HANNOVER SÜLALƏSİ (ing. House of Hannover) – Britaniya kral sülalәsi [1714–1901]. 1837 ilәdәk hәmçinin B.Britaniya ilә şәxsi uniyada olan Hannoverin hakim sülalәsi (kurfürstlәr, 1815 ildәn krallar). Varislik aktına (1701) uyğun olaraq Stüartlar sülalәsini әvәz etmişdir. H.s.-nin nümayәndәlәri Pfalslı I Fridrixin vә I Yakov Stüartın qızı Yelizavetanın nәsillәridir. Hannover kurfürstu Georq Lüdviq I Georq adı ilә H.s.-nin ilk kralı olmuşdur. Onun varislәri: II Georq, III Georq, IV Georq, IV Vilhelm vә Viktoriya. Viktoriyanın vә şahzadә-konsort Albertin (Saksen-Koburq-Qota alman sülalәsinin nümayәndәsi) oğlu VII Eduard Saksen-Koburq-Qota sülalәsindәn (1917 ildәn Vindzor sülalәsi) olan birinci Britaniya kralı olmuşdur. H.s. nümayәndәlәrinin Britaniyada hakimiyyәt illәri şәrti olaraq Georq (bu sülalәdәn Georq adını daşıyan ilk kralların hakimiyyәti) vә Viktoriya (kraliça Viktoriyanın hakimiyyәti) dövrlәrinә bölünür. H.s.-nin hakimiyyәti zamanı Britaniya parlamentarizmi vә siyasi demokratiya formalaşmış, kral hakimiyyәti zәiflәmiş, sәnaye inqilabı baş vermiş, kapitalizm sürәtlә inkişaf etmiş, Britaniya imperiyası yaranmış, B.Britaniya dünyanın aparıcı dövlәtinә çevrilmişdir.










