HAVA YASTIĞI – müxtәlif mexaniki qurğuların hәrәkәt edәn hissәlәri ilә tәrpәnmәz hissәlәri arasındakı boşluqda, yaxud uçuş aparatının vә ya nәql. vasitәsinin üzәrindә hәrәkәt etdiyi dayaq sәthinin mәhdud sahәsindә yaradılan yüksәktәzyiqli hava zonası. H.y.-nda hәrәkәt ideyasını ilk dәfә İsveç alimi E.Svedenborq (1716) tәklif etmişdir. H.y. dinamik (hava şırnağı dayaq sәthindәdir) vә ya statik (yüksәk tәzyiqli hava nәql. aparatının altında olur) üsullarla yaradılır. Nәql. qurğularında (mәs., havayastıqlı gәmi, ekrano plan), müxtәlif cihazlarda (mәs., giroskop) vә mexanizmlәrdә qarşılıqlı tәmasda olan sәthlәrin sürtünmәsini azaltmaq üçün (“hava yatağı” kimi) istifadә olunur. Hәrәkәtә müqavimәti azaltmaq üçün H.y. effekti ilә işlәyәn nәql. vasitәlәri arasında H.y. olan aparatlar xüsusi yer tutur. Torpaqda, yumşaq qruntda, suda, qarda vә s. hәrәkәt edә bilәn çoxlu sayda müxtәlif hava yastıqlı aparatlar var. Belә aparatlar dayaq sәthi ilә әlaqәli olan (avar vintlәri, sutullayıcılar, tәkәrlәr, tırtıllar, relsli xәtti elektrik mühәrriklәri) vә ya әlaqәsiz (hava vintlәri, reaktiv mühәrriklәr vә s.) hәrәkәtvericilәrlә tәchiz edilir. H.y.-nın yaradılması üsuluna görә kameralı (aparatın altında statik tәzyiq yaranır), ucluqlu (ucluqdan axan hava hesabına yaranır), ara mәsafәli vә s. sxemlәri mövcuddur. H.y. effektinin tәyyarәnin enmә qurğularında (mәs., şassilәrdә) tәtbiqi aerodromsuz aviasiyanın yaradılması üçün geniş imkanlar açır.










