HANSEN Alvin (23.8.1887, Cәnubi Dakota ştatı, Viborq – 6.6.1975, Virciniya ştatı, Aleqsandriya) – Amerika iqtisadçısı. Yankton kollecindә (1910) oxumuş, Viskonsina un-tindә iqtisad e.d. elmi dәrәcәsini almış, Harvard Un-tinin (1937–56) prof.-u olmuşdur. Sosial tәminat üzrә Mәslәhәtçilәr şurasının üzvü (1937–38), Federal ehtiyyatlar sisteminin iqtisadi mәsәlәlәr üzrә mәslәhәtçisi (1940–45) olmuş, valyuta sisteminin yenidәn qurulmasına vә Beynәlxalq Valyuta Fondunun yaradılmasına hәsr olunmuş Bretton-Vud konfransında (1944); tam mәşğulluq haqqında qanununun işlәnib hazırlanmasında vә ABŞ prezidenti yanında İqtisadi mәslәhәtçilәr şurasının yaradılmasında (1946) yaxından iştirak etmişdir. H. 1930-cu illәrin sonlarında C.M. Keyns nәzәriyyәsinin fәal tәbliğatçısı vә istedadlı tәfsirçisi olmuşdur. H.-ә görә düzgün dövlәt siyasәtinin kömәyilә kapitalizmin sәmәrәliliyini tәmin etmәk olar. Onun nәzәriyyәsindәn irәli gәlәn praktik tövsiyәlәr bir çox ölkәdә iqtisadi problemlәrin hәllindә istifadә olunur. C.Hikslә birlikdә makroiqtisadi tarazlıq modelini işlәyib hazırlamışdır.
Ə s ә r l ә r i: Business cycle theory. Boston, 1927; Economic stabilization in an unbalanced world. N.Y., 1932; Fiscal policy and full employment. N.Y.,1947; Monetary theory and fiscal policy. N.Y., 1949; Aguide to Keynes. N.Y., 1953; Economic issues of the 1960s. N.Y., 1960.










