Avropanın aparıcı mәdәniyyәt mәrkәzlәrindәn biri, tәhsil vә ETTKİ mәrkәzidir. H. un-ti (1919), Texniki un-t (1978), Federal silahlı qüvvәlәr un-ti (1973), Küne logistika un-ti (2010); musiqi vә teatr (1950), tәtbiqi elmlәr (1970) vә s. ali mәktәblәri; elmi müәssisәlәrdәn M.Plank Cәmiyyәtinin meteorologiya, hәmçinin tropik tәbabәt (1900), iqtisadi tәdqiqatlar (1908), balıqçılıq federal mәrkәzi (1948), Almaniya hidroqrafiya, nüvә tәdqiqatları ETİ-lәri fәaliyyәt göstәrir. Unt vә ETİ kitabxanaları; H.-un tarixi (1839), Şimali Almaniyanın Alton (1863), şәhәr (1863; o cümlәdәn köhnә gәmilәrin burnunu bәzәyәn fiqurlardan ibarәt kolleksiya), Rәsm qalereyası (1869; Almaniyada әn irilәrindәn biridir, 14–20 әsrlәr Avropa incәsәnәti), incәsәnәt vә sәnәtkarlıq (1877), etnologiya (1879), tarix (1903), E. Barlax (1961), İ.Brams muzeylәri, müasir incәsәnәt qalereyası (1997), H.Heynenin evi, planetari, dәniz rәsәdxanası var. H. 17 әsrdәn iri musiqi mәdәniyyәti mәrkәzidir: Şimali Almaniya orqan mәktәbinin inkişafı, R.Kayzerin, G.F.Gendelin, G.F.Telemanın, K.F.E.Baxın yaradıcılıqları bu şәhәrlә bağlıdır. H. Dövlәt Opera Teatrı (1678 ildә açılmışdır), “Taliya-teater” dram teatrı (1843; indiki binası 1912 ildәn), Alman dram (1900), “Onzorq-teater” (1902), “Kammerşpile” (1941), operetta vә s. teatrlar, filarmonik konsert cәmiyyәti (1828), Dövlәt filarmonik orkestri (1934). Şimali Almaniya radiosu orkestri, “Layshalle” konsert zalı (1908 ildә “Muzikhalle” kimi yaradılmışdır). 1975 ildәn “Balet günlәri” festivalı, 1985 ildәn qısametrajlı filmlәrin beynәlxalq festivalı keçirilir. “Hamburq” futbol klubu. 1974 vә 2006 ildә H.-da futbol üzrә dünya çempionatlarının oyunları keçirilmişdir. “Hamburq” futbol klubu (әsası 1887 ildә qoyulmuşdur) altı dәfә (1923, 1928, 1960, 1979, 1982–83) ölkә çempionu vә üç dәfә (1963, 1976, 1987) ölkә Kuboku yarışlarının qalibi, Avropa çempionları (1992 ildәn UEFA çempionları liqası; 1983; 1980 ildә oyunların finalçısı) kubokunun vә Kuboklar Kubokunun (1977; 1968 ildә finalçı) sahibi; UEFA kubokunun (1982), UEFA su perkubokunun (1977, 1983) vә Qitәlәr arası Kubokun (1983) finalçısı olmuşdur. 1963 ildә әsası qoyulduğu gündәn 2018 ilәdәk (55 mövsüm müddәtindә) 1-ci Bundesli qanı tәrk etmәyәn yeganә klubdur. Oyunlarını “Folksparkştadion”da (57 min yerlik yeni stadion 1998–2000 illәrdә inşa edilmişdir) keçirir; futbol üzrә dünya (1974 – köhnә arenada; 2006) vә Avropa çempionatlarının oyunları, UEFA Avropa liqasının finalı (2010) da bu stadionda keçirilmişdir. “Sankt-Pauli” (1910) futbol klubu 8 mövsüm 1-ci Bundesliqada çıxış etmişdir (ilk dәfә 1977/78 illәrdә), oyunlarını “Milleritor” stadionunda (1963 ildә açılmışdır; 26 min 546 tamaşaçı yeri) keçirir. “Hamburq” kişi hәndbol klubu (1999) Almaniya çempionu (2011), Avropa Hәndbol Federasiyası (AHF) çempionlar liqasının qalibi (2013), AHF Kuboklar kubokunun (2007) sahibidir. H. klubları ümumalmaniya sәviyyәsindә otüstü hokkey, lyakross, qadınlar arasında reqbi yarışlarında irәlidәdir. 