HAMİLƏLİK – ana bәtnindә mayalanmış yumurtahüceyrәdәn әmәlә gәlәn vә doğumla nәticәlәnәn fizioloji inkişaf prosesi. H. yumurtahüceyrәnin spermatozoidlә mayalandığı andan başlayır. İ n s a n d a mayalanmış yumurtahüceyrә (ziqota) qız hüceyrәlәrә bölünür vә eyni zamanda әzәlәlәrin yığılması vә sәyrici epiteli xovlarının hәrәkәti sayәsindә uşaqlıq borusu ilә irәlilәyir. 3–4-cü gündә 8–12 hüceyrә kompleksi uşaqlıq boşluğuna düşür vә hüceyrәlәr orada tәqr. 4 gün әrzindә cüzi yumurta sarısı ehtiyatı vә uşaqlıq vәzilәri sekreti hesabına qidalanır. Sonra hüceyrәlәrin ifraz etdiyi fermentlәrin kömәyi ilә uşaqlığın selikli qişasının yapışdığı sahә dağılır vә kompleks tamamilә hәmin qişanın dәrinliyinә implantasiya olur (daxil olur). Bu andan etibarәn embrionun formalaşması vә onun ana orqanizmi hesabına qidalanması başlayır. Ana bәdәni ilә әlaqә embrionun yapışdığı yerdә әmәlә gәlәn plasenta vasitәsilә yaranır vә embrion onunla göbәk vasitәsilә birlәşir. Paralel olaraq embrion qişası әmәlә gәlir. Əgәr implantasiya uşaqlıqdan kәnarda (boruda, yumurtalıqda, qarın boşluğunda) baş verirsә, onda uşaqlıqdankәnar hamilәlik inkişaf edir vә bu, cәrrahi müdaxilә tәlәb edir. H. birdöllü vә çoxdöllü olur (bax Əkizlәr). H.-in başlanması ilә cinsi tsikl dayanır, qadın orqanizmi sistemlәrindә intensiv dәyişikliklәr baş verir, xüsusilә ilk hәftәlәrdә qadının özünü hiss etmәsindәki (ürәkbulanma, başgicәllәnmә vә s.) dәyişikliklәrlә müşayiәt olunan qadın orqanizmi sistemlәrindә intensiv dәyişikliklәr baş verir. Uyğunlaşma reaksiyaları dölün inkişafı üçün әlverişli şәraitin yaranmasına doğru istiqamәtlәnir. Mәs., sinir mәrkәzlәrinin oyanıqlığının azalması uşaqlıq әzәlәlәrinin zәiflәmәsinә sәbәb olur vә bu, ona sakitlik vәziyyәtini tәmin edir. Hamilә qadın orqanizmi sarı cisimdә (progesteron), yumurtalıqlarda (follikulin), sonradan isә plasentada (estriol vә s.) әmәlә gәlәn hormonların tәsiri altında olur. Yumurtalıqda qraaf qovuqcuğunun yetişmәsi dayanır. Süd vәzilәrinin böyümәsi vә H.-in sonunda ağızsüdünün ifrazı hipofizin hormonları ilә stimullaşdırılır. Uşaqlığın strukturu dәyişilir. Doğum anına yaxın onun hәcmi 500 dәfә, kütlәsi isә 25 dәfә artır, selikli qişası böyüyür, tәdricәn әzәlә liflәrinin vә plasentaya qan aparan damarların miqdarının vә ölçüsünün artması baş verir. Uşaqlığa axıb gәlәn qanın miqdarı 5–6 dәfә artır, qanın hәcmi 400–500 ml olur. Tәnәffüs dәrinlәşir, qaz mübadilәsi güclәnir. Maddәlәr mübadilәsi dәyişir; mineral maddәlәrә (kalsium, fosfor, kalium, maqnezium, dәmir vә s.) vә vitaminlәrә olan tәlәbat artır. Böyrәklәrin, böyrәküstü vә qalxanabәnzәr vәzilәrin fәaliyyәtindә ciddi dәyişikliklәr qeyd edilir. Çanağın bağ aparatı birlәşmәlәrinin hәrәkәtliliyi artır. Piqmentlәşmә güclәnir. H. orta hesabla 280 gün (10 qәmәri ayı vә ya 40 hәftә) tәşkil edir. Bu müddәt әrzindә qadın bәdәninin kütlәsi 10–14 kq artır. Uşağın bәtndaxili inkişafı şәrti olaraq embrional (ilk iki ay) vә fetal (döl) dövrlәrә bölünür; embrional dövrdә toxumaların tәmәlinin qoyulması vә fәrqlәnmәsi baş verir, fetal dövrdә isә döl böyüyür, onun orqanları vә sistemlәri inkişaf edir (cәdvәl 1). Döl uşaqlıqda döl qişasını tәşkil edәn döl qovuqcuğunun içәrisindә yerlәşir, dölyanı maye ilә әhatә olunur. Dölyanı maye dölü xarici zәrbәdәn, göbәyi sıxılmaqdan qoruyur, dölün sәrbәst hәrәkәtini tәmin edir. Doğuşa 1–2 ay qalmış döl boylama, yәni normal vәziyyәt alır vә doğuşun 96%-i baş gәlişli, 3.5%-i çanaq gәlişli, 0,5%-i patoloji vәziyyәtli (köndәlәn, çәp gәlişli) olur. H.-in gedişini çox vaxt onun müxtәlif mәrhәlәlәrindә baş verә bilәn xәstәliklәr vә ya patoloji proseslәr ağırlaşdırır. Bu isә istәr H. zamanı, istәrsә dә doğuş zamanı vә ondan sonra ana vә döl üçün müәyyәn tәhlükә (yüksәk risk) tәşkil edir. Onlar, mәs., dölün 47-dәn az olmayaraq inkişafdan qalmasına, onun bәtndaxili ölümünә, uşaqlıq qanaxmalarına, vaxtından әvvәl doğuşa vә s. sәbәb ola bilәr. Tez-tez döl üçün xüsusi tәhlükә törәdәn hamilәlik toksikozları inkişaf edir. Dölün qeyri-düzgün yerlәşmәsi, çoxdöllülük, dölyanı mayenin çoxluğu, vaxtından gec doğmaq H.-i ağırlaşdıra bilәr. Rüşeymin inkişaf vә böyümә pozulmaları zamanı uşaqlıq qanaxmaları, hamilәliyin pozulması vә dölün ölümü kimi ağırlaşmalar baş verir. Ana üçün vә xüsusilә döl üçün onların qanının rezus-faktoruna görә uyuşmazlığı yüksәk risk tәşkil edir. Anada bir sıra xәstәliklәrinin (ürәk qüsurları, hipertoniya xәstәliyi, pielonefrit, bronxial astma vә s.) vә ya cinsiyyәt orqanları patologiyalarının (inkişaf qüsurları, uşaqlıq boynunun eroziyası, uşaqlığın polipi, uşaqlığın mioması vә s.) olması ana vә döl üçün mühüm risk әmәlә gәtirir. H.-in ilk vaxtlarında risk amillәrinin aşkar edilmәsi H.-in vә doğumun ehtimal olunan ağırlaşmalarının qarşısını almaq mәqsәdilә vaxtında müvafiq müalicә vә profilaktik tәdbirlәrin görülmәsinә imkan verir.











