HÁMİLTON – Kanadanın c.-ş.-indә, Ontario әyalәtindә şәhәr. Əh. 536,9 (2016). ABŞ-la sәrhәd yaxınlığında, Ontario gölünün q. sahilindәdir. Müqәddәs Lavrenti su yolları sistemindә әn iri portlardan biri (yük dövriyyәsi tәqr. 12 mln. t, 2005; әsasәn, dәmir filizi vә daş kömür). İri nәql. qovşağı. Beynәlxalq aeroport. 18 әsrin sonlarında indiki H.-un yerindә avropalıların ilk mәskәnlәri salınmışdır. Şәhәrin әsası 1813 ildә Kanada sahibkarı vә siyasәtçisi C.Hamilton tәrәfindәn qoyulmuşdur. 1846 ildә şәhәr statusunu almışdır. Şәhәrin görmәli yerlәri: Geyc ailәsinә (1796), N.Ceksona (1810, 1870-ci illәr) mәxsus taxta evlәr, Dandurn qәsri (1832–35, memar R.Betheral), Stoni-Krik döyüşünә (1910–13) hәsr olunmuş abidә var. Makmaster un-ti (әsası 1887 ildә Toronto ş.-indә qoyulmuş, 1930 ildәn H.-da; un-tin nәzdindәki elmi mәrkәzlәrdә biotexnologiya vә s. sahәlәrdә tәdqiqatlar aparılır), rәssamlıq qalereyası (1914), hәmçinin texnika, hәrb muzeylәri vә s. fәaliyyәt göstәrir. “Akvarius” dram teatrı, botanika bağı var. Şәhәr iqtisadiyyatında xidmәt sferası (işlәyәnlәrin 70%-ndәn çoxu), әsasәn, ticarәt, sәhiyyә, elm vә tәhsil sahәlәri üstünlük tәşkil edir. H. ölkәnin әn iri qara metallurgiya sәnayesi mәrkәzidir (Kanadanın polad istehsalının tәqr. 50%-ini tәşkil edir; işlәyәnlәrin 4,5%-i bu sahәdә çalışır). Əsas polad istehsalçıları – “Stelko İnc.” vә “Dofaso İnc.”, poladyayma – “Canadian Drawn Steel”, “Cold Metal Products”. Ağır maşınqayırma, metal emalı, elektrotexnika, kimya, yeyinti sәnayesi müәssisәlәri fәaliyyәt göstәrir.

İsa Mәsih baş kilsәsi. Hamilton (Kanada).










