HAMİ DİLLƏRİ – sami dillәri ilә müәyyәn oxşarlığı olan, lakin onların sırasına daxil edilmәyәn dillәri adlandırmaq üçün 19 әsrin ortalarından dilçilikdә istifadә olunan termin. H.d.-nә, әsasәn, Qәdim Misir dili, kuşi dillәri, bәrbәr dillәri (bax Bәrbәr-Liviya dillәri), hәmçinin hausa dili vә ona qohum olan Çad dillәrini aid edirdilәr. H.d.-ni sami dillәri ilә birgә sami-hami (hami-sami) dil ailәsindә birlәşdirirdilәr (müasir adı Afrasiya dillәri). H.d. qrupunun tәrkibi vә sami-hami dillәrinin ümumi xüsusiyyәtlәrinә dair mәsәlәlәr (“qarışıq dillәrin” genetik birliyi vә ya müxtәlif konsepsiyaları) K.R.Lepsius, F.Müller (Avstriya), F.Pretorius (Almaniya), J.E.Renan, K.Lotner (Almaniya), L.Rayniş (Avstriya), K.Brokkelman, D.Vesterman, A.Erman, A.Trombetti, O.Rössler (Almaniya) vә b.-nın әsәrlәrindә müxtәlif şәkildә şәrh olunmuşdur. Etnomәdәni vә antropoloji dәlillәrә әsaslanan K.Maynhof vә onun ardıcılları bir çox Afrika dilini, o cümlәdәn Nil dillәrini, fula dilini, hottentot dillәrini (bax Koysan dillәri) vә s. sәhvәn H.d.-nә aid etmişlәr. Bu konsepsiya afrikaşünaslıqda “hami nәzәriyyәsi” kimi tanınır. Sonrakı tәdqiqatlar (M.Koen, C.H.Qrinberq) Afrasiya (sami-hami) dil ailәsi çәrçivәsindә sami dillәrinә qarşı qoyulan xüsusi hami birliyinin olmadığını göstәrdi. Müasir dilçilik nöqteyi-nәzәrindәn әvvәllәr H.d.-nә daxil edilәn dillәr sami dillәri ilә yanaşı Afrasiya (sami-hami) dillәri makroailәsi tәrkibindә müstәqil dil ailәlәri kimi göstәrilir. “H.d.” istilahından hazırda istifadә olunmur.










