HÁNSVURST (alm. Hanswurst, hәrfi mәnası – Hans-kolbasa) – alman xalq teatrında komik personaj. 16 әsrdә fastnaxtşpil tamaşalarında meydana çıxmışdır. 17 әsrdә gәzәrgi truppaların komik intermediyalarının müxtәlif hissәlәrini birlәşdirәn әsas sima kimi tanınmışdı. Sadәlövh, avam, hiylәgәr, şәn, qorxaq vә qarınqulu H. tamaşaçıları zarafatla, hoqqabazlıqla әylәndirirdi. Tamaşa boyunca adәtәn xalqa müraciәt edәn H. improvizasiyadan geniş istifadә edirdi. H.-un alman variantından başqa italyan “Komedi del arte” nin tәsiri ilә Arlekinin bәzi xüsusiyyәtlәrini mәnimsәmiş Avstriya variantı da mövcud olmuşdur. 18 әsrin birinci yarısında klassisist İ.K. Qotşed pis zövqün tәzahürü kimi H.-un iştirak ilә tamaşalara qarşı çıxmışdır. Onun tәsiri ilә aktrisa vә teatr xadimi F.K. Noyber 1737 ildә özünün Leypsiqdәki teatrının sәhnәsindә H. üzәrindә dramatik mәhkәmә tәşkil etmişdir (tamaşanın proloqunda H.-un saman müqәvvası yandırılırdı). Sonralar Q.E. Lessinq H.-un sәhnәdәn uzaqlaşdırılması cәhdlәrini kәskin tәnqid etmiş, bunu alman xalq yaradıcılığı әnәnәlәri ilә qırılma kimi qiymәtlәndirmiş vә H.-u Hamburq Milli Teatrında (1767–68) bәrpa etmәyә sәy göstәrmişdir. 18 әsrin sonlarında H. öz yerini vodevil vә zinqşpil komik personajlarına verәrәk tamamilә sәhnәdәn getmişdir.










