HÁŞEK Yaroslav (30.4.1883, Praqa – 3.1.1923, Lipnitse) – çex yazıçısı. Müәllim ailәsindә doğulmuşdur. Praqa kommersiya mәktәbini bitirmişdir (1902). 1901–05 illәrdә Avstriya-Macarıstana, Balkanlara, İsveçrәyә vә s. yerlәrә sәyahәt etmişdir. 1904–08 illәrdә anarxistlәr hәrәkatına qoşulmuşdur. Bank işçisi (1902–03), jurnalist (1907–13) işlәmişdir. Praqa kabarelәrindә (çox vaxt siyasi xarakterli) tamaşalar, oyunlar tәşkil etmişdir. Birinci dünya müharibәsi zamanı orduya çağırılmış (1915), hәmin ilin sentyabr ayında Dubno әtrafında rus qoşunlarına könüllü әsir düşmüşdür. Rusiya әrazisindә tәşkil olunmuş Çexoslovakiya könüllülәrindәn ibarәt qoşun hissәlәrindә xidmәt etmiş, hәrbi jurnalist işlәmişdir; cәbhә qәzetlәrindә redaktor, hәmçinin bir sıra siyasi vә hәrbi vәzifәdә çalışmışdır. 1920 ilin dekabrında Çexiyaya qayıtmışdır. 1900 ildәn nәşr olunmağa başlamışdır. Birinci dünya müharibәsinә qәdәr, әsasәn komik vә sosial tәnqidi planda mindәn çox hekayә vә oçerk yazmışdır. Sosioloji tәdqiqatları parodiya edәn “Mötәdil tәrәqqi partiyasının qanun çәrçivәsindә siyasi vә sosial tarixi” pamfleti (1912) real faktlara әsaslanır: parlament seçkilәrindә (1911) guya onun namizәdliyini irәli sürәn saxta siyasi partiyanın H. tәrәfindәn tәsis edilmәsi. 1911 ildә H.-in hekayәlәrindә ilk dәfә olaraq igid әsgәr Şveykin [onun prototipi H.-in tanışı, praqalı sәnәtkar Yozef Şveykdir (1890–1965) obrazı meydana çıxır. Hәmin obraz “İgid әsgәr Şveyk әsirlikdә” (1917; tamamlanmamışdır) povestindә vә “Dünya müharibәsi zamanı igid әsgәr Şveykin sәrgüzәştlәri” (1921–23 antimilitarist, komik roman-epopeyasında göstәrilmişdir. Kollajimprovizasiya prinsipi ilә qurulmuş roman 1-ci dünya müharibәsi hadisәlәrini әks etdirir, kәlәkbazlıq romanı әdәbi sәyahәtlәr, siyası pamflet әnәnәlәrini özündә birlәşdirir. Şveyk absurd reallıqda yaşama forması kimi sadәlövhlük maskasını seçәrәk dünya әdәbiyyatında әn populyar obrazlardan biri kimi Xoca Nәsrәddin, Til Ulenşpigel, Sanço Pansa, әfsanәvi “ağıllı sәfehlәrlә” bir sırada durur. Roman tamamlanmamışdır. Şveyk obrazına K.Vanek, B.Brext vә b. müraciәt etmişlәr. Bu obraz İkinci dünya müharibәsi illәrindә xüsusi populyarlıq qazanmışdır. Y.Ladanın (1923–25) romana çәkdiyi illüstrasiyalar çox mәşhurdur. 30-dan çox ekranlaşdırılmış variantı var. Y.Trnkanın (1955) animasiya versiyası daha әhәmiyyәtlidir.

Ə s ә r i: Собр. Соч. М., т. 1-6. 1983–1985.
Əd.: П ы т л и к Р. Гашек. М., 1977; Н и к о л ь с к и й С.В. История образа Швейка. М., 1997.










