HARİPUNÇAYYA, H a r i p u n c a y y a H a r i p u n ç a y – indiki Tayland әrazisinin şm.-q.-indә tәqr. 7 әsrdәn 13 әsrәdәk mövcud olmuş monların dövlәti. 8 әsrin әvvәllәrindә Tayland vә Birma әrazisinin xeyli hissәsini әhatә edәn monların Dvaravati (Luvo) dövlәtinin (4–11 әsrlәr) şahzadәsi Çamathevi (Kamadevi) H.-nın ilk qadın hökmdarı olmuşdur. O, Pinq çayı vadisindә H. (yaxud Lampun) dövlәtini yaratmışdır. Lampun ş.-ndә (Şimali Tayland) Çamathevinin şәrәfinә vat (mәbәd) tikilmişdir. H. dövlәti inkişaf etmiş irriqasiyaya, hüquq sisteminә, mәdәniyyәt vә incәsәnәtә, Cәnubi Hindistan әlifbasına әsaslanan yazıya malik idi. İqtisadiyyatının әsasını әritmә vә tökmә üsulları ilә dәmir emalı tәşkil edirdi. H. Qәdim Hindistandan buddizmi dә әxz etmişdi. Tәqr. 1000 ildә bir neçә dövlәt arasındakı müharibәlәr nәticәsindә Dvaravati (Luvo) hökmdarı Uçitta çakravarti H.-nın paytaxtı Lampunu әlә keçirdi. 11 әsrdә H. khmerlәrlә vә güclәnәn tay hakimliklәri ilә müharibәlәr aparırdı. Çianqsen (Lanna) hakimliyinin başçısı Menqray zәiflәmiş H.-nın torpaqlarını tәdricәn әlә keçirdi, tay hakimlәri ilә ittifaq bağladıqdan (1292) sonra, onun paytaxtını mühasirә edәrәk tutdu vә Lanna hakimliyinin tәrkibinә qatdı.










