HEDİN Sven Anders (19.2.1865, Stokholm – 26.11.1952, elә orada) – İsveç sәyyahı. 1893–1902 illәrdә Tibeti vә Mәrkәzi Asiyanın c.-q.-ini tәdqiq etmişdir. 1905 ildә Trapezundadan (Trabzondan) çıxaraq, Şimal-Şәrqi İrandan vә Kәşmirdәn keçәrәk 1908 ildә Brahmaputra vә Sәtlәc çaylarının mәnbәlәrinә çatmış, Transhimalay dağ sistemini kәşf etmişdir. 1923 ildә Şimali Amerika, Yaponiya, Monqolustan vә Sibirdәn keçmәklә dövr-alәm sәyahәtinә çıxmışdır. 1927–35 illәrdә Çin, Monqolustan, Qәrbi Tibet vә Şәrqi Türküstanı öyrәnmişdir. İkinci dünya müharibәsindә Almaniyanın Hitler hökumәti ilә әmәkdaşlıq etmişdir.










