HAPLOİD (yun. άπλόος – tәk-tәk, sadә vә...id) – tәk yığımlı xromosom dәsti olan orqanizm (yaxud hüceyrә). Belә haploid dәstin simvolu (yaxud N) ilә işarә edilir. Yüksәk tәşkil sәviyyәsinә malik yosunlarda vә bütün quru bitkilәrindә H. onların qametofit adlanan hәyat tsikli nәsillәrindәn biri vә mitoz nәticәsindә yaratdıqları cinsiyyәt hüceyrәlәridir. H.-ә hәmçinin ibtidai yosunlarda vә bir çox göbәlәklәrdә rast gәlinir. Heyvanlar arasında haploid nәsil bәzi ibtidailәrin mәs., sporluların, xüsusilә dә malyariya plazmodisinin hәyat tsiklindә üstünlük tәşkil edir. Pәrdәqanadlı cücülәrdә mәs., arılarda H. erkәk fәrdlәrdә olur, belә ki, onlar mayalanmamış yumurtalardan, hәmçinin mitozun gedişindә onlarda formalaşan cinsiyyәt hüceyrәlәrindәn inkişaf edir. İnsanda vә çoxhüceyrәli heyvanların әksәriyyәtindә yalnız meyoz prosesindә diploid hüceyrәlәrdәn әmәlә gәlәn cinsiyyәt hüceyrәlәri haploiddir. Haploidlәrdә hәr gen müvafiq әlamәtin inkişafına dair irsi informasiyanı daşıyan bir allellә tәmsil olunur. Buna görә dә H.-in bütün genlәri onların dominant, yaxud resessiv allelәrlә tәmsil edilmәlәrindәn asılı olmayaraq fenotip sәviyyәsindә tәzahür edir. İkiqat (cüt) xromosom yığımı (2 n) olan diploidlәrlә müqayisәdә quruluşu pozulmuş genlәrin mövcudluğu H.-in hәyat qabiliyyәtini aşağı salır vә әtraf mühitin әlverişsiz tәsirinә davamlılığını azaldır. Virusların vә bakteriyaların әksәriyyәtini H. hesab etmәk olar, belә ki. onların adәtәn viruslu, yaxud bakteriyalı xromosomlar adlanan genetik materialı bir, yaxud bir neçә müxtәlif DNT molekulu (bir sıra viruslarda RNT molekulu) ilә tәmsil olunur.










