HÁYMVER, H e y m v e r (Heimwehr) – 1919–36 illәrdә Avstriyada hәrbilәşdirilmiş könüllü, әsasәn, partiyadankәnar birlәşmәlәrin ümumi adı. H. dәstәlәri Birinci dünya müharibәsindәn sonra Avstriyanın müxtәlif federal әrazilәrindә mülki özünümüdafiә mәqsәdilә әsgәr vә zabit ittifaqları әsasında yaradılmışdır. Üsulları, tәşkilati strukturu vә ideologiyası baxımından H. Almaniya fraykorunun bәnzәri idi. Əsasәn, İtaliya silahları ilә yaxşı silahlandırılmış H. dәstәlәri sosial-demokrat respublikaçı şutsbundla daim silahlı toqquşmalara girir, B.Mussolini tәrәfindәn dәstәklәnirdilәr. Birinci Avstriya respublikasında Vyanada İyul üsyanına (1927) gәtirib çıxaran daxili ziddiyyәtlәrin kәskinlәşmәsi ilә H. silahlı dәstәlәrindәn sosial-demokratlarla mübarizәdә istifadә olunmağa başlandı. Vahid rәhbәrlik vә әrazi tәşkilatları arasında әlaqә olmasa da, birlәşmәlәrin nüfuzu getdikcә artırdı. 1930 ildә H. rәhbәrliyi avstrofaşizm prinsiplәrinә әsaslanan vahid proqram qәbul etdi. Hәmin il keçirilәn seçkilәrdә H.tәmsilçilәri Milli şurada 8 yer әldә etdilәr, lakin onun rәhbәrlәri E. Ştarhemberq vә E.Feys arasındakı qarşıdurma H.-in yenidәn regional birliklәrә parçalanmasına sәbәb oldu. 1930 ildә H. nümayәndәlәrinin bir sıra rәhbәr vәzifәlәri (vitse-kansler, daxili işlәr naziri vә s.) tutması tәşkilatın rolunu xeyli artırdı. 1934 ildә baş vermiş iğtişaşlar (Fevral vә İyul qiyamları) zamanı H.dәstәlәri yardımçı polis rolunu oynayırdı. Daxili işlәr naziri Ştarhemberqin istefasından (1936) sonra H. buraxıldı, onun birlәşmәlәri Vәtәn cәbhәsinin tәrkibinә keçdi.










