HÁTÇESON (Hutcheson) Frensis (8.8.1694, Şimali İrlandiya, Drumaliq – 1746, Qlazqo, yaxud Dublin) – şotland filosofu, şotland maarifçiliyinin banilәrindәn biri, sağlam düşüncә şotland mәktәbinin sәlәfi. Qlazqo Un-tindә (1710–16) tәhsil almış, 1719 ildәn Dublindә özünün tәsis etdiyi özәl akademiyada dәrs demişdir; 1729 ildәn Qlazqoda әxlaq fәlsәfәsi üzrә prof. olmuş, Şotlandiyada ilk dәfә mühazirәlәri latın dilindә deyil, ingilis dilindә oxumuşdur; A.Smit onun şagirdlәrindәn biri idi. C.Lokkun birinci vә ikinci dәrәcәli keyfiyyәtlәr haqqında tәlimindәn çıxış edәrәk, idrak qabiliyyәtindәn vә mülahizәlәrindәn asılı olmayan, xarici duyğularla yanaşı, insana әzәldәn xas olan daxili hisslәrin – estetik, әxlaqi olanların, şәfqәtin, şәrәfin, hәyanın vә s. faydası haqqında konsepsiyanı işlәyib hazırlamışdır. “Gözәllik vә lәyaqәt ideyalarımızın mәnşәyi haqqında tәdqiqat”ında (“An inquiry into the original of our ideas of beauty and virtue”, 1725 ildә anonim nәşr olunmuşdur) gözәllik hissini muxtar daxili hiss kimi ayırmışdır (H. gözәlliyi rәngarәngliyin vәhdәti kimi başa düşürdü); traktat 18 әsrin ortalarında estetikanın ayrıca fәlsәfә fәnni kimi formalaşmasına tәkan vermişdir. T.Hobbsun vә B.Mandevilin eqoist etikasına qarşılıq olaraq, A.Şeftsberidәn әxz etdiyi әxlaq hissi ideyasını özünün “xeyirxah” әxlaq nәzәriyyәsindә inkişaf etdirmişdir: dindәn asılı olmayan vә tәbii xeyirlә bağlı olmayan muxtar әxlaq hissi insanın “xeyirxah” (yәni ümumi xeyirә yönәlmiş) hәrәkәtlәrinin instinktiv olaraq müsbәt, eqoist hәrәkәtlәrinin isә mәnfi qarşılanmasında ifadә olunur. Utilitarizmin qәbul etdiyi “daha çox insan üçün daha çox xoşbәxtlik” formulu H.-a mәxsusdur.










