HÁMFRİ (Humphrey) Doris (17.10.1895, İllinoys ştatı, Ok-Park – 29.12.1958, Nyu-York) – Amerika balet artisti, xoreoqraf, pedaqoq, rәqs nәzәriyyәçisi. Modern rәqsin banilәrindәn biri hesab olunur. F.U.Parkerin mәktәbindә (Çikaqo) oxumuş, sonra R.Sent-Denis vә T.Şoundan dәrs almışdır, 1917 ildәn “Denişoun” truppasında işlәmiş, 1925–26 illәr dә hәmin truppa ilә Asiya ölkәlәrinә qastrola çıxmışdır. Şәrq incәsәnәti ilә, hәmçinin çoxmillәtli ABŞ folklorunu öyrәnmәsi H.-nın bәdii dünyagörüşünә tәsir etmişdir. 1928 ildә Ç.Veydmanla birgә Nyu-Yorkda mәktәb vә truppa yaratmışdır. 1934 ildәn Benninqton rәqs mәktәbindә dәrs demiş, 1955 ildә Culyard mәktәbindә rәqs teatrının әsasını qoymuşdur. 1946 ildәn X.Limonla birlikdә onun truppasına rәhbәrlik etmişdir. Musiqi müşayiәti olmayan (“Faciәli sonata” 1923; “Suya hәsr olunmuş etüd”, 1928), hәmçinin U.Rigger (“Yeni rәqs”, “Teatr epizodu”, “Mәnim qırmızı işıqlarımla” trilogiyası, 1935–36, ilk iki hissәsi Veydmanla birgә), A.Koplend (“Yerdә bir gün”, 1947), B.Britten (“Dağıntılar vә görüntülәr”, 1953) vә b.-nın musiqisi әsasında tamaşalar hazırlamışdır. Bәdәn hәrәkәtlәrinin müxtәlif faza vә variasiyalarına aid nәzәriyyә yaratmışdır. Öz nәzәriyyәsini bir sıra kitabda şәrh etmişdir.











