HAŞİMİLƏR (
) – Hicazda tanınmış әrәb nәsli; 20 әsrin әvvәllәrindә Yaxın Şәrqdә müsәlman hökmdarları sülalәsi. Sülalәnin genealogiyası ana xәtti ilә Haşimә, ata xәtti ilә Hәsәn әl-Müctәba vasitәsilә Mәhәmmәd peyğәmbәrә gedib çıxır. Hәsәn vә qardaşı Hüseyn ibn Əlinin nәslindәn gәlәn şәrif vә seyidlәr Hicazda böyük nüfuza sahib olmuş, fasilәlәrlә uzun müddәt Mәkkәni idarә etmişlәr. Qәrmәtilәr Mәkkәdәn çәkildikdәn sonra (10 әsrin sonu) Hәsәnin nәslinin Bәnu Musa qolundan olan Cәfәr Mәkkәyә nәzarәti әlә almışdı. 19 әsrin әvvәllәrinәdәk H.-in bir çox qolu (Bәnu Musa, Bәnu Qәtadә vә s.) bu vә ya digәr müsәlman sülalәlәrinin (Fatimilәr, Əyyubilәr, Mәmlüklәr, Osmanlılar) başçılığı altında, kiçik fasilәlәrlә “şәrif” titulu ilә Mәkkәni idarә etmişlәr. Qәtadә ibn İdris [1201–20] Mәdinәni, Taifi vә Nәcdin bir hissәsini әlә keçirәrәk hakimiyyәtini güclәndirmiş, Əyyubilәrdәn vә Abbasilәrdәn asılı olmayan idarәçilik qurmağa çalışsa da, ölümü buna imkan vermәmişdi. 19 әsrin ortalarında Mәkkә Əl-Aun qolunun nәzarәti altında keçdi. Xilafәtin Osmanlı imperiyasından alınacağına vә H.-in rәhbәrliyi altında böyük Ərәb dövlәtinin yaradılacağına ümid edәn Mәkkә şәrifi Hüseyn ibn Əli (1853/54–1931) Birinci dünya müharibәsi zamanı Britaniya ordusuna dәstәk verdi (bax Hicaz üsyanı 1916–18) vә özünü Ərәb ölkәlәrinin kralı elan etdi. Lakin Müttәfiqlәr onu yalnız Hicazın kralı kimi tanıdılar. 1924 il martın 3-dә Türkiyәdә xilafәt lәğv edildikdәn sonra Hüseyn özünü xәlifә elan etdi. Lakin hәmin ilin oktyabrında Əbdülәziz ibn Sәudun qüvvәlәri Mәkkәni әlә keçirdi. Hüseyni әvәz edәn oğlu Əli Hicazın tamamilә әlindәn çıxdığını görәrәk Kiprә qaçdı vә Hicaz Haşimi krallığına (1916–25) son qoyuldu. 1920 ilin martında Hüseynin digәr oğlu I Feysәl Suriyanın kralı elan olundu. Hәmin ilin aprelindә keçirilәn San-Remo konfransının qәrarına әsasәn Suriya vә Livan Fransanın mandatlığına verildi. İyulun 25-dә Fransa qoşunlarının müdaxilәsi ilә Suriyadakı Haşimi krallığına son qoyuldu. 1921 il avqustun 23-dә İngiltәrәnin dәstәyi ilә I Feysәl İraq kralı [1921–33] elan edildi. Onun İraq vә Suriyanı birlәşdirmәk cәhdlәri baş tutmadı. Oğlu Qazinin [1933–39] dövrü qәbilә üsyanları, hәrbi qiyamlar vә İngiltәrәyә qarşı milli müqavimәt hәrәkatları ilә müşayiәt olundu. 1958 il iyulun 14-dә sonuncu İraq kralı II Feysәl [1939–58] hәrbi qiyam nәticәsindә devrildi vә İraq Haşimi krallığına son qoyuldu. 1920 ildә fransızların Suriyaya müdaxilәsindәn sonra Hüseynin Mәkkәdә yaşayan oğlu Abdullah ibn Hüseyn Mәan ş.-nә gedәrәk qәbilә başçılarını vә yerli hakimlәri fransızlara qarşı mübarizәyә çağırdı. İngiltәrәnin dәstәyi ilә 1921 il aprelin 1-dә Abdullah Transiordaniyanın әmiri elan edildi. İkinci dünya müharibәsindә İraqdakı alman qüvvәlәri ilә döyüşdә vә daha sonra ingilis qoşunlarının Suriyaya girmәsindә xidmәtlәrinә görә Abdullah 1946 il martın 22-dә İngiltәrәnin birbaşa dәstәyi ilә müstәqil Transiordaniyanın (1950 il aprelin 23-dәn İordaniya) kralı elan edildi vә İordaniya Haşimi Krallığının әsası qoyuldu. Suiqәsd nәticәsindә hәlak olmuş Abdullahdan sonra İordaniyada hakimiyyәt irsәn oğlu Tәlal (1951–52), nәvәsi Hüseyn ibn Tәlal (1952–99) vә nәticәsi II Abdullaha (1999 ildәn) keçdi.










