HAVAYLILAR (özlәrini ‘ōiwi Hawa’i adlandırırlar) – ABŞ-da Polineziya xalqı, Havay a-rının yerl әhalisi. Sayları 401,2min nәfәrdir (onlardan әsl H.-lar 1 min nәfәrdәn azdır), o cümlәdәn 239,7 min nәfәr Havay a-rında, 60,1 min nәfәr Kaliforniyada (2000). İngilis vә Havay kreol dillәrindә danışırlar, bir qismi Havay dilini bilir. Dindarları xristiandır. Havay a-rının mәskunlaşması eramızın 1-ci minilliyinin ortalarında Markiz a-rından gәlmәlәr tәrәfindәn başlamışdır. Sonralar arxipelaqa İcma a-rından (Taiti a. vә s.) köçkün qrupları gәlmişlәr. Avropalılarla әlaqәlәrinin başlanğıcında (1778) sayları tәqr. 300 min nәfәr idi. Mәrkәzlәri Havay, Maui, Oahu vә Kauai a-rı olan 4 icma bir-li yi 19 әsrin әvvәllәrindә I Kameamea tәrәfindәn birlәşdirilmişdi. H.-ın öyrәnilmәsindә C.Kuk, dәniz sәyyahları C.Vankuver, İ.F.Kruzenştern, O.E. Kosebu vә b.-nın böyük xidmәtlәri olmuşdur. 1820 ildәn etibarәn ABŞ-dan olan protestant missionerlәri H.-ın ali başçılarına xristianlığı qәbul etdirәrәk onların vasitәsilә qalan H. arasında xristianlığı yayırdılar. 1850-ci illәrdәn Havaydakı ananas vә şәkәr çuğunduru plantasiyalarında işlәmәk üçün Şәrqi vә Cәnub-Şәrqi Asiyadan, Madeyra a.-rından vә Azor a-rından fәhlәlәr (yaponlar, filippinlilәr, çinlilәr, koreyalılar) gәtirilirdi. Müasir H., әsasәn, şәhәrlәrdә yaşayır, qeyri-ixtisaslı әmәklә vә turistlәrә xidmәt sahәsindә mәşğul olurlar; çoxları ABŞ-ın kontinental hissәsinә mühacirәt edir. 20 әsrin son rübündә Havay ziyalıları arasında әnәnәvi mәdәniyyәtlәrini dirçәltmәk uğrunda hәrәkat başlandı: ixtisaslaşdırılmış mәktәblәrdә Havay dili vә tarixi tәdris olunur, Havay şәxs adları, rәqslәri, tәbabәti, gәmiqayırma üsulları vә naviqasiya dirçәldilir; ictimai tәşkilatlar ABŞ-dan müsadirә olunmuş torpaqların müqabilindә kompensasiya ödәmәyi, daha radikalları isә Havay a-rına istiqlaliyyәt verilmәsini tәlәb edirlәr. Ənәnәvi mәşğuliyyәtlәri kübrә vә süni suvarmadan istifadә etmәklә intensiv tropik әkinçilikdir. Əsas becәrilәn bitki tarodur, hәmçinin batat, şәkәr qamışı, banan vә s.-dir. Balıqçılıq vә xüsusi nohurlarda balıq yetişdirilmәsi yayılmışdır. Heyvandarlıq (donuz, toyuq, әtindәn istifadә üçün it yetişdirilir) ikinci dәrәcәli әhәmiyyәt kәsb edir.

Qoşa tәbil – ipu.
Yemәklәrini torpaq sobasında (imu) bişirirdilәr. Dәniz suyundan duz almaq üçün mürәkkәb üsul işlәnib hazırlanmışdır. Gәmiqayırma vә naviqasiya, tapanın istehsalı vә rәnglәnmәsi, ağac üzәrindә oyma (heykәllәr, ornamentli silah, avar vә s.), qızılı vә qırmızı quş lәlәklәrindәn kalebasların, plaşların (ahuula), dәbilqәlәrin (mahiole) istehsalı inkişaf etmişdir. Metal vә keramika olmasa da, әmәk alәtlәrinin daşdan, ağacdan, balıqqulağıdan, sümükdәn, kokos ağacının qabığından, tısbağa qınından vә s.-dәn hazırlanması texnikası inkişaf etmişdir. Peşәkar gәmiqayıranlar, ev tikәnlәr, oymaçılar, quştutanlar, rәqqaslar, musiqiçilәr vә b. mövcud idi; mübadilә inkişaf etmişdi. Böyük ailәli icmalar (ohana) sәciyyәvi idi. İki әsas endoqam sosial tәbәqәyә – әyanlara (alii) vә icmaçılara (makaainana) bölünürdülәr; әyanlara kahinlәr (kahuna) dә aid idilәr; qullar (kauva) da var idi. 18 әsrdә Havay a-rında tayfa tәşkilatı, әsasәn, dağılmış, tayfa sәrhәdlәri, demәk olar ki, hәr yerdә vilayәt bölgüsü ilә әvәz olunmuşdu. Ayrı-ayrı adaları torpağın nominal mülkiyyәtçilәri olan vә drujinalara arxalanan irsi ali başçılar (alii-ai-moku, yaxud moi) idarә edirdilәr. Başçının hakimiyyәti teokratik sәciyyә daşıyırdı. H.-ın hәyatı sәrt dini qadağalar sistemi olan tabu (kapu) ilә nizamlanırdı. İcmaçılar arasında qoşa nikah, başçılar arasında poliginiya vә poliandriya yayılmışdı. Ənәnәvi dinin әsasını allahların vә başçıların kultu, mananın sehrli qüvvәsinә inam tәşkil edirdi. Panteonda allahların (akua, aumakua) mürәkkәb iyerarxiyası mövcud idi. Yaradan allah Kane, dәnizçilik allahı Kanaloa, müharibә allahı Ku, mәhsuldarlıq allahı Lono baş allahlar hesab olunurdu. Zәngin mifologiya (dünyanın yaranması haqqında epos vә s.) mövcud idi. Dini mәrasimlәr (çox zaman insan qurbanvermәsi ilә) mәbәdlәrdә (heiau) keçirilirdi. Musiqi-poetik yaradıcılığına (mele) dini mahnılar, şәcәrәlәrin reçitasiyası, mәdhiyyәlәr, sevgi mahnıları vә ağılar daxildir; musiqi-rәqs yaradıcılığı instrumental müşayiәtlә ayini rәqslәrdәn (hula) ibarәtdir. Rәqslәri “oturaq” vә “ayaq üstü” olur. Ənәnәvi musiqi alәtlәri: tәbillәr (pahu), puniu, qoşa tә bil (ipu), daş kastanyetlәr, şax-şaxlar, burun fleytası, balıqqulağıdan kәrәnay, musiqili yay, varqandır. 20 әsrdә mәtnlәri ingilis dilindә olan sentimental mahnı üslubu vә “ukulele” gitarasında ifa olunan “Havay üslubunda” populyar musiqi yayılmışdır.
Havaylıların әnәnәvi xula kaxiko rәqsi.










