HÁNZA (orta aşağı alm. Hansa – “dәstә, mәiyyәt” sözündәn) – 12–16 әsrlәrdә alman tacirlәrinin birgә tәmsilçilik vә xarici ticari mәnafelәrinin müdafiәsi mәqsәdilә yaratdıqları ittifaq. 11 әsrdә mövcud olmuş vә ölkә xaricindә imtiyazlar almış alman tacir birliklәrinin varisi idi. H.-nın ilk müәssisәsi 1157 ildә Köln tacirlәrinin Londonda açdıqları Ştalhof ticarәt kontoru olmuşdur. Tәqr. 1160 ildә Qotland a.-nın Visbü ş.-ndә Qotland alman tacirlәrinin ticarәt gildiyasını yaradılmışdır. Əvvәlcә H.-nın fәaliyyәt coğrafiyasına Şimal dәnizi hövzәsi vә Baltika dәnizinin q. hissәsi, Şimal-Qәrbi Avropa, Skandinaviyanın q. rayonları daxil idi. Sonralar H.-nın fәaliyyәti hәmçinin Baltika dәnizinin ş. sahillәrinә vә Şәrqi Avropanın daxili rayonlarına yayılmışdı. H., әsasәn, xәz, taxıl, balıq, duz, parça, şәrab, metal, mum, hazır mәmulatların satışı ilә mәşğul olurdu. H.-da liderlik Lübek ş.-nin tacirlәrinә mәxsus idi. Lübekin rәhbәrliyi altında Vestfaliya, Saksoniya, Venden, Pomeraniya vә Prussiya şәhәrlәrinin ittifaqı formalaşmışdı (formalolaraq 1356 ildә). Belәliklә, H. tacir tәşkilatı şәhәrlәrin birliyinә çevrilmişdi (onlar arasında rәsmi müqavilә heç vaxt imzalanmamışdır). H.-nın rәhbәr orqanı H.-ya üzv şәhәrlәrin tәmsilçilәrinin Lübekdә keçirilәn qurultayı (hanzataq) idi. 14 әsrin ortalarından Şimali Avropanın hәmçinin siyasi vә mәdәni hәyatında mühüm rol oynayan H. Skandinaviya hakimlәri ilә silahlı mübarizәyә başladı. H.-nın Danimarka kralı IV Valdemar Atterdaq üzәrindә qәlәbәsini tәsbit edәn Ştralzund sülhüdәn (1370) sonrakı başlanan yüksәliş dövründә Köln–Dortmund–Göttingen–Halle–Breslau–Torn–Dünaburq (D a u q a v p i l s)–Derpt (T a r t u) xәttindәn şimaldakı bütün әhәmiyyәtli şәhәrlәr birliyin tәrkibinә daxil idi. H. Avropa dövlәtlәri arasında iqtisadi mübadilәnin, Qәrbi vә Mәrkәzi Avropada toxuculuq vә mәdәn sәnayesinin inkişafını sürәtlәndirdi. Eyni zamanda alman tacirlәrinin ticarәti inhisara almaları H.-ya daxil olmayan yerli tacirlәrin fәaliyyәtinә mane olurdu. Milli iqtisadiyyatın inkişafı, ingilis, holland, fransız vә rus tacirlәrinin mövqeyinin möhkәmlәnmәsi 15 әsrin sonu – 16 әsrin әvvәllәrindә H.-nın kontragent dövlәtlәrlә ziddiyyәtlәrini kәskinlәşdirdi. Böyük coğrafi kәşflәrlә әlaqәdar әsas ticarәt yollarının dәyişmәsilә H. әhәmiyyәtini qәti olaraq itirdi. 1553 ildә Brügge ş.-ndә, 1598 ildә Londonda H.-nın kontoru bağlandıqdan sonra H. faktiki olaraq dağıldı. Otuzillik müharibәdәn (1618–48) sonra H. әnәnәlәrini bәrpa etmәyә çalışan Lübek, Hamburq vә Bremen sıx ittifaq bağlasalar da, bu ittifaq 1669 ilәdәk mövcud oldu.










