HÁUBİTSA (alm. Haubitze, çexcә houfnice, ilkin mәnası – daş atmaq üçün silah) – açıq vә örtülü yerlәrdәn hәdәflәri, habelә müdafiә qurğularını dik trayektoriyalı atәşlә mәhv etmәk üçün artilleriya silahı növü; 70°-yәdәk yüksәlәn bucaq altında atәş aça bilir. İlk H.-lar (hamarlülәli) 15 әsrdә Qәrbi Avropada meydana çıxmışdır vә haufnitsa adlanırdı. Qala vә mühasirә artilleriyasının silahlandırılmasında, 17 әsrdәn isә yüngül H.-lar sәhra döyüşlәrindә istifadә olunurdu. Birinci, xüsusilә dә İkinci dünya müharibәlәrindә geniş tәtbiq edilmişdir. Müasir H.-ların atәş mәsafәsi 24–30 km, kalibri 105–203 mm, atәşaçma sürәti dәq-dә 10 atәşdir; özü gedәn vә yedәkdә aparılan olur. H. vә topun xüsusiyyәtlәrini birlәşdirәn artilleriya silahı H.-top adlanır.

155 mm-lik M109 (Paladin) haubitca (ABŞ).










