HAMBURQ MƏDƏNİYYƏTİ – Şimal-Qәrbi Almaniya vә Şimali Hollandiya әrazilәrindә yayılmış Üst Paleolitә (e.ә. 13000 – e.ә. 9850 illәr) aid arxeoloji mәdәniyyәt. H.m. buzlaqların çәkilmәsi ilә c.-dan gәlәn vә ilk dәfә olaraq Şimal-Qәrbi Almaniyada vә o vaxtlar meşәsiz әtraf әrazilәrdә mәskәn salmış şimal maralı ovçularına mәxsus idi. H.m.-nin daşıyıcıları, ehtimal ki, Şәrqi Qravett, yaxud Madlen periferiya qruplarının nәsillәri olmuşlar. H.m.-nin çaxmaqdaşı alәtlәri Üst Paleolit dövrü alәtlәrini xatırladır. Hәndәsi mikrolitlәr tapılmamışdır. Yonma çaxmaqdaşılar vә xüsusi döymәlәrlә zәngindir. Maral buynuzundan arasına çaxmaqdaşı geydirilmiş alәtlәr yayılmışdı. Ovçuluqda, әsasәn, ox vә kamandan istifadә olunurdu. Qurbanvermә mәrasimi (şimal marallarını gölә atırdılar) sәciyyәvi idi. H.m. Arensburq mәdәniyyәti ilә әvәzlәnmişdi.