16 minәdәk tamaşaçı yeri olan “Barkleykard Arena” idman sarayında (2002 ildә açılmışdır) hәndbol üzrә kişilәr (2007) vә qadınlar (2017) arasında dünya çempionatlarının oyunları keçirilmışdir. Ölkәnin әn iri tennis stadionu olan “Am Rotenbaum” da (1999; 13 200 tamaşaçı yeri) hәr il (1892 ildәn; peşәkar statusunda 1969 ildәn) tennis üzrә Almaniyanın açıq çempionatı; “Derbiplats Klyayn-Flottber”, “Horner Rennban”, “Trabrennban Barenfeld” ippodromlarında atçılıq idmanı üzrә yarışlar keçirilir.

Müqәddәs Mixail kilsәsi. Hamburq.
Hamburq marafonu (1986 ildәn) mötәbәrliyinә görә Berlin marafonundan sonar Almaniyada ikincidir. Beynәlxalq Triatlon İttifaqının (ITU) Dünya seriyasının “Hamburq Siti Men” mәrhәlәsi H.-da tәşkil edilir. Atıcılıq (1909), qılıncoynatma (1978), boks (2017), çimәrlik voleybolu (2019) üzrә dünya çempionatları; şahmat olimpiadası (1930) H.-da keçirilmişdir. 20 әsrin sonuncu rübündәn H.-da iqtisadiyyatın üçüncü sektoru sürәtlә inkişaf etmiş, ÜRM-in vә mәşğulluğun strukturunda emal sәnayesinin payı xeyli azalmışdır. ÜDM-in adam başına düşәn hәcmi Almaniya üzrә orta göstәricinin 1/4-i qәdәr çox, işsizlik sәviyyәsi isә ölkә üzrә orta sәviyyәdәn bir qәdәr yüksәkdir (2018). Şәhәr iqtisadiyyatında xidmәt sferası (işlәyәnlәrin 75%-indәn çoxu) kәskin üstünlük tәşkil edir. H. Almaniyanın mühüm ticarәt, maliyyә vә işgüzar mәrkәzi; hәmçinin TMKların mәnzil-qәrar gahlarının yerlәşdiyi aparıcı mәrkәzlәrdәn biridir. Ümumilikdә şәhәrdә tәqr. 170 min şirkәt qeydә alınmışdır (2019). H.-da sığorta fәaliyyәti әnәnәvidir (ilk sığorta cәmiyyәti 1676 ildә açılmışdır) vә şәhәr Almaniyada sığorta şirkәtlәrinin yerlәşdiyi ikinci (Münxendәn sonra) mәrkәzdir (tәqr. 3,1 min, 2019). Şәhәrdә iri ticarәt müәssisәlәri, banklar vә birjalar (o cümlәdәn şәkәr, qәhvә vә kauçuk әmtәә birjaları) yerlәşir. AFR-in bankmaliyyә mәrkәzi kimi (şәhәrdә tәqr. 9,5 min maliyyә şirkәti vә bank cәmlәşmişdir) H. Frankfurt-Mayn, Münxen vә Düsseldorfdan geri qalır, Berlindәn isә irәlidәdir. H. ölkәnin әn iri logistika mәrkәzlәrindәn (10,5 mindәn çox şirkәt) biridir. Peşәkar-işgüzar, informasiya-kompüter xidmәtlәri, sәhiyyә, tәhsil vә ETTKİ, ticarәt vә nәqliyyat; beynәlxalq yarmarka, sәrgi vә konqreslәrin keçirildiyi iri mәrkәzdir. KİV sahәsindә Almaniya liderlәrindәn biri (audioviziul vә multimedia mәhsullarının istehsalı daxil olmaqla), Avropada kino sәnayesinin iri mәrkәzidir. Qәzet-nәşriyyat işi inkişaf etmişdir (1990 ilәdәk AFR-dә buraxılan gündәlik qәzetlәrin tirajının 40%-indәn çoxu H.-un payına düşürdü), nüfuzlu nәşriyyatlar, o cümlәdәn “Springer”, “Heinrich Bauer Verlog”, “Gruner+Jahr” burada yerlәşir. İri turizm biznesi mәrkәzidir.
