HÁRTMAN (Hartmann) Eduard fon (23.2. 1842, Berlin – 5.6.1906, Qroslixterfelde) – alman filosofu. A.Şopenhauerin pessimizmi vә F.B.Şellinqin son irrasionalizmini G.V.F. Hegel dialektikasının elementlәri ilә birlәşdirmәyә çalışmışdır. Əsas әsәri olan “Şüursuzluq fәlsәfәsi”ndә (“Philosophie des Unbewußten“, 1869) H. metafizik konsepsiyasını işlәyib hazırlamışdır. Bu konsepsiyaya görә, varlığın ilkin әsası özündә xalis potensiya şәklindә iradә vә tәsәvvürü (ideyanı) ehtiva edәn qeyri-şüuri, yaxud fövqәlşüuri ruhi başlanğıcdır. Yaranış qeyri-şüuri iradәnin şüurun meydana gәlmәsi ilә tamamlanan irrasional gerçәklәşmә prosesidir (panpsixizm konsepsiyasını bölüşәn H. şüurun rüşeymlәrinin artıq cansız tәbiәtdә mövcud olduğunu göstәrirdi). H. insan şüurunun inkişafını “pozitiv” xoşbәxtlik illüziyalarının – dünyәvi xoşbәxtlik illüziyalarının (maddi hәzzlәr, vardövlәt toplama vә s.), “o dünya”ya aid tәsәvvür olunan illüziyaların vә sosial-tarixi tәrәqqi nәticәsindә xoşbәxtlik әldәetmә illüziyalarının aradan qaldırılmasının dialektikası şәklindә izah edirdi. H.-a görә, şüurun inkişafı artan hәrәkәtin sonu vә dünyanın mәhvinin başlanğıcıdır. Bütün illüziyaları daddıqdan vә iztirabın varlığın özündә immanent olduğuna inandıqdan sonra iradә yenidәn әvvәlki qeyri-şüuri vәziyyәtinә doğru can atır; daha doğrusu dünya ilkin yoxluqda әriyir.










