İKİLÜLƏLİ QAZIMA, ikigövdəli qazıma – bir qazıma qurğusu ilə eyni zamanda iki maili, bir-birindən aralanan quyunun qazılması. 1949 ildə E.İ.Tağıyev, M.A.Geyman və S.L.Zalkin tərəfindən təklif edilmiş və “Dağdənizneft” trestinin (Dağ. MSSR) dəniz sahəsində (1949), Bakıda (Bibiheybətdə; 1950) tətbiq edilmişdir. İ.q.-dan ancaq dayaz (2500 m-ə qədər) quyuların qazılmasında istifadə olunmuşdur. Bu üsulla bir quyuda qazıma zamanı, o biri quyu boş dayanır. Balta işlədikdən sonra bir quyuda qaldırma əməliyyatı apararkən o biri quyuya qazıma aləti buraxılır. Quyunun birinci lüləsinin qazılması üçün tal sistemi kronblok vasitəsilə rotorun mərkəzinə gətirilir. Birinci lülə konduktor buraxılacaq dərinliyədək qazılır. Konduktor quyuya buraxılır və sementləndikdən sonra seqmentin bərkiməsi müddətində ikinci lülə qazılır. Bunun üçün tal sistemi kronblok vasitəsilə ikinci rotorun mərkəzinə tuşlandırılır. Konduktorların uzunluqları fərqlənir. Lay təzyiqi yüksək olan r-nlarda bu üsulun tətbiqi qeyri-mümkündür, çünki qazılan lülələrin birində texnoloji dayanma müddətinin süni surətdə artması qəzalara və texnoloji çətinliklərə səbəb olur. Çox vaxt lülələr arasında hidrodinamik əlaqə də yaranır. 20 əsrin 70-ci illərindən bu üsul tətbiq olunmur.










