HARMONİZASİYA – hәr hansı melodiya üçün harmonik müşayiәtin bәstәlәnmәsi. Harmonik müşayiәtә dә H. deyilir. Melodiya müxtәlif üsullarda H. edilә bilәr (harmonik variasiya). H.-nın mühüm tәbii elementlәri melodiyanın özündә müәyyәnlәşir. Xalq mahnılarının H.-sı musiqi yaradıcılığının başlıca mәsәlәlәrindәndir. H. peşәkar kompozisiya texnikası kimi 18 vә xüsusilә 19 әsrdә Avropada yayılmışdı. İ.S.Bax, Y.Haydn, L. van Bethoven, M.İ. Qlinka, A.Dvorjak, M.A.Balakirev, P.İ. Çaykovski, N.A.Rimski-Korsakov, A.K. Lyadov vә bir çox digәr bәstәkarlar qәdim xalq melodiyalarını işlәmişdir). Melodiyanın H.-sı musiqi tәdrisi müәssisәlәrin dә harmoniya kursuna daxildir.










