HARVÉY, H á r v i U i l y a m, (1.4.1578, Folkston, Kent qraflığı – 3.6.1657, London) – ingilis hәkimi vә tәbiәtşünası, müasir fiziologiyanın vә embriologiyanın banilәrindәn biri. Kembric Un-tinin tibb fakültәsini (1597), 1602 ildә Paduya Un-tini (İtaliya) bitirәrәk, bu un-tin tibb doktoru diplomunu almışdır; Böyük Britaniyaya qayıdaraq Kembric Un-tinin tibb doktoru dәrәcәsinә layiq görülmüşdür (1607). 1607 ildәn Londonda hәkimlәrin kral kollegiyasının üzvü olmuşdur. 1623 ildә saray hәkimi tәyin edilmişdir. H. qan dövranının әsas qanunlarını kәşf etmişdir, eksperimental yolla sübut etmişdir ki, eyni bir heyvan bәdәnindә nisbәtәn az hәcmdә qan ürәk yığılmaları ilә yaranan tәzyiq sayәsindә qapalı yol üzrә daim hәrәkәtdә olur. Ürәyin ayrı-ayrı şöbәlәrinin vә iri damarların funksional rolunu müәyyәn etmişdir; kiçik (ağ ciyәr) vә böyük qan dövranlarını tәsvir etmişdir. H. “Heyvanlarda ürәyin vә qanın hәrәkәti haqqında anatomik tәdqiqat” (1628) kitabında qan dövranı haqqında öz mәlumatlarını imumilәşdirәrәk qanın hәrәkәti haqqında 1500 ildәn artıq (Qalenin dövründәn) hökmranlıq edәn baxışların sәhv olduğunu sübut etmişdir. Əsәr çap edildikdәn sonra müasirlәri vә kilsә tәrәfindәn sәrt hücumlara mәruz qalmışdır. H. ilk olaraq qara ciyәrin zәrәrli maddәlәrin tәsirinә qarşı baryer orqanı kimi rolunu göstәrdi. Özünün embrioloji tәdqiqatları әsasında nәinki heyvanların, hәm dә bitkilәrin öz inkişafını yumurtadan başlaması nәticәsinә gәlmişdir (“bütün canlılar yumurtadan başlayır” kәlamı ona mәxsusdur). “Heyvanların törәnmәsi haqqında tәdqiqatlar” (1651) kitabında onurğasız vә onurğalı (quşlar vә mәmәlilәr) heyvanların embrional inkişafının çoxillik öyrәnilmәsinin nәticәlәrini ümumilәşdirmişdir.











