HÁUSA – hausaların dili. H.-nın әzәli arealı Şimali Nigeriya vә Nigerin qonşu rayonlarıdır; bu dilin daşıyıcıları hәmçinin Kot-d’İvuar, Kamerun, Qana, Benin, Burkina-Faso, Toqo vә Qәrbi Afrikanın digәr ölkәlәrindә, Sudan Resp.-nda yaşayır. H.16 әsrdәn Qәrbi vә Mәrkәzi Sudanda “linqva franka” kimi yayılmağa başlamışdır; Qәrbi Afrikanın bir sıra ölkәsindә etnoslararası ünsiyyәt vasitәsidir. 1966–67 illәrdәki inzibati islahatdan әvvәl Şimali Nigeriya muxtariyyәtinin rәsmi dili olmuşdur. Nigeriyanın şm. ştatlarında (Kano, Kaduna vә s.) ayrı-ayrı hakimiyyәt orqanlarında, o cümlәdәn mәhkәmәlәrdә işlәdilir (ingilis dili ilә yanaşı). H.-da hәm ana dili kimi, hәm dә linqva franka kimi danışanların ümumi sayı 50 mln.-dan çoxdur, onların üçdә ikisi üçün doğma dildir (2015). H. Çad dillәrinә daxildir. Əsas dialektlәri (kano, katsina, sokoto, zariya, hadecia, damaqaram, qobir vә s.) bir-birinә çox yaxındır, әn çox qrammatik fәrqlәr, әsasәn, feil sistemindә vә şәxs әvәzliklәrindә, şm.-q. dialekti zonasında (Niger vә Nigeriya) müşahidә olunur. H.-nın fonetik vә qrammatik sistemlәri Qәrbi Çad dillәri üçün sәciyyәvidir; sonuncuların daxilindә o, qvandara dili ilә birlikdә xüsusi genetik birlik yaradır. İngilis müstәmlәkәçiliyindәn әvvәl H. әrәb dilinin güclü tәsirinә mәruz qalmış, sonralar ingilis dilindәn, Nigerdә isә fransız dilindәn çox sayda alınma sözlәr vә kalkalar meydana çıxmışdır. Ərәb әlifbası әsasındakı yazıdan (әcәmi; 17 әsrin әvvәlindәn) H. dilindәki әnәnәvi vә islam dini әdәbiyyatında istifadә olunur. Yazılı-әdәbi H. variantında Avropa dillәrindәn alınma sözlәr demәk olar ki, yoxdur. 19–20 әsrlәrdә Nigeriyada koynekano әsasında yaranan standart H. ilә müqayisәdә onda daha çox әrәbizmlәr var, qәrb dialekt (sokoto dialekti) normalarına uyğun gәlәn qrammatik fәrqlәr dә mövcuddur. İngilis müstәmlәkә rejimi şәraitindә vә xristian missionerlәrinin fәaliyyәti nәticәsindә latın qrafikası әsasında yazı (boko) yayılır vә müasir әdәbi-yazı norması tәşәkkül tapır.










