HAMDİ BƏY Osman (30.12.1842, İstanbul – 24.2.1910, İstanbul ) – türk arxeoloqu, muzeyşünas, rәssam, musiqiçi vә yazıçı. Atası İbrahim Ədhәm paşa sәdrәzәm idi. Beşiktaş yaxınlığındakı “Maarif әdliyyә” mәktәbindә tәhsil almışdır (1856). 1857 ildә Parisә hüquq üzrә tәhsilini davam etdirmәyә getmiş, eyni zamanda İncәsәnәt Akademiyasına daxil olmuş, rәssamlıq, arxeologiya vә muzeyşünaslığı öyrәnmişdir. 1869 ildә İstanbula qayıdan H.b. xarici işlәr müdirliyinә tәyinat alaraq Bağdada göndәrilmiş, burada arxeologiya sahәsindә ilk tәdqiqatlarını aparmışdır. Qazıntılar zamanı aşkar etdiyi qiymәtli әşyaları İstanbula göndәrmişdir. 1871 ildә İstanbula qayıdan H.b. saray protokol müdirinin kömәkçisi olmuşdur. 1875 ildә Kadıköyün ilk bәlәdiyyә başqanı tәyin edilmişdir. Rusiya-Türkiyә müharibәsindәn (1877–78) sonra dövlәt xidmәtindәn uzaqlaşmış, İstanbul Sәnayi-i Nәfise Mәktәbinin (indiki Memar Sinan ad. İncәsәnәt akademiyası) müdiri (1881) tәyin edilmişdir. Akademiyanın nәzdindәki muzey tәrәfindәn Nimrud dağında, Laginada vә Saydada (Livan) ilk arxeoloji tәdqiqatlar aparılmışdır. H.b. qәdim mәdәniyyәt nümunәlәrinin ölkәdәn xaricә aparılmasına qadağa qoyan layihәni işlәyib hazırlamışdır (1883). Saydada qazıntılar zamanı aşkar edilmiş qәdim artefaktlar arasında dünyaca mәşhur “İsgәndәr” (sonralar mәlum olub ki, bu Sidon hökmdarı II Eş munәzәrdir) sarkofaqı da var idi. 1892 ildә Parisdә arxeoloq F.Reynaxla birlikdә “Une nécropole royale de Sidon” (“Sidon kral nekropolu”) kitabını nәşr etdirmişdir. Güzelhisar, Rәqqa, Boğazköy, Alacahöyük, Tasos, Rodos vә s. yerlәrdә aparılan arxeoloji qazıntılarda iştirak etmişdir. İstanbul arxeoloji muzeyinin yeni binası H.b.-in tәşәbbüsü ilә (1899–1907) inşa olunmuşdur. Muzeyin İstanbuldan kәnarda yerlәşәn anbarları sonralar muzeylәrә çevrilmişdi. H.b.-in 3 rәsm әsәri Parisdәki sәrgidә nümayiş etdirilmişdir. O, türk tәsviri sәnәtinә fiqurlu kompozisiyanı vә qadın tәsvirini gәtirәn ilk rәssam olmuşdur.











