HASİDİZM (ivritcә
– möminlik yolu) – iudaizmdә dini-mistik hәrәkat; 18 әsrin әvvәllәrindә indiki Qәrbi Ukrayna әrazisindә yaşamış yәhudilәr arasında yaranmışdı. Banisi Baal-Şem-Tov (1700–60) hesab edilir. H. sabattayçı vә Luriya kabbalası ideyalarını ehtiva etsә dә, dua vә ibadәtlәri ilә kabbaladan fәrqli, ayrı-ayrı mәktәb vә cәrәyanlara ayrılan müstәqil tәlimdir. Baal-Şem-Tovun xәlәfi Mejiriçdәn olan Dov-Berin (1704–73), Baal-Şem-Tovun nәticәsi, Braslav hasidizminin banisi Naxmanın (1772–1810) vә habadın banisi Şneur Zalmanın (1745–1812) mәktәblәri daha mәşhurdur. H. Sabbatay Zevinin (1626–76) uğursuz mәsih hәrәkatının (bax Dönmәlәr) sәbәb olduğu Şәrqi Avropa yәhudilәrinin böhranı dövründә meydana çıxmışdır. H.-in әsasında panteizm haqqında tәsәvvürlәr dayanır: bütün mövcudat Allahın mövcudluğunun formasıdır, ona görә dә, hәr bir insana potensial mömin kimi baxmaq lazımdır. Lakin yeganә real mahiyyәt xәyali maddi dünyanı canlandıran ruhani ilahi başlanğıcdır. Digәr mistik tәlimlәrdә olduğu kimi, insan varlığının mәqsәdi Allahla bir can olmaq; Allaha ürәkdәn, mәhrәmanә, sәmimi bağlı olmaq; Tövratı öyrәnmәk; bütün maddi vә gündәlik hәyat tәzahürlәrilә Allaha ibadәt etmәkdir. H.-dә yaradılanla Yaradanın tam vәhdәtә çatması dünyanın mövcudluğunun ali mәqsәdidir. 18 әsrin sonlarında H.-in geniş yayılması hasidlәr vә Şәrqi Avropada klassik ravvinçi iudaizmin tәrәfdarları olan mitnaqdimlәr (ivritcә qarşıduranlar) arasında qarşıdurmaya gәtirib çıxardı. H.-in iudaizmin әsas norma vә qanunlarını pozmadığı, yalnız onun daxilindә bir cәrәyan kimi formalaşdığı aydınlaşdırıldıqdan sonra 19 әsrin sonlarında bu parçalanma aradan qaldırıldı. H. tәlimi әvvәlcә indiki Ukraynanın bütün әrazisindә, sonralar Polşada yayılmış, 19 әsrin әvvәllәrindә indiki Belarus әrazisi vә Baltikayanı ölkәlәrә keçmişdir. 20 әsrin 1-ci yarısınadәk Rusiya imperiyasında, o zaman Avstriya-Macarıstanın tәrkibindә olan Qalisiyada, hәmçinin Rumıniyada inkişaf etmişdi. 20 әsrin әvvәllәrindә Şәrqi Avropanın bütün yәhudilәrinin tәqribәn yarısı hasidlәr idi; onların әksәriyyәti İkinci dünya müharibәsi zamanı nasistlәr tәrәfindәn mәhv edildi. Müharibәn sonra hasidlәr ABŞ vә İsrailә köçmәyә başladılar.










