HÁRLEM (Haarlem) – Niderlandın q.-indә şәhәr. Şimali Hollandiya әyalәtinin inz. m. Əh. 156 min (2014). D.y. st. Sparne kanalında gәmi dayanacağı. 10 әsrdәn qeyd edilir. 12 әsrdәn Hollandiya qraflarının iqamәtgahı olmuşdur. 1245 ildә şәhәr statusunu almışdır. “Qara ölüm” (1381) zamanı, demәk olar, әhalisinin yarısını itirmişdi. Sonralar iri ticarәt şәhәri, toxuculuq vә pivәbişirmә mәrkәzi olmuşdur.

Müqәddәs Bavon kilsәsi. Harlem.
Niderland inqilabının (16 әsr) gedişindә uzunmüddәtli mühasirәdәn (11.12.1572 – 12.7.1573) sonra ispanlar tәrәfindәn tutulmuşdu. 18 әsrin әvvәllәrindә yaxınlığındakı Amsterdamın inkişafı ilә әlaqәdar әvvәki әhәmiyyәtini itirmişdir. 1940–45 illәrdә H. alman qoşunlarının işğalı altında olmuşdur. Qrote-markt mәrkәzi meydanında şәhәr mühafizә evi (1250 – tәqr. 1350 ildә ratuşa binası, 1650 ildә yenidәn tikilmiş, hәbsxana kimi istifadә edilmişdir), Ratuşa (Hollandiya qraflarının keçmiş sarayı, tәqr. 1350, 1620–30-cu illәrdә yenidәn tikilmişdir, memar L. de Key, qüllә – 1914), Müq. Bavon kilsәsi (Qrote-kerk, 1370-ci illәr –16 әsrin әvvәllәri), Ət dükanları binası (Vleshal, 1602–03, barokko üslubunda, memar Key) yerlәşir. Dini tikililәri: Yanskerk (14 әsr – 1595, hazırda şәhәr arxividir) vә Nyivekerk (1645–49, memar Y. van Kampen, qüllә – 1613, memar Key) kilsәlәri. Sint-Andriansdulen (tәqr. 1562, hazırda şәhәr kitabxanasıdır) vә Sint-Yorisdulen (1591) atıcılıq korporasiyalarının evlәri, şәhәr tәrәzisi binası (1597–98), qocalar evi (1608, memar Key; 1913 ildәn F.Hals muzeyi) mülki memarlıq nümunәlәridir. F.Halsa abidә qoyulmuşdur (1900, heykәltәraş H.Sholts). Niderland kral elmi cәmiyyәti (1752), çoxsaylı muzeylәr, o cümlәdәn P.Teyler (1778, ölkәdә әn qәdim; Rembrandtın, Mikelancelonun vә b. әsәrlәri), tarix (1990), arxeologiya (1991) muzeylәri; teatrlar var. Musiqi festivalları keçirilir. H.-dә müxtәlif idman yarışları, o cümlәdәn Harlem beysbol hәftәsi (ilk dәfә 1961 ildә; 1972 ildәn 2 ildә 1 dәfә), softbol üzrә dünya çempionatı (2014) keçirilmişdir. Şәhәr iqtisadiyyatının әsasını xidmәt sferası tәşkil edir. Aparıcı sahәlәri: inzibati (o cümlәdәn korporativ idarәetmә), ticarәt, turizm (әsas milli mәrkәzlәrdәn biridir) vә onunla әlaqәli sahәlәr, konsaltinq, sәhiyyә (Sparne xәstәxanası – şәhәrin әsas işәgötürәnlәrindәn biridir) vә s. Yeyinti (әsas milli istehsalçı olan “Koninklijke Droste Fabrieken B.V.” şirkәtinin şokolad f-ki; pivә bişirmә), yüngül vә poliqrafiya sәnayesi inkişaf etmişdir. Vinil lövhәlәr (dünyanın әn iri f-klәrindәn biri) istehsal olunur. H.-in әtrafı ölkәnin başlıca әmtәәlik gülçülük rayonudur.

Harlem şәhәr bәlәdiyyәsi.










