HAVANIN KONDİSİYALAŞDIRILMASI (lat. condicio – şәrt, hal) – bağlı yerlәrdә, (bina daxilindә, otaqda) nәql. vasitәlәrindә vә s.-dәki hava mühitinin parametrlәrinin (havanın temp-runun, nisbi nәmliyinin, sürәtinin, tәzyiqinin vә havada toz vә zәrәrli qazların miqdarının) bәzi istehsalat proseslәri aparmaq, mәhsul saxlamaq, avadanlıq, adamların sәhhәti vә s. üçün әn әlverişli hәdlәrinin avtomatik saxlanılması. “H.k.” terminini ilk dәfә 1815 ildә fransız mühәndisi J.F.de Çabanes işlәtmişdir. O, hәmin ildә müxtәlif tәyinatlı otaqlarda temp-run tәnzimlәnmәsi vә hava mühiti şәraitinin mühafizәsi üsullarına görә Britaniya patenti almışdır. 1902 ildә U.Kerryer elektriklә H.k.-nı irәli sürmüş, toxuculuq vә kağız f-klәrindә tәtbiq etmişdir (1906). 1920-ci illәrdә ictimai binalar (mәs., kinoteatrlar) üçün komfort sistemlәr geniş yayılmağa başladı. 1930-cu illәrdә “Ceneral Elektrik” şirkәti kompressor-kondensator aqreqatı binanın xaricindә yerlәşәn (ilk split-sistem) kondisioner istehsal etmişdir. 1930 ildә “C&C Kelvinator Co” şirkәtindә (ABŞ) ilk avtomobil kondisioneri (soyutma gücü 370 Vt) yaradılmışdır. H.k. sistemlәrindәn yaşayış, ictimai, mülki, sәnaye binalarında, tәyyarә salonlarında, qatar, avtomobil vә gәmilәrdә, elmi tәdqiqat in-tlarında, arxiv, muzey, sәhiyyә ocaqları, isti şitilliklәr vә s.-dә istifadә edilir. H.k. sisteminә kondisioner, hәmçinin isitmә vә soyutma mәnbәlәri, nasoslar, istilik vә soyuqluq daşıyıcılarının hәrәkәti üçün borular, havanın paylaşdırılması üçün qurğu, yerli qızdırıcı, soyuducu vә nәmlәndirici cihazlar, avtomatik tәnzimlәmә, mәsafәdәn idarәetmә vә nәzarәt vasitәlәri daxildir. Bәzi hallarda H.k. sistemi dezodorasiya, ion tәrkibinin tәnzimlәnmәsi, artıq karbon-dioksidin kәnarlaşdırılması, havanın oksigenlә zәnginlәşdirilmәsi vә bakterioloji tәmizlәnmәsini dә hәyata keçirir. H.k. sistemlәrindә lazımi şәraitin yaradılması ilin fәsillәrindәn asılı olaraq havanın soyudulması vә isidilmәsi, nәmlәndirilmәsi vә qurudulması proseslәrinin ardıcıl uzlaşdırılması ilә yerinә yetirilir. Havanın lazımi nәmliyi su (sulama) kameraları ilә tәmin edilir. H.k. sisteminin girişindә atm. havası xüsusi süzgәclәrdә tәmizlәnir. Tәyinatına görә rahatlıq (komfort) üçün, texnoloji mәqsәdli vә komfort-texnoloji; havanın emal yerinә görә isә mәrkәzi vә yerli H.k. sistemlәrinә ayrılır. Komfort sistemlәri yaşayış, ictimai vә mülki binalarda әlverişli meteoroloji şәrait yaratmaq üçün tәtbiq edilir. Texnoloji sistemlәr sәnaye binalarında texnoloji proseslәr, avadanlığın, material vә texnikanın saxlanılması üçün istehsal tәlәblәrinә cavab verәn әlverişli istilik-nәmlik rejimi, hava şәraiti yaratmaq üçündür; adamların daim olduğu otaqlarda sanitargigiyenik tәlәblәrә cavab vermәlidir. Mәrkәzi sistemlәrdә hava xüsusi otaqlarda quraşdırılmış kondisionerlәrdә emal edilir vә havaçәkәn kәmәrlәr sistemi ilә yerlәşkәlәrә, otağa, eyni növlü iri istehsalat sexlәrinә, teatr salonlarına vә s. verilir. Yerli sistem xidmәt olunan otaqda yerlәşdirilir. İri ictimai vә sәnaye binalarında kombinә edilmiş (çoxzonalı) sistemlәr tәtbiq edilir: havanın ilkin emalı mәrkәzi H.k. sistemindә hәyata keçirilir, sonra hәmin hava yerli kondisioner-ötürücülәrdә ayrıayrı yerlәr üçün tәlәb edilәn parametrlәrә uyğunlaşdırılaraq verilir. Müstәqil (avtonom) tipli kondisionerlәrdә havanın soyudulması vә emalı kondisionerlәrin özündә aparılır. H.k. sistemlәri birbaşa axınlı, qismәn vә ya tam resirkulyasiyalı olur. Birbaşa axınlı sistemlәr, adәtәn, il әrzindә eyni hәcmdә (miqdarda) havanın verilmәsinin, zәrәrli (o cümlәdәn kәskin xoşa gәlmәz iyli), hәmçinin partlayış vә yanğın tәhlükәli maddәlәrin kәnarlaşdırılmasının tәlәb olunduğu yerlәrdә istifadә edilir. Resirkulyasiyalı sistemlәr zәrәrli maddәlәrin xaric edilmәsi deyil, sutka, il әrzindә dәyişәn istiliyin vә nәmliyin tәnzimlәnmәsi üçündür. Tam resirkulyasiyalı sistemlәr istilik vә nәmlik ayıran avadanlıqların yerlәşdiyi, adamların qısa müddәtә daxil olduğu otaqlar üçündür. İnsanların hәyat fәaliyyәti üçün lazım olan havanın parametrlәri sanitar-gigiyenik normalarla (tәlәblәrlә) tәyin edilir. Bu tәlәblәrә әsasәn temp-run 20–22°C, havanın nisbi nәmliyinin 30–60%, hәrәkәt sürәtinin 0,2 m/san-yәdәk olması әn әlverişli şәraitdir. Bu parametrlәr ilin fәsillәrindәn vә xarici temp-rdan asılı olaraq dәyişә bilәr.










