HEDONİZM (yun. ήδονή – hәzz, zövq sözündәn) – hәzzalmanı mәnәvi hәyatın ali nemәti vә meyarı qismindә nәzәrdәn keçirәn etika cәrәyanı. H.-in “hәzz nemәtdir” tezisi әxlaqi davranış motivlәrinin ya bioloji (bütün canlı varlıqlar öz “tәbiәtlәri” etibarilә hәzzә can atır, әzabdan qaçırlar), ya da psixoloji (hәzz insan fәaliyyәtinin yeganә, yaxud son mәqsәdidir) cәhәtdәn şәrh edilәn insan “tәbiәti”nә müncәr edilmәsi yolu ilә әsaslandırılırdı. Davranış prinsipi kimi H. asketizmin, etik nәzәriyyә tipi kimi isә riqorizmә vә deontologizmә әksdir. Antik etikada H. ilk növbәdә Kirena mәktәbi ilә tәmsil olunurdu. Onun banisi Aristipp Böyük “xalis” H. nәzәriyyәsini işlәyib hazırlamışdı: insan öz tәbiәti etibarilә hәzz, әzab vә laqeydlikdәn ibarәt olan üç hissi vәziyyәtdәn birinә – cismani, ani vә keçici zövqalmadan asılı olan hәzzә can atır. Son dövr kirenaiklәr artıq ani hәzzi deyil, qәlbin sabit sevincini son mәqsәd vә ali nemәt adlandırırdılar. Demokrit әmәllәri bacarıq vә fitri qabiliyyәtlәrlә ölçmәyә çağıraraq, hәzz prinsipini ölçü prinsipinә tabe etdi. Bu xәtti davam etdirәn Epikür evdemonist H.-in bütöv konsepsiyasını yaratdı (bax Evdemonizm). Xoşbәxt hәyatın ali nemәti vә hәqiqi mәqsәdi artıq ani xoş duyğu prosesi deyil, әzablardan qurtulma, sağlam bәdәn vә qayğısız can kimi başa düşülәn hәzzdir. Epikür hәzzlәri tәbii vә cәfәng olmaqla tәsnif etmiş, tәbiilәrin içindәn zәruri olanları ayırmışdır (bax Epikürçülük). Epikürün davamçısı olan Lukretsi Kar onun etik tәliminә pessimist çalarlar vermişdir. Luk retsiyә görә, tәbiәtә müvafiqlik artıq hüzur vә sәrbәstlik vәziyyәtinә yetişmәyә zәmanәt vermir, çünki tәbiәt insanın niyyәt vә gözlәntilәrini amansızcasına pozaraq, ona düşmәn kәsilә bilәr. İntibah dövrü mütәfәkkirlәri antik H.-i xristian etikasının asketizminә qarşı qoyurdular. L.Valla hәzzә canatmanı (voluptas) insanın tәbii xassәsi sayırdı, çünki insanın xoşbәxtliyi özünü tәbiәtin bir hissәsi kimi hiss etmәsindә vә onun nemәtlәrindәn hәzz almasındadır (panteist H.). M.Monten hәqiqi vә firavan hәyat anlamı mәsәlәsindә Epikürün tәrәfini tuturdu. F. de Laroşfuko eqoist H.-in dәrin psixoloji tәhlilini vermişdir. Lakin H. yalnız 18 әsr fransız materialistlәrindә “әsl fәlsәfә”yә (K.Marks) çevrilmiş, eqoist H.-dәn (J.O. de Lamerti) sosial H.-ә (K.A.Helvetsi) qәdәr inkişaf yolu keçmişdir. C.Lokk sağlamlığı, mәşhurluğu, biliyi, xeyriyyәçiliyi, o dünyada әbәdi xoşbәxtlik gözlәntilәrini әn sabit (demәli, mәnәvi cәhәtdәn әn dәyәrli) hәzzlәr sayaraq, H.-i qnoseoloji cәhәtdәn әsaslandırmışdır. H. prinsipi daha dolğun ifadәsini utilitarizm etikasında tapmışdır. İ.Bentama görә, lәyaqәt mövcud hәzzlәrin xeyrini ölçmә vә onları seçmә mәharәti, lәyaqәtsizlik isә mәnәvi hesab sәhvidir. C.S.Mill Bentamın “xalis utilitarizm” nәzәriyyәsinә güzәştli “düzәlişlәr” etmişdir: hәzzlә yanaşı, Mill digәr mәnәvi nemәtlәri dә tanıyır, Ben tamın “әxlaqi riyaziyyat”ını isә “әxlaqi estetika” ilә әvәzlәyir vә burada üstünlüyü hәzzlәrin kәmiyyәtinә deyil, keyfiyyәtinә verirdi. 20 әsrdә C.Santayana, M.Şlik, D.Dreyk vә b. H. prinsiplәrini bölüşürdülәr.










