HÁMİLTON Aleksandr (11.1.1757, Nevis a. – 12.7.1804, Nyu-York) – ABŞ dövlәt xadimi. 1774–75 illәrdә Nyu-Yorkun Kral kollecindә tәhsil almış, pamfletçi kimi tanınmışdır. Şimali Amerikada istiqlaliyyәt müharibәsi (1775–83) zamanı Kontinental orduda xidmәt etmiş, C. Vaşinqtonun hәrbi adyutantı olmuşdur. Yorktaun yaxınlığındakı vuruşmada fәrqlәnmişdir. 1782–83, 1787–1788 illәrdә Konqresin üzvü olmuş, Konstitusiya konventinin (1787) işindә iştirak etmişdir. “Konfederasiya maddәlәri”nin yenidәn baxılmasına vә ABŞ-da mәrkәzi hakimiyyәtin möhkәmlәnmәsinә çalışmışdır. C.Medison vә C.Ceylә birlikdә yeni konstitusiyanın müdafiәsi mәqsәdilә “Federalist” ümumi adı altında pamfletlәr yazmışdır. Nyu-York ştatında konstitusiyanın ratifikasiyası üçün fәaliyyәt göstәrmişdir. 1789–95 illәrdә maliyyә naziri vәzifәsini tutmuşdur. Federalistlәrin әn görkәmli liderlәrindәn biri olmuşdur (ultrafederalistlәr fraksiyasının rәhbәri idi). ABŞ iqtisadiyyatının möhkәmlәnmәsinә dair tәdbirlәr sistemini işlәyib hazırlamışdır. H.-un dәyәr probleminә dair tәdqiqatları ABŞ iqtisadi fikrinә mühüm tәsir göstәrmişdir. T.Ceffersonun demokratik proqramının әleyhdarı idi. Xarici siyasәtdә B.Britaniya ilә yaxınlaşmağa çalışmış, ABŞ üçün qeyribәrabәr Cey müqavilәsinin (1794) bağlanmasında fәal iştirak etmişdir. Dueldә aldığı yaradan ölmüşdür










