HATTUSÁS, H a t t u ş a ş (köhnә oxunuşu) – indiki Boğazkale (1936 ilәdәk Boğazköy) qәs. (Türkiyә, Çorum ili) әtrafında yerlәşәn qәdim şәhәr. E.ә. 3-cü minilliyin sonlarında salınmış yaşayış mәskәni e.ә. 2-ci minilliyin әvvәllәrindә mühüm ticarәt mәrkәzi, Aşşur koloniyası, Hatt dövlәtlәrindәn birinin paytaxtı olmuşdur. Kaniş ş.-nә (e.ә. 19 әsrin sonu) qarşı müharibәdә vә Kussar hökmdarı Anittas (e.ә. 18 әsrin ortaları) tәrәfindәn dağıntılara mәruz qalmış, lakin tezliklә bәrpa edilmişdir. I Hattusilisin hakimiyyәti illәrindә H. Hett çarlığının paytaxtına çevrilmişdir. I Hantilis [e.ә. 16 әsrin әvvәllәri] H.-ın istehkamlarını möhkәmlәndirmişdir. III Tudhaliyasın (Tudhali) [e.ә. 14 әsrin birinci yarısı] dövründә H. kask tayfaları tәrәfindәn dağıdılmışdır. Saray müvәqqәti olaraq Sapinuvuya (vә ya Samuhuya) köçürülmüş, lakin şәhәr tezliklә geri alınmış vә bәrpa edilmişdir. H. II Muvatalisin [tәqr. e.ә. 1306–1282] dövründә paytaxt statusunu strateji baxımdan әlverişli sayılan Tarhun tassanın xeyrinә itirmiş, lakin Urhi-Teşşub paytaxtı yenidәn H.-a köçürmüşdür. III Hattusilisin vә IV Tudhaliyasın [e.ә. 13 әsrin sonu] hakimiyyәti illәrindә çiçәklәnmә dövrünü yaşayan H. Narınqala, Aşağı şәhәr vә Yuxarı şәhәr hissәlәrinә bölünürdü, şәhәrin sah. tәqr. 1,85 km2 idi. E.ә. 1180-ci illәrdә H. Balkan-sirkumegey regionu xalqlarının şәrqә miqrasiyası nәticәsindә dağıdılmışdır. Hett çarlığının süqutuna baxmayaraq, әhali şәhәrә qayıtmış vә Böyükkaya tәpәsinin әtrafında cәmlәşmişdir. Mәskәn (bir sıra tәdqiqatçılar tәrәfindәn Pteriya ş. ilә eynilәşdirilir) Frigiya xüsusiyyәtlәrini kәsb edәrәk e.ә. 6 әsrdә yenidәn çiçәklәnmişdir. Əhәmәnilәrin hakimiyyәti zamanı şәhәr tamamilә tәrk edilmişdir. H. әrazisindә kәndlәr e.ә. 3 әsrdәn eramızın 11 әsrinәdәk mövcud idi. 16 әsrdәn Böğazköy k. mövcuddur. H.-ın tәdqiqinә 1834 ildә fransız sәyyahı Ş.Teksye başlamışdır. Q.Vinkler vә T.Makridinin (1906–07, 1911–12), K.Bittelin (1931–39, 1952–77), P.Nevenin (1978–93), Y.Zeerin (1994–2005), A.Şaxnerin (2006 ildәn) rәhbәrliyi ilә alman ekspedisiyası qazıntılar aparmışdır. Tapıntılar arasında hett mixiyazılı arxivlәri (bax Boğazköy arxivi), qala divarlarının qalıqları (2005–08 illәrdә qismәn bәrpa edilmişdir), heykәltәraşlıq kompozisiyaları olan darvaza, saray vә mәbәdlәrin (o cümlәdәn H.-ın ildırım allahının vә Arinna ş.-nin günәş allahının Böyük mәbәdi), yaşayış, inzibati vә tәsәrrüfat tikililәrinin qalıqları var. H.-ın yaxınlığında IV Tudhaliyasın dövrünә aid Yazılıkaya mәbәdgahı yerlәşir.

Hatusas şәhәrinin qalıqları (Yuxarı şәhәr hissәsi).