Hameln şәhәrinin qәdim hissәsi.
İqtisadiyyatın üçüncü sektorunda şәhәrfederal әrazinin siyasi-inzibati funksiyaları mühüm rol oynayır; şәhәr hüdudlarında yerlәşәn konsulluq idarәlәrinin sayına görә H. dünyada ilk yerlәrdәn birini tutur. Emal sәnayesi sahәsindә (tikinti daxil olmaqla) işlәyәnlәrin tәqr. 25%-i çalışır. Sәnaye kompleksindә әsasını әnәnәvi olaraq tәyyarәqayırma vә gәmiqayırma tәşkil edәn maşınqayırma mühüm yer tutur. 1960–70-ci illәrdә tәrsanәlәrin ümumi sayı 60–70-ә çatırdı; 20 әsrin sonuncu rübündәn dünya gәmiqayırma sahәsinin tәnәzzülü vә sifarişlәrin azalması nәticәsindә bir çox kiçik vә orta tәrsanәlәr bağlanmışdır. 21 әsrin әvvәlindә AFR-in dәniz gәmiqayırma sәnayesinin 1/4-indәn azı H.-un payına düşürdü (1990 ildә tәqr. 1/3-i); fәaliyyәt göstәrәn tәrsanәlәrin yarıdan çoxu yalnız gәmi tәmiri ilә mәşğuldur. Dünyada tanınan әn iri tәrsanәlәr “Blohm + Voss” tәrsanәsi Bremenin “Lürssen Werft” ilә Almaniyanın aparıcı gәmiqayırma holdingi olan “ThyssenKrupp Marine Systems” arasında bölüşdürülmüşdür. “Pella Sietas” tәrsanәsi dә H.-da yerlәşir. Aviasiya sәnayesi “Airobus” aviakonserninin Tuluzadakı zavodundan sonra ikinci böyük müәssisәsi ilә tәmsil olunur. Elektrotexnika vә elektronika sәnayesi (rentgen aparatları, elektrik mühәrriklәri, radioaparatlar, mikroprosessorlar, inteqral sxemlәr vә s.-nin istehsalı), dәqiq mexanika vә optika, ümumi maşınqayırma inkişaf etmişdir. İdxal xammalın emalı әsasında H.-da neft emalı sәnayesi (“Nynas”, “H&R”, “Oilinvest” z-dları; Elba çayının sol sahilindә şәhәrkanarı rayonlarda iri neft-kimya komplekslәri yerlәşir), qara metallurgiya (“Arcelor Mittal” müәssisәsi, ildә tәqr. 1.0 mln. t polad), әlvan metallurgiya (“Aurubis” zdu, ölkә üzrә mis әridilmәsinin tәqr. 80%-i; alüminium istehsalı), bir çox tamlı mәhsulların (o cümlәdәn şokolad, tütün mәmulatları, qәhvә vә çay emalı vә s.), hәmçinin balıq konseri, unüyütmә vә yağ sәnayesi, pivә vә marqarin) istehsalı yaradılmışdır. Kimya (ixracyönümlü yüklәrin emalı; gübrә, kimyәvi liflәr, rezin-texniki mәmulatlar, kosmetika vasitәlәri vә s. istehsalı), yüngül, ağac emalı sәnayesi inkişaf etmişdir. Musiqi alәtlәri (royal vә s.) istehsal olunur.










