HAMMURÁPİ QANUNLARI – Babildә I sülalәnin hökmdarı Hammurapinin e.ә. 1750-ci illәrdә tәrtib olunmuş qanunları. H.q.-nın yazıldığı bazalt sütun Hammurapinin hakimiyyәtinin 35-ci ilindә ucaldılmışdı. H.q. 1901–02 illәrdә fransız arxeoloji ekspediyası tәrәfindәn Suz ş.-ndә (İran) tapılmışdır. Luvrda saxlanılır. Mixi yazısı ilә hәkk edilmiş qanunların mәtni giriş, 282 maddә vә sonluqdan ibarәtdir. Girişdә deyilir ki, İkiçayarasının ali allahları vә Babil allahı Marduk Hammurapiyә ölkәdә hәqiqәti vә әdalәti bәrqәrar etmәyi tapşırmışlar. Qanunların әsas mәtnindә ölkәnin bütün әhalisi üç sosial tәbәqәyә ayrılır: avilumlar (irsәn әldә edilmiş torpaq sahәlәrinә malik olan köklü şәhәr sakinlәri), muşkenumlar (xidmәtә görә torpaq sahәsi әldә etmiş vә icma daxilindә öz pay sahәsi olmayan hәrbçilәr vә mәmurlar) vә vardumlar (qullar). H.q.-nın maddәlәri tәnzimlәmә predmetinә görә qruplaşdırılır, paraqraflar arasında әlaqә assosiasiya ilә qurulur. Birinci fәslin maddәlәri yalançı şahidlik vә әdalәt mühakimәsinin düzgün hәyata keçirilmәmәsi üçün mәsuliyyәt nәzәrdә tutur. Sonrakı fәsildә avilumların sağlamlığı vә şәxsi mülkiyyәti qorunur, onlara zәrәr vurmağa görә ölüm cәzası verilir. Cәmiyyәtin digәr tәbәqәlәrinin sağlamlığı müxtәlif mәblәğdә pul cәrimәlәri ilә qiymәtlәndirilir. Ailә hüququna xüsusi bölmә ayrılmışdır. H.q.-na görә, nikah müqavilәsi bağlamadan nikah mümkün deyil, gәlinin cehiz mәblәği onun üçün verilәn başlığın mәblәğindәn xeyli çox olmalıdır. Qanunlarda insestual әlaqә iştirakçıları üçün әn sәrt cәza (yandırılma) nәzәrdә tutulur. Daşınar vә daşınmaz әmlakla әmәliyyatların tәnzimlәnmәsi, hәmçinin ticarәt vә kredit münasibәtlәri üçün xüsusi bölmә var. Borclu kasıb şәxsin, yaxud onun qohumlarının kreditorun evindә keçirdiyi borc kölәliyinin müddәti 3 ildәn çox olmamalıdır. Qanunların sonluğunda H.q.-nı sütundan silmәk vә onların yerinә öz qanunlarını yazmaq istәyәn hәr hansı hökmdara ünvanlanan lәnәtin geniş düsturu verilmişdir. H.q. hәmçinin akkad әdәbiyyatı abidәsidir. Onda hökmdar yazılarından vә daha erkәn mixi yazılı hüquq toplularından (Ur-Hammu şumer qanunları, Lipit-İştar qanunları, Eşnunna qanunları) götürülmüş bir çox әdәbi ifadә vә epitetlәr var. Mәlumdur ki, klassik akkad dilini öyrәnmәk mәqsәdilә H.q. mәktәbdә istifadә edilәn gil lövhәlәrin üzәrinә köçürülürdü. Eyni zamanda, H.q.-nın hüquqi effektivliyi şübhә doğurur. Döv rümüzәdәk qorunub saxlanmış mәhkәmә iclası protokollarında yazılı hüquqa istinadlar yoxdur. H.q.-nın yalnız deklarativ sәciyyә daşıdığı ehtimal edilir.










